"Paşinyanın Rəisiyə də zəng etməsi Kremldən umduğu dəstəyi ala bilmədiyini göstərir"

"Cənab İlham Əliyevlə sayın Ərdoğanın oradakı görüşlərindən paylaşılan şəkil fikrimcə, təkcə müttəfiqliyin yox, həm öz güclərinə və haqlılıqlarına əminliyin rəsmi idi"

"Nikol Paşinyanın Vladimir Putindən sonra İran Prezidenti Rəisiyə də zəng etməyə ehtiyac duyması fikrimcə, onu göstərir ki, son günlər Qarabağ və Şərqi Zəngəzurda baş verənlərlə bağlı o, Kremldən umduğu dəstəyi ala bilməyib".

AzNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev bildirib

"Ala bilmədiyindən də özlərinə daha yaxın sandıqları İranın rəhbərliyinə şikayətlənib. Telefon danışığı zamanı Rəisinin dedikləri neçə aydır ki, rəsmi Tehranın bildirdiyinin təkrarıdır. Yenilik təkcə budur ki, "Qafqazın siyasi coğrafiyasına edilən hər hansı bir dəyişikliklə barışmayacaq İran" sən demə özü də belə bir dəyişiklik etmək niyyətində deyil.
Xatırladaq ki, Qafqazın siyasi coğrafiyasında de-fakto dəyişiklik baş verəndə, Azərbaycan torpaqlarının 20%-ə yaxını işğal altında olanda molla rejimi işğalçı Ermənistana nəinki etiraz bildirir, hətta ona və separatçı ünsürlərə hərtərəfli yardım edirdi. İranın özünün Qafqazın siyasi coğrafiyasına dəyişiklik etmək niyyətində olamamasına gəldikdə isə orada "kərimə"ləyənlərin nə istədiklərindən də, hara bağlılıqlarından da, kimdən tapşırıq aldıqlarından da yaxşı xəbərdarıq.
Azərbaycanın "Qafqazın siyasi coğrafiyası"na yanaşmasına gəldikdə dövlət başçımız dəfələrlə bildirib ki, bizim heç kəsin torpağında gözümüz yoxdur və öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin etmək yolunda da kimsə qarşımızda dura bilməz", - deyə S. Alıyev əlavə edib.


Millət vəkilinin sözlərinə görə, İran rəsmiləri Qafqazın siyasi coğrafiyasının dəyişməsinə dözməyəcəklərini deyərkən ilk növbədə Qərbi Zəngəzurun gələcəyini nəzərdə tuturlar: "Amma oradakı din “təəssübkeş”ləri, imamların adı gələndə özəlliklə də kamera qarşısnda gözlərindən leysan tökənlər nədənsə unudurlar ki, Xamneyinin sayın Ərdoğanla görüşdə haylarla “min illik əlaqə yolu” kimi təqdim etdiyi həmən torpaqlarda ta ötən əsrin 90-cı ilinə kimi məhərrəmlikdə ya Allah, ya Məhəmməd, ya Əli, ya Hüseyn səsləri gəlir, mərsiyə deyilirdi. İndi ancaq kilsə zənglərini, bir də “Astvats xristos” sədalarını eşitmək olur. Məhərrəmikdə mərsiyə yerinə “ktsorot” və “şarakan” oxunur. Rusiyanın Federal Sərhəd Xidmətinin son açıqlmasında isə bildirilir ki, o “min illik əlaqə yolu”yla İrandan Ermənistana narkotik daşınır. Yəni Qərbi Zəngəzur Azərbaycanın işğal altındakı torpaqlarının bir zamanlar oynadığı rolu oynamağa başlayır, narkotik qaçaqmalçılığının əsas marşrutuna çevrilir. Görünür, bəziləri üçün oranın strateji önəmi həm də bundadır. Fəqət həmin işğal altındakı torpaqlarımız necə geri qaytarıldısa, kimin nə deməsindən asılı olmayaraq, mən əminəm ki, azərbaycanlılar da bir gün Qərbi Zəngəzur qarışıq didərgin düşdükləri bütün yurd yerlərinə o cür qayıdacaqlar".


S. Alıyev sonda qeyd edib ki, Ermənistan baş naziri İran Prezidenti Rəisi ilə telefonla danışdığı gün Azərbaycanın lideri Türkiyədə səfərdə idi. Cənab İlham Əliyevlə sayın Ərdoğanın oradakı görüşlərindən paylaşılan şəkil fikrimcə, təkcə müttəfiqliyin yox, həm öz güclərinə və haqlılıqlarına əminliyin rəsmi idi. Mən də bu yazının altından böyük məmnunluqla məhz həmən şəkilləri paylaşıram.

999