Bu gün millət vəkili Adil Əliyevə qarşı iddialarla bağlı mətbuat konfransı keçirilib Bu gün millət vəkili Adil Əliyevə qarşı iddialarla bağlı mətbuat konfransı keçirilib

“Həmin obyektin Adil Əliyevə heç bir aidiyyəti yoxdur” - İddialara aydınlıq gətirildi - FOTOLAR

Bu gün millət vəkili Adil Əliyevə qarşı iddialarla bağlı mətbuat konfransı keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində deputat Adil Əliyevə məxsus olduğu iddia edilən torpaq sahəsi ilə bağlı mətbuat konfransı keçirilib.

AzNews.az xəbər verir ki, konfrans torpaq sahəsinin sahibi Qətibə Abdullayevanın nümayəndəsi Zakir Həsənov tərəfindən təşkil edilib.

Z.Həsənovun sözlərinə görə, son günlərdə mətbuatda həmin torpağın Milli Məclisin deputatı Adil Əliyevə məxsus olduğu iddia edilir:

“Torpağın sahibi olduğunu iddia edən Xəzəngül Məmmədovanın torpağın statusu bəlli olmadan bələdiyyə tərəfindən ona verilməsi bizim tərəfimizdən araşdırıldı. Ədliyyə Nazirliyinin müvafiq şöbəsində də göstərilib ki, həmin torpaq sahəsi dövlətə məxsusdur. Bununla bağlı bələdiyyə sədrinə də bildirilib ki, o torpaq sahəsi dövlətə aiddir. Bu məsələlər sənədlərdə öz əksini tapıb. Daha sonra məlum oldu ki, Xəzəngül Məmmədova Binəqədi rayon məhkəməsinə müraciət edib və məhkəmə də torpağın statusunu müəyyən etmədən qətnamə qəbul edib. Biz də Apellyasiya şikayəti verməklə vəsatət qaldırdıq ki, həmin torpağın statusu ilə bağlı sənədləri qəbul etsin. Məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş etdik. Hakim də araşdırma apardı və qarşı tərəfin nümayəndəsi də məhkəmədə iştirak edirdi. Məhkəməyə hörmətsizlik edib qərar elan olunmadan çıxıb getdilər. Həmin məhkəmə ədalətli qərar qəbul etdi və Ali Məhkəmədə də bu gün sənəd qüvvədə qalır”.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının15 aprel 2016-cı il tarixli qətnaməsində deyilir: “Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2878/2014 saylı iş üzrə 01 may 2014-cü il tarixli qətnaməsi ləğv edilsin. Məmmədova Xəzəngül Xəlil qızının Abdullayeva Qətibə Məmməd qızına qarşı “torpaq sahəsində inşa olunan tikililərin sökülməsi və maneçiliyin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunmasın”.

Konfransda Q.Abdullayevanın nümayəndəsi onu da bildirdi ki, internet televiziyalarının birində Ələmşah adlı şəxs geniş çıxış edib və deputat Adil Əliyevin adını çəkib:

“Bu torpağın Adil Əliyevə nə aidiyyatı var? Həmin torpaq Qətibə Abdullayevanındır. Yazı yazanda xahiş edirəm ki, diqqət etsinlər. Həmin şəxsin məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Ləğv edilmiş torpaqla bağlı hansı əsasla iddia qaldıra bilərlər və Adil Əliyevdən pul tələb edə bilərlər?! Pul məsələsini gedib bələdiyyə ilə həll etsinlər. 2016-cı ildə Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparıldı. Heç bir sübut olmadı və vətəndaşa izah edildi ki, iddiasını bələdiyyədən tələb etsin”.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin həmin araşdırma sənədində qeyd edilir ki, torpaq sahəsinin Adil Əliyev tərəfindən zəbt olunması ilə bağlı Oruc Məmmədovun müraciətində göstərdiyi xüsusatlar araşdırma zamanı təsdiqini tapmayıb. Bundan başqa, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Binəqədi rayon bələdiyyəsinin 2014-cü il üzrə müvafiq sənədlərində göstərilir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan torpaqlara aiddir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

Xatırladaq ki, Milli Məclisinin deputatı Adil Əliyev iki gün əvvəl mediaya açıqlamasında barəsində yayılan məlumatlara münasibət bildirib. Deyib ki, həmin məlumatlar həqiqəti əks etdirmir, bəzi şəxslər ona böhtan atırlar:

“Bəzi şəxslər adımı mənə aidiyyəti olmayan məsələlərdə hallandırırlar, bir neçə mətbuat orqanı da bundan sui-istifadə edir. Təbii ki, bunlar şərəf və ləyaqətimə ləkə gətirir. Həmin insanlar şər-böhtan atmaqla məşğuldurlar. Onların mənasız, həqiqətə uyğun olmayan iddialarına, qarayaxma kampaniyalarına əhəmiyyət vermək istəmirdim. Mən susduqca onlar hədlərini aşırlar. Guya vətəndaşın torpağını mənimsəyib restoran tikdirmişəm. Bu məsələnin, ümumiyyətlə, mənə aidiyyəti yoxdur. Həm də hüquqi dövlətdə yaşayırıqsa, bu, necə ola bilər? Bu, qohumlarımla bağlı məsələdir, onlar da buna hüquqi müstəvidə, yəni məhkəmə qaydasında aydınlıq gətiriblər. Bəzi mətbuat orqanları bir müddət öncə məhkəmələrdə vətəndaşa və bələdiyyəyə uduzan, torpağın sahibi olduğunu iddia edən Xəzəngül Məmmədovanı yenidən ümidləndirirlər ki, məsələni yenidən ictimailəşdirsin. Təbii ki, bunun da müqabilində pul alırlar. Qohumlarımla bağlı məsələdə adım niyə hallandırılmalıdır ki? O məsələnin mənə nə aidiyyəti var ki? Bütün bunlara görə məhkəməyə müraciət edəcəm, hər şey qanun çərçivəsində həll edilməlidir”.

Elgün
AzNews.az

image description image description image description image description image description image description image description image description image description