"Türkmənqaz"ın əməkdaşlarına əmək haqqı verilmir – “Pul yoxdur!” deyirlər

Plastik kartlara köçürülən pulları da çıxara bilmirlər

Türkmənistanın Marıysk vilayətində "Türkmənqaz" Dövlət Konserninin işçiləri əmək haqqının kecikdirilməsindən şikayətlənirlər.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Orta Asiya Xəbər Xidməti yayıb.

Mənbə bildirir ki, bununla yanaşı, digər dövlət müəssisələrinin işçiləri də öz maaşlarını nağdlaşdırmaqda çətinliklərlə üzləşirlər.

"Türkmənqaz"ın işçilərinin əksəriyyəti maaşlarını ala bilmirlər. Onlar adətən hər ayın 20-nə qədər maaş alırdılar. İşçilər demək olar ki, hər gün mühasibatın qapılarını döyürlər. Lakin mühasib cavab verir ki, hələlik xəbər yoxdur, əmək haqqının nə vaxt olacağı məlum deyil", - deyə müəssisədən bildiriblər.

Müəssisənin əməkdaşlarına əmək haqqının hesablanmasının ləngiməsi ilə yanaşı, digər təşkilatların müəssisələrinin işçiləri plastik kartlara köçürülən pulları çıxara bilmirlər.

Əksər bankomatlarda pul yoxdur, pul olan zaman isə aparatların qarşısında böyük növbələr yaranır.

"Bankomatlarda pul tez qurtarır. Bundan əlavə, şəhərdə bankomatların əksəriyyəti işləmir. İnsanlar səhər tezdən maaşlarını nağdlaşdırmaq üçün bankomatların qarşısında növbə tuturlar".

Yerli müxbirin dediyinə görə, bu günlərdə havanın temperaturu 46 dərəcəyə çatdığından növbələrdə olan insanlar arasında halı pisləşənlər, huşunu itirənlər çox olub.

"Dünən 50 yaşlı bir qadın bankomatın qarşısında növbədə dayanan zaman huşunu itirib. İnsanlar tez onun üzünə su töküblər və o, özünə gəlib. Sonra ona təcili yardım çağırmağı təklif ediblər. Amma qadın daha yaxşı olduğunu söyləyərək imtina edib. O, evə pul aparmaq üçün erkən çıxdığını və hətta səhər yeməyini belə yemədiyini söyləyib. İnsanlar bu qadının növbə tutmadan pul çıxartmasına kömək edib", - deyə müxbir bildirib.

Müxbir daha ətraflı məlumata malik olduğunu, lakin təhlükəsizliyi baxımından yayılmasını istəmədiyini vurğulayıb.

"Türkmənqaz" Dövlət konserni Türkmənistan Mərkəzi Bankının Marıysk vilayətindəki filiallarında əmək haqlarının gecikməsi ilə bağlı hər hansı rəsmi məlumat verməyib.

"Türkmənistan", "Türkmənbaşı", "Dayhanbank" və "Halkbank" banklarından da bankomatlarda pulun olmamasının səbəbləri barədə şərh almaq mümkün olmayıb.

Babək Göyüş

AzNews.az