- Müşahidə məntəqəsi
- 16 Fevral 2023 14:15
- 10 032
Rusiya vətəndaşlığından çıxarılan Vardanyan Moskvaya hansı pasportla gedib?- Turab Rzayev şərh edir

AzNews.az analitik-informasiya portalının suallarını politoloq Turab Rzayev cavablandırır:
- Cənab Rzayev, İqor Xovayevin İrəvana və Bakıya səfəri nəyə hesablanmışdı?
- Bu səfərin rəsmi məqsədinı Rusiyada fərqli qaynaqlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması olduğunu göstərirlər. Amma əsl məqsəd sırf sülh müqaviləsinin imzalanmasıdırmı, yoxsa ona gedən yolda tərəfləri razılaşdırmaqdırmı? Tam olaraq bunlar bəlli deyil. Rusiya tərəfi şərtləri ictimaiyyətdən gizli saxlayır. Amma bundan əvvəlki təkliflərə Azərbaycan tərəfinin sərt şəkildə "yox" dediyi ortadadır. Gətirilən təklifə rəsmi Bakının reaksiyası nə olacaq, bu şərtlərdən asılıdır. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsində maraqlıdı, amma bu sülh müqaviləsi Qarabağ məsələsini açıq buraxan bir layihədir. Belə ki, Rusiyanın Qarabağdakı hərbi mövcudiyyəti davamlı olur. Rusiya belə bir sülh müqaviləsi istəyir. Əlbəttə, Azərbaycan tərəfi üçün bu məqbul deyil.
- Xovayevin gəlişindən sonra Azərbaycan Prezidenti ilə Vladimir Putin arasında telefon danışığı olub. Xovayevin səfəri kontekstində bu telefon görüşməsini necə şərh etmək mümkündür?
- Rusiyada istənilən məsələ, sadəcə, Putinin şəxsində həll olunur. Bundan əvvəldə biz görmüşük ki, bu cür məsələlərdə hətta Medvedev prezident olduğu dövrdə belə siyasi məsələləri həmişə Putinə yönəldirdi, digər ölkə başçıları Putinlə görüşürdü. Ona görə də burada Xovayev sırf elçi missiyası daşısa da, əlində qovluqla gəlsə də, əsas məsələləri Prezident İlham Əliyev və Prezident Vladimir Putin həll edəcək. Məhz ona görə də Vardanyan məsələsi gündəmə gələndə bununla bağlı Paşinyanla danışmadı, Qarabağdakı separatçı rejim qalıqları ilə danışmadı, birbaşa Lavrovdan və Putindən soruşdu. Ancaq Putin "bilmirəm" dedi və bundan sonra Vardanyanın Qarabağdan çıxarılması məsələsi gündəmə gəldi.
- Bakı Rusiyanın Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasındakı rolundan nə qədər razıdır?
- Bura da əsas məsələ ondan ibarət deyil ki, vasitəçi kimdir? Bizim üçün Brüsselin də, Rusiyanın da, Türkiyənin də, hətta Gürcüstanın vasitəçiliyinə biz etiraz eləmirik. Əsas odur ki, şərtlər bizi qane eləsin. Bu şərtlər bizim üçün Azərbaycanın qırmızı xətləridir və Azərbaycanın ərazi bütövlüyüdür. Bir də Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasıdır. Əgər bunu hər hansı tərəf qəbul edirsə, bizim üçün onun vasitəçiliyi məqbuldur. Üstəlik Azərbaycan burada muxtariyyət məsələsini qətiyyən qəbul etmir. Əgər Rusiyanın təklifləri bizim maraqlarımıza uyğundursa, hansı şəkildə uyğunlaşdırmaq mümkündürsə o zaman biz onu qəbul edəcəyik. Amma indiyə qədər Rusiyanın etdiyi təkliflərdə Azərbaycanı razı salan məqamlar olmayıb və dediyim kimi, bundan əvvəlki təklifi qəti şəkildə rədd edib.
- 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanata görə Rusiya əsas tərəflərdən biridir və üzərində ciddi məsuliyyət var. Amma bu günə qədər nə Ermənistan öz öz işğalçı qoşunlarının qalıqlarını Xankəndi və ətrafında çıxarıb, nə Zəngəzur koridoru açılıb, nə sərhədlərin demarkasiya və delimitasiyası baş verib, nə də sülh sazişi imzalanıb. Bütün bunlara görə Rusiya öz öhdəliklərini icra etməmiş kimi görünür.
