BMT atəşkəs üçün bütün tərəflərlə görüşlərini davam etdirir BMT atəşkəs üçün bütün tərəflərlə görüşlərini davam etdirir

BMT İsrail və Fələstinə çağırış etdi

BMT atəşkəs üçün bütün tərəflərlə görüşlərini davam etdirir

BMT İsrail və Fələstini “mənasız qan tökülməsi, terror və dağıntıya” son verməyə və iki dövləti münaqişənin həlli üçün müzakirələrə qayıtmağa çağırıb.

AzNews.az xəbər verir ki, bu fikirləri bu gün BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail arasında getdikcə gərginləşən vəziyyəti müzakirə etmək üçün keçirilən üçüncü iclasında çıxış edən BMT-nin baş katibi Antonio Quterreş səsləndirib.

“Qəzza və İsraildəki ölüm və dağıntı birgəyaşayış və sülh ümidini söndürür. Qarşıdurmalara təcili son qoyulmalıdır. Bir tərəfdə raket və minaatanlar, digər tərəfdə hava hücumu və top bombardmanları dərhal dayandırılmalıdır”, - baş katib qeyd edib.

O bildirib ki, BMT atəşkəs üçün bütün tərəflərlə görüşlərini davam etdirir:

“Qəzzada qadın və uşaqların da aralarında olduğu fələstinli mülki şəxslərin ölümləri qorxuncdur. Qəzzadan atılan raketlər səbəbindən israillilərin həyatını itirməsi bizi olduqca kədərləndirir”.

Quterreş xatırladıb ki, bütün liderlər təhrikedici ritorikanı dayandırmalı və artan gərginliyi sakitləşdirməlidirlər:

“Qarşıdurmalar təkcə israilli və fələstinliləri deyil, bölgəni də dağıdıcı nəticələri olan bir spiralvari şiddətə sürükləyir. Bu, bütün bölgə üçün yeni bir təhlükə yarada bilər”.

Baş katib xəbərdarlıq edib ki, qarşıdurmanın davam etməsi təhlükəsizlik və insani böhran ortaya çıxa bilər.