XİN ermənilərin əsginas təxribatı ilə bağlı məlumat yaydı

Şirkətdən qanunsuz rejimin təşviqinə xidmət edən addımlardan çəkinmək tələb olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniyada ermənilərin növbəti təxribatının qarşısının alınması barədə məlumat yayıb.

Məlumatda deyilir:

"Mətbuatda Almaniyanın "EuroSchein-Souvenir GmbH" şirkətinə məxsus internet səhifəsində ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimə həsr olunan suvenir avro əsginaslarının buraxılması ilə bağlı məlumat yayılmışdır.

Məsələ ilə əlaqədar ölkəmizin Almaniyadakı Səfirliyi dərhal sözügedən şirkətin icraçı direktoru ilə əlaqə saxlayıb və ona etiraz məktubu ünvanlayıb. Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejim və bu ərazilərdəki qanunsuz fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Şirkətdən qanunsuz rejimin təşviqinə xidmət edən addımlardan çəkinmək tələb olunub.

Müqabil tərəf müraciətimizə dərhal reaksiya verərək, yazılı cavab məktublarında buraxdıqları səhvə və səbəb olduqları narahatlığa görə üzr istəyib, müvafiq suvenir əsginasların dizaynının onlar tərəfindən deyil, lisenziya əsasında fəaliyyət göstərən digər şirkət tərəfindən tərtib olunduğunu bildiriblər. Buna baxmayaraq, müraciətimizdən sonra məsələnin aidiyyəti üzrə müzakirə edildiyi qeyd olunub və müvafiq suvenirlərin istehsal edilməməsi və bu barədə məlumatın ("link”in) internet səhifəsindən silinəcəyi vəd olunub.