- Rusiya öz üzərinə düşən heç bir öhdəliyə demək olar ki, əməl etməyib. Əsas öhdəlik nədir? Burada heç bir erməni silahlı birləşməsi olmamalı idi. Cəmi 18 rus postu olmalı idi. Biz isə əvəsində nə gördük? Gördük ki, 24 rus postu var. Bu o deməkdir ki, Rusiya ilə razılaşdırılan saydan artıq postlar qurulub. Eyni zamanda 80-ə yaxın da irili-xırdalı erməni postu var. Burada erməni silahlı qüvvələri xidmət edir. İstər etnik separatçıların özü olsun, istər Ermənistandan gələn qüvvələr olsun, istər muzdlu əsgərlər olsun. Bəyannamənin əksinə olaraq Ermənistan onları çıxartmır. Rusiya bu öhdəliyi götürüb. Çox qəribədir ki, bununla bağlı ən son iyun ayında bizə söz vermişdilər. Daha əvvəllər də söz vermişdilər, amma sonuncu dəfə çox yüksək rütbəli Rusiya rəsmisi Prezident İlham Əliyevlə görüşəndə söz vermişdi. Amma yenə də yerinə yetirmirlər. İkinci bir öhdəlik Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu da yerinə yetirilmir. Eyni zamanda bütün qaçqınlar və mücbur köçkünlərin qaytarılması ilə bağlı bənd var, bu da yerinə yetirilmir. Çünki o bənd üzrə biz deyək ki, Xocalı, Xocavənd, Ağdərə rayonlarına, Xankəndiyə və s. biz azərbaycanlıların qaytarılmasına başlamalı idik. Azərbaycanlıların geri qaytarılması istənilən halda tibb müəssisələrinin, məktəblərin, onları qorumaq üçün polisin infrostrukturun qayıtması demək olardı. Yəni bölgənin yavaş-yavaş Azərbaycanın nəzarətinə keçməsi üçün çox müsbət addım olardı. Biz bunu da görmürük. Bundan başqa Qazaxın yeddi kəndinin və Naxçıvanın bir kəndinin qaytarılması üzrə işlərdə də biz inkişaf görmürük. Əksinə, sülhməramlılar tamamilə fərqli, öz öhdəliklərinə aid olmayan fəaliyyətlə məşğuldurlar.
- Rusiya sülhməramlı qüvvələri də Xankəndi və ətrafında öz məsuliyyət zonalarında faktiki olaraq ikibaşlı rol oynayırlar. Ağdərədəki faydalı qazıntı yataqlarına da Azərbaycanın monitorinq qrupu hələ də daxil olmayıb.
- Burada Rusiya sülhməramlı qüvvələrinin öz mandatları üzrə fəaliyyət göstərmədiyi bəlli olur. Əslində onların de-fakto mandatı da yoxdur. Azərbaycan parlamenti onları ratifikasiya etməyib. Görürsünüz ki, xəstəxanalar tikirlər, məktəblərin açılışında iştirak edirlər. Hətta hamilə qadınların uşaq dünyaya gətirməsinə yardım edirlər... Bunların heç biri onların mandatına daxil deyil. Onların funksiyası yerli əhali ilə Azərbaycan Silahlı Qüvvələri arasında silahlın qarşıdurmanın olmamasıdır. Ancaq bölgədə Ermənistandan gələn silahlı birləşmələr qalmaqdadır. Bu silahlı birləşmələri qalacaqsa sülhməramlıya nə ehtiyac var? Yeni bir təmas xətti formalaşır. Azərbaycan ərazisində yeganə qanuni hərbi silahlı birləşmə Azərbaycan silahlı qüvvələridir. Digər bütün qüvvələr qanundan kənardır. Burada rus silahlı birləşmələri iki əhali arasında hələ də emosional ziddiyyətlərin qüvvətli olduğu bir dövrdə, iki tərəfin bir-birinə qarşı nifrət müşahidə olunduğu zamanda Azərbaycan silahlı qüvvələri ilə yerli əhali arasında konfliktlərin qarşısını almalı idi. Biz isə bunun tam əksini görürük.
