“Peyvənd olunmamış 40 yaşdan yuxarı xəstələr arasında ölüm sayı yüksəkdir” - Britaniyalı mütəxəssis

“Bütün insanlara peyvənd vurulsa, daha az ölüm hallarının olacağını düşünürük”

Britaniyalı həkimlər son zamanlarda 40 yaşdan yuxarı peyvənd olunmamış xəstələr arasında koronavirusdan ölüm hallarının çoxaldığını bildiriblər.

Aznews.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu günə qədər Britaniyada əhalinin təqribən 70 %-inə koronavirusa qarşı peyvənd vurulub.

Həkimlərin sözlərinə görə, buna baxmayaraq ölüm nisbəti yüksək olaraq qalır: “Xəstəlik ən çox 40 yaşdan yuxarı peyvənd olunmayan insanlar arasında müşahidə edilir. Bundan əlavə, insanların təxminən 5 %-inin orqanizmi peyvəndə reaksiya vermir, 5 %-ində isə immunitetin kifayət qədər güclü olmadığı ortaya çıxıb”.

Gigiyena və Tropik Tibb Məktəbinin Yoluxucu xəstəliklərin riyazi modelləşdirilməsi Mərkəzinin professoru Con Edmunds qeyd edib ki, nə qədər peyvəndləmə aparılsa da, onların arasında ölüm nisbəti yüksəkdir: “Bütün insanlara peyvənd vurulsa, daha az ölüm hallarının olacağını düşünürük”.