Rusiya Azərbaycanın maraqlarına uyğun davranmaqla Ermənistanı cəzalandırır - Politoloq

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, ərazilər, o cümlədən anklavlar məsələsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir.

“Biz, öz tərəfimizdən, Rusiyanın əlində olan unikal kartoqrafik materiallar və ekspertiza əsasında maksimum dərəcədə köməklik göstərməyə hazırıq. Anoloji prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da aiddir”, – M.Zaxarova qeyd edib.

“Zaxarovanın bu açıqlaması Rusiya rəsmilərinin bundan əvvəl Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı səsləndirdiyi fikirlərin əksəriyyətindən fərqlənmir. Təkcə Zaxarova deyil, elə prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və digər Rusiya rəsmiləri Cənubi Qafqazla bağlı verdikləri bəyanatlarda çalışırlar ki, Rusiyanın proseslərdəki iştirakını təmin etsinlər. Bununla əlaqədar olaraq Qərbin proseslərdə Cənubi Qafqaz regionundakı təsir rıçaqlarını zəiflətsinlər. Mövcudluqları ilə doldursunlar. Əslində Zaxarovanın verdiyi bu açıqlama da bu qəbildəndir. Məsələn, Zaxarova deyib ki, biz kömək etməyə hazırıq. Bu sadəcə olaraq diplomatik ifadədir. Ancaq bunun arxasında dayanan fikir isə Rusiyanın proseslərdə iştirakçı və vasitəçi olmaq istəyidir. Necə ki, bu 2020-ci ildə oldu və istisna etmirəm ki, 2020 və 2021-ci illərdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli sənəd imzalandı. Bəlkə də, Moskva çalışır ki, yenə də bu kəndlərlə bağlı da eyni situasiya olsun və nəticədə Rusiyanın proseslərdəki iştirakı təmin olunsun. Ümumiyyətlə, Rusiya çalışır ki, sülh sazişi imzalansa da, bu, onun öz vasitəçiliyi ilə olsun. Qərbin regiona gəlməsinin qarşısı alınsın”.

Bu sözləri AzNews.az-a açıqlamasında “Report” İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

O qeyd edib ki, həmçinin Rusiyanın dörd kəndlə bağlı mövqeyinin nə olub-olmadığını dəqiq demək çətindir.

“Bu tamamilə Rusiyanın dövlət maraqlarının təzahürüdür. Dövlət maraqları nə tələb edirsə, dörd kənddlə, səkkiz kəndlə bağlı ona uyğun mövqe ortaya qoyurdu. Amma indiki situasiyada düşünürəm ki, indiki situasiyada Rusiya heç də bu məsələdə Azərbaycanın əleyhinə deyil. Sözsüz ki, Rusiya zaman-zaman Azərbaycana qarşı olub. Ən azından, hər şey bir yana, 30 il ərzində keçmiş Minsk qrupunun həmsədri kimi Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin həlli istiqamətində heç bir töhfə ortaya qoymadı. Biz bunu gördük və uzun illər Rusiya Azərbaycana özünün arxa bağçası kimi yanaşırdı. Sadəcə olaraq 2018-ci ildən etibarən Ermənistanda hakimiyyət dəyişdi. Hakimiyyət Qərbyönümlü güc hakimiyyətə gəldi. Nikol Paşinyan hakimiyyətə gəldi və bundan sonra Rusiya-Ermənistan münasibətlərində ziddiyyətlər yarandı. Bununla əlaqədar olaraq Rusiya Azərbaycanla münasibətləri düzəltdi. Bu nöqteyi nəzərdən düşünürəm ki, indiki situasiyada Rusiya səkkiz və yaxud dörd kəndin azad olunmasına qarşı deyil. Çünki həm də bu yolla Rusiya Azərbaycanın maraqlarına uyğun davranmaqla bir növ Ermənistanı cəzalandırmaq istəyə bilər. Lakin dediyim kimi, biz bu cari situasiyaya aldanıb əvvəlkiləri yaddan çıxartmamalıyıq”.

Siyasi şərhçi sonda vurğulayıb ki, Rusiyanın addımları, hərəkətləri onun maraqlarına uyğun dəyişir və maraqlar həmlələri formalaşdırır.

“Gələcəkdə prosesin tamam başqa cür cərəyan etməsi də mümkündür. Digər tərəfdən isə Rusiyanın bu məsələdə necə davrandığı, hansı mövqedə olması əslində o qədər də əhəmiyyətli deyil. Rusiya bunu istəyə də bilər, istəməyə də bilər. Rusiyanın öz maraqları varsa, bizim də öz maraqlarımız var. Bizim maraqlarımız diplomatik, yaxud hərbi yolla olmasından asılı olmayaraq işğal altında olan kəndlərimizin azad olunmasıdır”.

Rəfiqə NAMAZƏLİYEVA