Sahil Əliyev: "Məqsəd odur ki, həmin tətbiqlərdən istifadə edib, müəllimlərin təcrübəsini geniş kütləyə yayaq” Sahil Əliyev: "Məqsəd odur ki, həmin tətbiqlərdən istifadə edib, müəllimlərin təcrübəsini geniş kütləyə yayaq”

Çeşidlilik yaradacaq videodərslər

Sahil Əliyev: "Məqsəd odur ki, həmin tətbiqlərdən istifadə edib, müəllimlərin təcrübəsini geniş kütləyə yayaq”

"Kaspi” Təhsil Şirkəti əməkdaşlıq etdiyi 3 yerli şirkətlə birlikdə ölkə ərazisində fəaliyyət göstərən orta məktəb müəllimləri üçün "Ən yaxşı videodərs” respublika müsabiqəsinə start verib. Belə ki, ötən ay başlayan müsabiqənin təşkilatçıları respublikamızın ən böyük təhsil şirkətlərindən olan "Kaspi” Təhsil Şirkəti, "STEMART Academy” məktəblilər üçün robotika və kodlaşdırma mərkəzi, müəllim təlimləri üzrə ixtisaslaşmış Peşəkar Təlim və İnkişaf Mərkəzi (PTİM) və təhsilin informasiyalaşdırılması, elektron məzmun və təhsilin digər sahələrində xidmət göstərən "İnnovative Business Products” MMC şirkətləridir. Müsabiqənin şərtlərinə görə, namizədlər hazırladıqları videodərsi 25 iyun 2020-ci il tarixinədək "YouTube” platformasına yükləyərək linki kaspi.edu.az/video2020 saytında qeydiyyat formasına əlavə etməlidirlər. Videodərslər Azərbaycan, rus, və ya ingilis dilində hazırlanmalıdır. Təqdim olunmuş videodərslər təşkilatçı qrupun təyin etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirilir. Müsabiqənin formatı dərsin yalnız təqdimat hissəsini əhatə etdiyindən, videodərslərə şagirdlər cəlb edilmir. Qaliblər iyun ayında baş tutacaq mükafatlandırma mərasiminə dəvət olunacaqlar. I, II, III yeri tutmuş iştirakçılara diplom və pul mükafatı veriləcək (1-ci yerin qalibi 700, 2-ci yerin qalibi 500, 3-cü yerin qalibi 300 AZN). Müsabiqədə iştirak edən bütün namizədlərə iştirak haqda sertifikat təqdim olunacaq. "Ən yaxşı videodərs” müsabiqəsinin mükafatlandırma mərhələsinin 2020-ci ilin iyul ayında keçirilməsi planlaşdırılır.

"Ən yaxşı videodərs” müsabiqəsi haqqında məlumat verən "STEMART” Akademiyasının direktoru Sahil Əliyev qəzetimizə müsahibəsində bildirdi ki, müəllimlər tərəfindən daxil olan çoxsaylı istəklər nəzərə alınaraq, son qeydiyyat tarixi 31 may 2020-ci il tarixindən 25 iyun 2020-ci il tarixinədək uzadılıb:

- Hal-hazırda distant təhsil davam etdiyi üçün müəllimlər hazırlaşmağa kifayət qədər vaxt ayıra bilmirlər. Çünki videodərs hazırlamaq o qədər asan iş deyil. Xüsusən, videodərsi müsabiqə üçün hazırlayırlarsa, bütün istedadlarını göstərmək və mövcud texniki imkanlardan istifadə etmək istəyirlər. Bu da vaxt tələb edir. Biz də bu məqamları nəzərə alıb vaxtı uzatdıq. Müsabiqənin qaydalarına görə, dərslər videoformatda istənilən təhsil alətlərindən istifadə edilərək hazırlanır, "YouTube” üzərindən təlimatlara uyğun şəkildə paylaşılır. Dərsin əvvəlində müsabiqədə iştirak üçün hazırlandığı qeyd edilir.

- "Ən yaxşı videodərs” müsabiqəsinin keçirilməsində məqsəd nədir? Müsabiqənin reallaşması hansı təcrübədən qaynaqlandı?

- Müsabiqənin əsas məqsədi Azərbaycan müəllimlərinin videodərs hazırlama bacarıqlarını inkişafını stimullaşdırmaq, onların təhsil prosesində İKT-dən istifadə bacarıqlarını inkişaf etdirməyə həvəsləndirmək, müəllimlər arasında videodərs hazırlama sahəsindəki qabaqcıl təcrübənin paylaşılması, eyni zamanda bu dərslərin əlavə tədris resursları kimi Azərbaycan məktəblilərinin pulsuz istifadəsinə verilməsidir. Biz, əslində bu müsabiqəni keçirərkən hər hansı təcrübəyə istinad etməmişik. Müxtəlif ölkələrdə fərqli formalarda videodərs hazırlamaq üsulları var. Amma bu dərslərin müsabiqəsini keçirmək üçün heç bir təcrübədən yararlanmamışıq. Ola bilər ki, bunun da oxşarı var, ancaq bu, bizim ortaya qoyduğumuz orijinal fikirdir. Hazırda aktual məsələ olduğu üçün stimullaşdırmaq məqsədilə belə bir müsabiqə keçirməyə qərar vermişik.

- Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” kanallarında gündəlik «Dərs vaxtı”, o cümlədən "Virtual məktəb” layihələri həyata keçirilir. Sizin təqdim edəcəyiniz videodərslərin həmin layihələrdən fərqi nədən ibarətdir?

- Videodərsləri keçirməkdə məqsəd həm də çeşidlilik yaratmaqdır. Həqiqətən də bizə müraciət edən müəllimlərin dərsləri arasında çeşidlilik var. Müəllimlər çox fərqli üsullardan, proqramlardan istifadə edərək dərslər hazırlayırlar. Sevindirici haldır ki, bölgələrdən də müraciət edən müəllimlər var və onlar öz dərslərini hazırlayıb təqdim ediblər. Çeşidlilik bizi çox sevindirdi. Məlumatların kütləyə çatdırılması üçün müxtəlif metodlardan istifadə ediblər. Məqsədlərdən biri də qabaqcıl təcrübənin yayılması idi. Növbəti addım olaraq biz, müsabiqənin qaliblərini elan etdikdən sonra həmin dərsləri bir platforma üzərindən yayımlayacağıq. Bununla bağlı məlumat əldə etmək istəyən müəllimlər üçün bunun çıxışı olacaq. Dərsin təşkili ilə bağlı təqdim olunan videoproqramlar, tətbiqlər, platformalar onlar üçün yaxşı nümunə olacaq.

- Videodərslər bütün fənləri əhatə edir?

- Müsabiqəyə üç dildə - Azərbaycan, rus və ingilis dilində videodərslər təqdim olunur. Əsas məqsəd bu sahəyə maraq yaratmaqdır. Mövcud dövrdə videodərslərə geniş tələb yaranıb. İstənilən sinif üzrə maraq eynidir. Sadəcə, bu sahədə təcrübə çox məhduddur. Ola bilər ki, gözəl bacarıqları olan, müxtəlif üsullardan istifadə edib dərs hazırlayan müəllimlər var, amma onların sayı azdır. Hazırda Təhsil Nazirliyinin istifadə etdiyi metod, üsullardan biridir. Hər kəsin qarşısına çıxan da həmin o üsuldur. Və ya bəzən müəllimlər telefonun kamerasından istifadə edərək primitiv videodərslər hazırlayırlar. Bu da üsullardan biridir. Ancaq bu sahədə çox geniş imkanlar, tətbiqlər, proqramlar var. Məqsəd budur ki, həmin tətbiqlərdən istifadə edib, dərs hazırlayan müəllimlərin təcrübəsini geniş kütləyə yayaq. «Kaspi» və digər təşkilatçıların öz daxili auditoriyasından əlavə, açıq platformada hər kəs üçün gözəl təcrübə bazası olacaq. Bu platformadan hər kəs istifadə edə biləcək. Eyni zamanda, bu sahədə araşdırma edəcəkləri üçün hazırlaşan müəllimlərin, istər-istəməz, İKT və digər bacarıqları təkmilləşəcək.

- Artıq müəllimlər tərəfindən müraciətlər varmı?

- Hazırda bazada 50-dən çox müraciət var. Bu müraciətlər respublikanın müxtəlif yerlərindəndir. Demək olar ki, iştirakçıların 30-40 faizi bölgələrdəndir. Dərslər arasında çeşidlilik var. Azərbaycan, rus və ingilis dillərində videodərslər təqdim edilib.

- Necə düşünürsünüz, karantin dövrü bitəndən sonra da bu tip dərslərin tətbiqi davam edəcək?

- Videodərslər distant təhsilin forması olaraq geniş təcrübədir. Əvvəllər də videodərslər teledərslər formasında televiziyada yayılırdı. Bu, hər zaman mövcud olan bir təcrübədir. Sadəcə, hazırkı dövrdə bu dərslərin aktuallığı daha çox önə çıxdı və müəllimlərin istifadə etməsi üçün əlverişli bir vasitədir. Beynəlxalq təcrübədə "Flipped Classroom” nəzəriyyəsi mövcuddur. Bu nəzəriyyəyə əsasən, şagirdlər dərsdən əvvəl mühazirəni izləyir, mövzu ilə tanış olub dərs saatında müzakirələr aparır, nəzəriyyəni tətbiq edir, eksperimentlər həyata keçirirlər. Şagirdin təkbaşına öyrənə biləcəyi dərsin bir mərhələsi var. Bu mərhələni dərs prosesindən çıxarmaq və ənənəvi dərs saatında digər müzakirələrə geniş vaxt ayıra bilməkdir. İnsanlar müxtəlif cür öyrənə bilmək bacarığına malikdir. Bu baxımdan videodərslər müəllimlər üçün əlverişli imkan və şərait yaradır. Avropa və qərb universitetlərində bu metoddan daha çox istifadə edirlər. Şagird müəllimin mühazirəsini izləyir və dərsdə dinlədikləri ilə bağlı müəllimi ilə müzakirə aparır və biliklərini daha da təkmilləşdirirlər. Hazırda təhsil və digər sahələrdə yaranan böhran, əslində müəllimlərin bu istiqamətdə təkmilləşməsinə şərait yaradır. Müəllimlər gələcəkdə də sinifdə bu təcrübədən istifadə edə bilərlər. Bu şəkildə dərslər daha effektiv olar.