- Ayrı-ayrı Ermənistan siyasətçilərinin o cümlədən Xankəndidəki separatçıların hətta Laçın yolunda aksiyanın keçirildiyi müddətdə belə Xankəndiyə girib-çıxdıqları barədə Ermənistan mediasında məlumatlar yayılır. Bunun ən bariz sübutu isə Vardanyanla bağlı olan son məlumatlardır. Rusiya sülhməramlı qüvvələri buna nə üçün imkan verirlər?
- Rusiya sülhməramlıları açıq şəkildə azərbaycanlı fəalların keçirdiyi aksiyaya qarşı çıxırlar. Bunun qarşısını almağa çalışırlar, ancaq buna heç bir halda fiziki müdaxilə etmək imkanları yoxdur. Çünki bu dinc aksiyadır, yalnızca biz sülhməramlılara fiziki müdaxilə edəcəyimiz halda, onlar hansısa reaksiya verə bilərlər. Ona görə də onlar bizə qarşı açıq şəkildə fəaliyyət göstərməsələr də, fərqli şəkillərdə giriş-çıxışı dəlməyə çalışırlar. Fərqli yük maşınları ilə ərzaq, strateji materiallar daşıyırlar. Hətta ola bilsin bəzi hallarda silah da daşıya bilərlər. Eyni zamanda Vardanyan kimi avantüristləri oradan Ermənistana və əks istiqamətə keçirirlər. Burada çox maraqlı bir fakt ondan ibarətdir ki, Rusiya tərəfi Vardanyanın onlara bağlı olmadığını bildirmişdi. Yuxarıda xatırlatdıq, prezident İlham Əliyev soruşanda Putin Vardanyanı tanımadığını bildirmişdi. Eyni cavabı Lavrov da vermişdi. Amma çox qəribədir ki, tanımadıqları adamın ərizə verdiyi gün Rusiya vətəndaşlığını ləğv etdilər. Tanımadıqları adamı sülhməramlılar niyə bu qədər müdafiə edir? Rusiya vətəndaşlığında olmadığı halda, tanınmamış separatçılarn vəsiqəsi varsa, o, necə Rusiyaya səfər edir? Rusiya tərəfi bu suallara cavab verməlidir. Rusiyanın Vardanyanı açıq şəkildə müdafiə etdiyi görünür. Vardanyan Rusiya layihəsi olması nə Qərbdə, nə Azərbaycanda, nə də Ermənistanın özündə şübhə doğurur.
-Vaxtilə "Kommersant" qəzetində bir məqalə çıxmışdı. Daha sonra Rusiya prezidenti Vladimir Putinin də açıqlamaları həmin məqaləyə uyğun olduğundan güman etmək olar ki, bu təhlil elə Rusiyanın siyasi dairələrinin mətbəxində hazırlanmışdı. "Kommersant" iddia edirdi ki, iki variant var: Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanır, amma bu imzalanmaya qədər artıq Xankəndi Azərbaycanın nəzarətinə keçir. Bu, Qərbin layihəsidir. Amma Rusiyanın planına görə Xankəndi Azərbaycanın nəzarətinə keçmədən, məsələ açıq qalaraq sülh sazişi imzalanır. Rusiya hələ də bu mövqedədirmi?
- Açıq şəkildə Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini de fakto tanımamaqda inad edir. Biz bunu açıq şəkildə təsdiqini görməmişik, ancaq dolayə yollarla bu nəticəyə gəlmək olar. Birincisi, Lavrov açıqlama verdi ki, Qarabağ və ətrafındakı torpaqlar Azərbaycan torpaqlarıdır, Azərbaycan onları azad etdi. Ancaq bunu Qarabağın ətrafındakı rayonlarla bağlı dedi. Belə çıxır ki, Dağlıq Qarabağın özü Azərbaycan torpağı deyil? İkinci məsələ. Xatırlayırsınızsa, Putin Paşinyanı ittiham etdi ki, Vaşinqton belə bir plan hazırlayıb və Qarabağ üzərində Azərbaycanın suverenliyini qəbul edir. Dolayı yolla dedi ki, Paşinyan burada erməni xalqına, onun maarqlarına xəyanət edir və Vaşinqtonun bu planını dəstəkləyir. Belə çıxır ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaq erməni xalqına xəyanətdir. Onda belə çıxır ki, deməli Rusiya Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanımır? Buna qarşıdır? Hətta o dərəcədə ki, erməni xalqının özünün seçdiyi rəhbərinə də etibar eləmir. Paşinyan bunu tanımağa çalışsa belə, ona qarşı mübarizə aparır. Həm mətbuatda, həm erməni müxalifəti vasitəsilə bunun qarşısını alır. Qərbin ola bilsin bu məsələdə hansısa fərqli maraqları var. Hətta Azərbaycandan hansısa muxtariyyət tələb edə bilər. Amma Qərb Azərbaycanın Qarabağ üzərindəki suverenliyinə kölgə salmır. Amma belə çıxır ki, Rusiya muxtariyyət olsa belə, Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanımır. Qarabağ məsələsini isə Rusiya gələcəkdə həm Ermənistana, həm də Azərbaycana qarşı istifadə etməkdə davam etmək fikrindədir. Bu, Azərbaycanın maraqlarına uyğun deyil.
