Yaponiyanın yeni İmperatoru taxta çıxdı - VİDEO

Mərasimdə 2 min dəvət olunmuş şəxs iştirak edib

Yaponiyanın İmperatoru Naruhito rəsmi olaraq taxta çıxdı.

AzNews.az bildirir ki, bu barədə o, NHK telekanalı tərəfindən canlı yayımlanan mərasim zamanı bildirib.

“Mən Konstitusiya və İmperator evi haqqında qanuna müvafiq olaraq taxta çıxdım. Taxta çıxma mərasimini keçirməklə, biz bunu ölkəyə və bütün dünyaya elan edirik”, - deyə o bildirib.

Taxta çıxma mərasimi Tokioda İmperator sarayında baş tutub. Prosesdə kral ailəsinin 11 üzvü, Baş nazir və 2 min dəvət olunmuş digər şəxs iştirak edib.

Xatırladaq ki, cari ilin 30 aprel tarixində Yaponiyanın 85 yaşlı İmperatoru Akihito taxtdan 59 yaşlı oğlunun xeyrinə imtina edib. Yaponiyanın indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib. İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissəsinin oktyabrın 22-də keçirilməsi qərara alınmışdı.

Qeyd edək ki, Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətimiz Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak edib.

AzNews.az