Xarkova hücumlar nəticəsində ölən və yaralananların sayı açıqlanıb

Ukraynanın Xarkov vilayət polisinin şöbə rəisi Oleksandr Kobılev Rusiyanın son günlər hücuma məruz qoyduğu bölgədə itkilərin sayını açıqlayıb.

O, “Report"un Şərqi Avropa bürosuna bildirib ki, indiyə qədər Rusiya Xarkova min dəfə hava zərbəsi endirib: "Vilayətin ərazisində, şəhərdə və onun ətrafındakı yaşayış məntəqələrində, Ukraynanın dövlət sərhədi xəttində yerləşən yaşayış məntəqələrində PUA-lardan və raketlərdən istifadə edilməklə zərbələr endirilib. Xarkova hücumlar nəticəsində ilin əvvəlindən indiyə kimi 405 dinc sakin yaralanıb, 11 uşaq olmaqla 100-dən çox insan həlak olub”.

Qeyd edib ki, son zamanlar Xarkov şəhərinə hücumlar intensivləşib. “Raketlər ilə infrastruktur obyektlərinə, enerji sisteminə hücumlar edilir. Son bir həftə ərzində kritik ərazilərə hücumlar həyata keçirilir. Bunun nəticəsində şəhərdə elektrik enerjisi böhranı yaranıb. Rusiya S-300-dən istifadə edir”, - polis rəsmisi vurğulayıb.

O bildirib ki, bu raketlər, şübhəsiz ki, Xarkovda enerji stansiyalarına yönəlib: "Əhali telekommunikasiyadan, su təchizatı və rabitədən məhrum olur. Energetiklərimiz fasiləsiz olaraq zədələnmiş infrastrukturu bərpa etmək üçün çalışır, var gücləri ilə enerji təchizatını bərpa etməyə və insanlara çatdırmağa çalışırlar. Böyük kütləvi atəşlər nəticəsində enerji sistemləri məhv olub".