Tramp Xarg adasını vuracaq?

ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazından neft axınını dayandırmağa cəhd edəcəyi təqdirdə Vaşinqtonun indiyə qədərkindən “20 dəfə daha sərt” cavab verəcəyini bildirib.

Tramp qeyd edib ki, İran belə addım atarsa, ABŞ “asanlıqla məhv edilə biləcək hədəfləri” vuracaq və bunun nəticəsində ölkənin yenidən qurulması demək olar ki, mümkünsüz olacaq. Analitiklər hesab edir ki, Tramp bu sözləri ilə İranın əsas neft ixrac mərkəzi sayılan Xarg adasını nəzərdə tutmuş ola bilər.

ABŞ prezidenti vurğulayıb ki, məqsəd dünya bazarına enerji və neft axınının davam etməsini təmin etməkdir:

“Dünyaya enerji və neft axınının davam etməsinə fokuslanırıq və terrorçu bir rejimin dünyanı girov götürməsinə, qlobal neft təchizatını dayandırmağa çalışmasına icazə verməyəcəyəm. İran belə bir addım atarsa, çox daha sərt cavabla qarşılaşacaq.”

İran iqtisadiyyatının ən kritik nöqtəsi

İranın Buşəhr şəhərindən təxminən 55 kilometr məsafədə yerləşən Xarg adası ölkənin ən strateji məntəqələrindən biri hesab olunur. Ada 1960-cı illərdən bəri İranın əsas xam neft ixrac terminalıdır.

İran sahillərinin dayaz olması səbəbindən ölkənin ixrac etdiyi neftin təxminən 90 faizi məhz bu adadan tankerlərə yüklənir. Bu səbəbdən Xarg adasına zərbə endirilməsi İran iqtisadiyyatına geri dönməz zərbə kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, ABŞ və İsrail indiyə qədər bu adaya hücum etməyib. Bunun səbəbi isə İran rejimindən sonra hakimiyyətə gələ biləcək mümkün yeni idarəetməni ağır iqtisadi vəziyyətdə qoymamaq istəyidir.

Bununla belə, İran rejiminin müqaviməti davam edərsə, ABŞ-ın adanı vurmaq və ya işğal etmək ehtimalının gündəmə gələ biləcəyi qeyd olunur.

“10 mina döşəyən gəmini məhv etdik”

Tramp həmçinin bildirib ki, İranın Hörmüz boğazına mina yerləşdirdiyi iddialarından sonra ABŞ qüvvələri son saatlarda mina döşəyən 10 qayığı və ya gəmini məhv edib.

O əlavə edib ki, əgər İran boğaza yerləşdirilən minaları dərhal götürməsə, Tehran hərbi baxımdan “indiyə qədər görünməmiş nəticələrlə ” üzləşəcək.

Mövsüm,

AzNews.az