"İran məsələsi Ermənistanda diqqət edilən əsas məsələdir" - politoloq

“Ermənistan mediasında müzakirə olunan mövzulardan biri də hakimiyyətdəki sorosçuların iki yerə bölünməsi məsələsidir. Arman Babacanyan və Ovsep Xurşudyan kimi sorosçuların təcili referendum keçirərək Avropa İttifaqına üzvlük məsələsini həll etmək istədikləri diqqətə çatdırılıb. Lakin sorosçu qanadın başqa təmsilçisi Sona Kazaryan buna qarşı çıxıb. Kazaryan parlamentdə çıxışı zamanı digər qərbyönümlülərə İran faktorunu xatırladıb”.

“Ermənistanda İranla münasibətlərə kifayət qədər həssas yanaşılır. Bunun da səbəbi bəllidir. Çünki Ermənistanın ayaqda durması üçün İranın olduqca vacib rolu var və İranı dünyaya bağlayan əsas iki yoldan biri İran ərazisindən keçir. Digər tərəfdən, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi kifayət qədər yüksəkdir. Bu artan xətt üzrə davam edir. Həmçinin Ermənistanda İranı ən azı qıcıqlandırmaq üçün bir avantüraya getmək istəmirlər”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, buna görə də İran məsələsi diqqət yetirilən əsas məsələlərdən biridir.

“Ərzaq və digər məhsullarla təminatında və dünyaya bağlayan, xüsusilə də Hindistandan alınan silahların daşınması, güzərgahı kimi İran ərazisində olduğunu nəzərə alsaq, İranın Ermənistan üçün əhəmiyyətini başa düşmək olar. Nəzərə alsaq ki, İran da öz siyasətində Ermənistanı dəstəkləyir və bir çox məsələlərdə ona dəstək verir. O cümlədən hərbi texniki sahədə İranın Ermənistana müəyyən dəstəyi olduğu bir faktdır. Ona görə də İran məsələsi Ermənistanda diqqət edilən əsas məsələdir. İranla münasibətlərin korlanması Ermənistanın faktiki olaraq tam şəkildə blokadaya düşməsinə gətirib çıxarır ki, Ermənistanda da bunu gözə almaq istəməz”.

Rəfiqə NAMAZƏLİYEVA