Politoloq: "Azərbaycan və Türkiyə birliyini gözü götürməyənlər üçün sazişlər dərs olacaq” Politoloq: "Azərbaycan və Türkiyə birliyini gözü götürməyənlər üçün sazişlər dərs olacaq”

“İki gün ərzində çox vacib sazişlərin imzalanması gözlənilir”

Politoloq: "Azərbaycan və Türkiyə birliyini gözü götürməyənlər üçün sazişlər dərs olacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin Şuşa şəhərinə rəsmi səfəri başlayıb.

R. T. Ərdoğan Azərbaycan səfəri ilə bağlı türkiyəli jurnalistlərə açıqlamasında İlham Əliyevlə Şuşada irimiqyaslı müqavilə imzalayacaqlarını bildirib.

Türkiyə prezidentinin Şuşa səfəri ilə bağlı politoloq Zaur Məmmədov AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, Ərdoğanın NATO Liderlər Zirvəsində iştirakından sonra birbaşa Qarabağa səfər etməsi Prezident İlham Əliyevlə görüşə diqqətin daha da artırılmasına səbəb oldu:

"Bu gün Azərbaycan dövlət başçısı Qarabağda ilk dəfə bir dünya liderini qəbul etdi. Bu liderin məhz Ərdoğan olması heç də təsadüf deyil.

Bu Türkiyənin müharibə və post-müharibə dövründə Azərbaycan xalqının yanında olmasının, Azərbaycanı dəstəkləməsinin nəticəsidir.

İki gün ərzində həm Füzuli, həm Şuşa, həm də Bakıda qarşılıqlı olaraq Azərbaycan və Türkiyə arasında çox vacib sazişlərin imzalanması gözlənilir. Bu sazişlər Azərbaycan və Türkiyə arasında yeni səhifə açılmasına gətirib çıxaracaq.

Ankara və Bakı müttəfiqliyini, Azərbaycan və Türkiyə birliyini gözü götürməyənlər üçün sazişlər dərs olacaq.

Bu sazişlərlə biz bir-birmizə daha da sıx şəkildə bağlanacağıq”.

Zaur Məmmədov Türkiyənin gücünün artmasının Azərbaycanın maraqlarının reallaşmasını sürətləndirdiyini də vurğulayıb:

“Türkiyə əsas NATO dövlətlərindən biridir. Brüsseldə keçirilən sammit onu göstərdi ki, ABŞ, Böyük Britaniya Türkiyənin həm Yaxın Şərqdə, həm Afrikada, həm də Mərkəzi Asiya istiqamətindəki fəallığını dəstəkləyəcək. Türkiyə NATO-da bir növ Fransanın yerini tutmaqla təşkilatda necə vacib ölkə olduğunu göstərir.

Brüssel sammiti çərçivəsində Ərdoğana Britaniya, Almaniya, Fransa və ABŞ-dan olan çox böyük diqqət onların Türkiyə ilə hesablaşmalı olduqlarını göstərir. Hətta bunu qəbul etmək istəməyənlərə belə.

Təbii ki, Türkiyənin bu gücü Azərbaycanın da maraqlarının reallaşmasını sürətləndirir”.

Politoloq sonda rəsmi Bakının qurmuş olduğu rasional xarici siyasətdən bəhs edərək qeyd edib ki, biz artıq bölgənin yeni proseslərində mərkəz rolunu oynayırıq.

"Qarabağın yenidən qurulması ilə məşğuluq. Nəticədə biz artıq Qarabağda Türkiyə liderini qəbul edirik. Sözsüz ki, bu görüşün dividendlərini yaxın aylarda görəcəyik”, - deyə Z. Məmmədov əlavə edib.

Şəbnəm Zahir

AzNews.az