Politoloq: "Məqsəd Rusiyanı daha da dərindən batırmaqdır"

"Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərarlardan bəllidir ki, bu qərarlar Qərb mətbəxində ermənilərlə bərabər biş-düş edilib. Bu gün açıq-aşkar anti-Rusiya ritorikasını canlı və aktiv saxlayan Ermənistan Qərbin balağının altında gizlənir. Digər Avropa institutlarını da Avropa Parlamentindən nümunə götürərək "ədalət" nümayiş etdirməyə səsləyən Ararat Mirzoyan bu ədalət meyarına çox da ümid edilməməli olduğunu yaxşı dərk etməlidir".

Bunu AzNews.az-a Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində keçirilən müzakirədə çıxışı ilə bağlı danışarkən politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, suverenlik və üzərinə götürmüş öhdəlikdən yayınmaq məsələsində danışacaq ən son ölkə yəqin ki, Ermənistandır.

"Elə məhz Qərbin patronajlığı altında keçən görüş idi ki, orada Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını bir daha qəbul etdi. Ermənistanın bundan sonra nala-mıxa vurmasının səbəbi həm də Qərb oldu. Çünki Laçın yolunda baş verən hadisələri də humanitar fəlakət adı altında sırımağa çalışan Qərb heç bir siyasi və iqtisadi dividend qazana bilmədiyindən Ermənistanı daha da qızışdırıb oyuncaq kimi oynadır", - deyə politoloq əlavə edib.

Ş. Həsənova qeyd edib ki, Ermənistan sülh prosesini sabotaj edir, mövcud vəziyyətin manipulyasiyası və beynəlxalq ictimaiyyəti yanıltmaqla məşğuldur: "Azərbaycan dəfələrlə delimitasiya və demarkasiya ilə bağlı komissiyanın toplanılmalı olduğunu, sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirib, Ermənistana bu istiqamətdə dəfələrlə çağırış edib. Biz nəticəyə gəlmək üçün bütün regional və beynəlxalq platformaları sınayırıq. Ermənistan isə hərəsinə bir mız qoyur. Bunun əvəzinə forpost kimi istifadə olunur".

Ararat Mirzoyanın "Laçın dəhlizinin blokadasını aradan qaldırmağın iki nəzəri variantı var: hərbi və ya diplomatik. Ermənistan ikinci varianta sadiqdir, lakin bu, yalnız beynəlxalq birliyin qəti müdaxiləsi, Azərbaycana güclü təzyiqlər və bu istiqamətdə hiss olunan hərəkətlər olduqda mümkündür. İndi hərəkət etmək vaxtıdır. Azərbaycan öz əməllərinə görə cavab verməlidir. Azərbaycana izah edilməlidir ki, beynəlxalq qaydalar var ki, hamı onlara əməl etməlidir" fikirləri ilə bağlı danışarkən politoloq Ermənistanın hərbi variant məsələsini gündəmə gətirməsinin, silahlı müstəviyə keçirmək cəhdinin həm də Rusiyaya meydan oxumaq olduğunu vurğulayıb: "Rusiyanı indi də bu bölgədə sıxışdırıb zəiflətmək istəyirlər. Yəni, məqsəd nə Ermənistanın arxasında dayanmaqdır, nə də onu bataqlıqdan çıxartmaqdır. Məqsəd Rusiyanı daha da dərindən batırmaqdır".

Siyasi şərhçi sonda deyib ki, Azərbaycan tarix boyu heç bir qonşu ölkəyə qarşı ərazi iddiası ilə çıxış etməyib. Məhz Azərbaycanın torpaqlarına qarşı bölücülük siyasəti aparılıb, azərbaycanlılar deportasiyaya məruz qalıb, doğma yurd-yuvalarından didərgin salınıblar: "Bunun əksinə olaraq biz bölgədə qalan erməniləri öz vətəndaşlarımız sayırıq. Ermənistan anlamalıdır ki, revanşist ideyalarının sonu yoxdur. Bu baxımdan da silahlandırılaraq verilən yalançı vədlərə ümid etməli deyil. Ermənistan kommunikasiyaları açmağa razı olsa idi İranla gizli sövdələşmələrə, danışıqlara getməzdi. Dağlıq Qarabağ yoxdur artıq, Qarabağ isə Azərbaycanın tərkin hissəsi olduğundan təbii olaraq da bununla bağlı istənilən qərar bizim daxili işimizdir".

Rəşid Qarayev