Rusiya-Qərb qlobal konfrontasiyasından qazanan Çindir - Yeganə Hacıyeva

“Rusiya uzun illərdir Çinin BMT Təhlükəsizlik Şurasındakı əsas tərəfdaşıdır”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

O Rusiya və Çin arasındakı yaxınlaşma haqqında danışarkən qeyd edib ki, Rusiya ümumilikdə BMT Təhlükəsizlik Şurasında Çinə qarşı istənilən təşəbbüslərdə həmişə Çinin mövqeyindən çıxış edib:

"Hazırkı beynəlxalq nizamda BMT Təhlükəsizlik Şurasını dünyanın maddi, mənəvi resurslarının bölüşdürülməsi istiqamətində bur qrup ölkənin əlində mexanizm kimi çıxış edir. Bu mexanizmdə də Çin və Rusiya bir mövqedən çıxış edirlər, eyni cəbhədədirlər. Paralel olaraq Rusiya Çin üçün geniş iqtisadi koloniyadır, resurslar mənbəyidir. Bildiyimiz kimi, Çin dünyada hər şeyi hamıdan tez istehsal etmək yarışında heç vaxt dayanmır, yarışı davam etdirmək məqsədi güdür. Məqsədində də resursları ucuz olan ölkələrə üz tutur. Bu ölkələrdən də biri və həmişə güvənə biləcəyi ölkə Rusiyadır”.

Yeganə Hacıyeva bildirib ki, Çin və Rusiya üçün ümumi bir tarix mövcuddur. Hər iki ölkə ortaq dövründə kommunizm ideologiyasının daşıycıları olublar. Çin indi də bu qisimdə çıxış edir. Bu əməkdaşlıq da tarixini oradan götürür:

“BMT Təhlükəsizlik Şurasında və sonrakı mərhələlərdə də bir yerdə idilər. İndi Çin Ukraynadakı müharibəni Rusiyanın resurslarını ələ keçirmək istiqamətində bir imkan kimi dəyərləndirir. Burada sadəcə maddi resurslardan deyil, müxtəlif regionlarda həm də kommunikasiya resurslarından söhbət gedir. Bu gün üçün Rusiya Çinin xeyrinə Ukraynadakı müharibə üzərindən bir çox coğrafiyalarda güzəştlərə gedir. Bu güzəştlərin gözə görünən və görünməyən tərəfi var. Gözlə görünən tərəfinə nümunə üçün iyunun 1-dən Şərqin ən böyük portlarından biri olan “Vlovostok” portunun məhz Çinin daxili portu elan olunmasını göstərə bilərik. Bu birmənalı olaraq Ukraynadakı müharibəyə dəstək qarşılığında Çinin Rusiyadan istədikləridir. Onu da qeyd etmək lazımdır ki, bu proses daha geniş inkişaf edir, Rusiya kifayət qədər uzağa gedir. Ard-arda bir neçə dəfə Rusiya ordusunun quru yeməklərlə təmin olunmasının müqabilində bir neçə ciddi güzəştlər edilib. Güzəştlər həm Yaxın Şərqdə, həm Hind Okeanında, həm Afrika qitəsində, həm də gözlə görülən bütün yerlərdə edilib. O səbəbdən bu əməkdaşlıq çox dərindir. Çinin Rusiya ilə yaxınlaşmasının səbəbi bunlardır. Çin burada qazanır və ən əsası da Rusiyanı bütöv formatda görmək istəyir. Çin Rusiyanın dağılması istiqamətindəki heç bir cəhdi qəbul etmir.

Paralel olaraq Avropa Birliyi üçün də Çin artan nüfuzu üzərindən Rusiya bir baner rolunu oynayırdı. Rusiyanın etdiyi şıltaqlıqlara, son otuz il ərzində Cənub-Şərqi avropalı potsovet ölkələrində atdığı addımlara qarşı Avropanın soyuq münasibətinin əsasında da bu dururdu. Həmişə Rusiya Çinin qarşısında bir baner idi. İndi bu baner həm də Çin üçün lazımdır. Söhbət bütövlük formasından gedir".

Politoloq sonda qeyd edib ki, Çinin xarici siyasəti uzun illər ancaq iqtisadi dəyərlər, çıxarlar üzərində formalaşmışdı. Bu mexanizmlərin hamısı iqtisadi mexanizmlər idi:

“Amma yeni tarixdə Çin artıq açıq ekspansiv siyasət yürüdür. Çin rəhbərliyinin ikinci seçimdə elan etdikləri xarici siyasətdə bu birbaşa özünü göstərir. Ümumiyyətlə, Çin konstitusiyasında başqa ərazilərdə ordu, baza saxlamaq yox idi. Konstitusiya bunu Çin hökumətinə qadağan edirdi. İndi isə biz eşidirik ki, son mərhələdə mərkəzi Mərkəzi Asiya ölkələrində , Şərqi Afrika ölkələri və Hind Okeanı sahillərində də Çin öz lojistik mərkəzlərinin təhlükəsizliyi adı ilə hərbi bazalar formalaşıb.

Burada ortaq maraq nədir məsələsinə gəldikdə isə Rusiyanın çıxdığı ərazilərdə qazanan tərəf məhz Çindir. Çünki rəsmi Pekin orada möhkəmlənir. Bu gün Rusiya-Qərb qlobal konfrontasiyasından hər mənada qazanan Çindir”.

Rəşid Qarayev