- Ermənistan Rusiya qoşunlarını öz ərazisindən çıxarmaq istəyir. Buna alternativ olaraq da Avropadan xüsusi missiya qrupu gətirir. Eyni zamanda bu qrupu gətirməklə Rusiyanı da şantaj edir. Rusiya Ermənistanın şantajlarına nə vaxta qədər dözmək fikrindədir?
- Ermənistan burada artıq kartları daha açıq oynamağa başlayıb. Əvvəllər Rusiya ilə gərginlik yaratmırdı və ya bundan qaçırdı. İndi açıq şəkildə bunu etiraf edirlər. Məsələn, Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının iclasında Putinin görüşünə getmədi, İrəvanda keçirilən KTMT iclasında yekun protokolu imzalamadı, KTMT-nin Ermənistanda keçiriləcək hərbi təlimlərinə icazə vermədi. Yəni açıq şəkildə tərəf seçir. Ən son mülki missiyanın vaxtını uzatması və orada Fransa jandarmının iştirakına şərait yaratdı. Hansı ki Fransada jandarm ordunun bir hissəsidir. Bu o deməkdir ki, Paşinyan qərb ordusunu bölgəyə gətirməkdə israrlıdır. Bundan əvvəl də Fransa senatında bildirmişdi ki, bu şərtlə Azərbaycana sanksiya tətbiq olunmamalıdır ki, Azərbaycan Ermənistanla sərhəddə Fransa bazasının yerləşməsinə, Xankəndidə Fransa nümayəndəliyinin açılmasına etiraz eləməsin. Bundan əlavə dəfələrlə vurğulamışdı ki, gah Xankəndi yolu təhlükədədir, oraya beynəlxalq birlik nəzarət eləsinı. Yaxud da təklif edirdi ki, Ermənistan ərazisində Rusiya ordusundan əlavə beynəlxalq birliyin qüvvələri olsun. Hətta Fransa prezidenti Makron belə Rusiya ilə birlikdə BMT mandatı altında orada Avropa ordusunun yerləşə biləcəyini demişdi. Ermənistan dəfələrlə bunu təklif edirdi, indi də israrla bunun üstündə durur. Burada tək Fransanın marağı olduğunu düşünmürəm. Düşünürəm kim Qərb, yəni Vaşinqton Fransa üzərindən bölgəyə daxil olmaq istəyir. Beləliklə Ukraynada Rusiya ilə olan konfrantasiya xəttinin bir hissəsini də Cənubi Qafqaza daşımaq istəyirlər. Bu, Rusiyaya qarşıdır, ancaq Rusiyanın resursları nə qədərdir? Hər iki diplomatik oyunu uduzur və buna müqavimət göstərmək istəmir. Moskvanın Paşinyana qarşı qurduğu tələlər həm vahid müxalifət blokunun yaradılması, kütləvi etirazlar, keçmiş Qarabağ klanının Paşinyana qarşı çıxışı, bundan əlavə Vardanyan kartı hələ ki lazımi nəticəni vermir. Ola bilsin Paşinyana qarşı Rusiya da daha ciddi addım atmağa çalışacaq. Bu nə qədər uğurlu olacaq onu bilmirik. Hələki Paşinyanın və qərbin Rusiyaya qarşı istəkləri addım-addım da olsa, həyata keçir. Bu bölgədə yeni münaqişə riski yaradır. Qafqaz yeni müharibədən sığortalanmayıb. Qafqaz getdikcə geosiyasi mübarizənin mərkəzinə çevrilir.
Rəşid QARAYEV,
AzNews.az