EVDƏ QALmağın insana ziyanları - Həkim açıqladı

Açıq havada gəzinti insanın əhval ruhiyyəsini yüksəldir

"İnsanlar nə qədər etiraz etsələr də, əslində hamı evdə qalmağı, evdə bəzi işlərlə(kitab oxumaq, film izləmək, seriala baxmaq və s.)məşğul olmağı sevir. İnsanlar var ki, günlərlə evdə qalır, müxtəlif işlərlə məşğul olur və darıxmır, məcburiyyət yaranmadıqca küçəyə çıxmaq heç yadina da düşmür. Amma Koronavirus(Covid-19) pandemiyası ilə bağlı tətbiq olunan karantin evdə çox vaxt keçirtməyi sevməyən insanlarla yanaşı, evdə olmağı sevenlərdə də əks təsir yaratdı".

Bu sözləri AzNews.az-a açıqlamasında həkim Xuraman Rəcəbova koronavirusun insana ziyanlarından danışan zaman deyib:

"İnsanlarda yorğunluq, halsızlıq, tez-tez əhval-ruhiyyənin dəyişməsi, depressiv hallar, özləm duyğusunun artması müşahidə olunmağa başladı. Bu kimi hallar evdə qalmağın insan orqanizminə nə dərəcədə zərərli olduğu haqda düşünməyə məcbur etdi. Uzun müddət evdə qalmaq, küçəyə çıxmamaq ölümcül vəziyyət deyil, amma təmiz havada olmaq, açıq havada gəzmək orqanizm üçün çox faydalıdır. İlk növbədə insan beyninin normal fəaliyyəti üçün oksigenlə zəngin təmiz hava vacibdir. İnsan təmiz havada nə qədər çox vaxt keçirirsə, onun immun sistemi və sinir sistemi o qədər sağlam və möhkəm olur. Əgər gün ərzində küçəyə çıxmaq, açıq havada gəzmək imkanı yoxdursa, evdə olarkən tez-tez evi havalandırmaq və ya balkona çıxmaq lazımdır. Açıq havada gəzinti insanın əhval ruhiyyəsini yüksəldir, iştahanı yaxşılaşdırır, həzm prosesinə müsbət təsir edir.

Həkim bildirib ki, açıq havada, xüsusilə, günəşli havada gəzinti çox xeyirlidir:

"Günəş şüaları vasitəsilə orqanizm özünə lazım olan D vitaminini alır və immunitetimiz üçün bu vitaminin rolu əvəzsizdir. Orqanizmə lazım olan vitaminlərin əksəriyyətini biz qida ilə alırıq, lakin D vitamini əsas lazımi dozada yalnız günəş şüaları vasitəsilə alınır. Bəzi qidaların tərkibində D vitamini var, ancaq azdır. Bəzi insanlar D vitamini almaq üçün bütün gün günəş altında qalır,bu cür də olmaz. Normadan artıq günəş şüaları altında qalmaq da orqanizmə ziyandır, xüsusilə də dəriyə mənfi təsir göstərir və sonradan dəri xəstəliklərinə səbəb ola bilər. Gün ərzində 10-15 dəqiqə açıq havada, günəşdə olmaq orqanizmə günlük D vitamini tələbatıni ödəmək üçün yetərlidir. Hər hansı səbəbdən bu da mümkün deyilsə, o zaman yediyiniz yeməklərdə daha çox balıq əti, dəniz məhsulları, süd məhsulları və dənli bitkilərə üstünlük verin. Evdə qalmağın insan üçün digər zərərli tərəfi bütün gün kompyuter və ya televizor qarşısında olmaq, telefon və ya planşetdən istifadə etmək, xüsusilə də gənclərdə görmə qabiliyyətinin zəifləməsinə, artıq çəkinin yaranmasına səbəb olur. Bu da sonradan zamanla oftalmoloqa, endokrinoloqa müraciət etməyə məcbur edir insanları. Bu cür halların qarşısını almaq üçün ev şəraitində olsa bele müəyyən idman hərəkətləri etmək, çalışıb daim hərəkətdə olmaq lazımdır, texnikadan mümkün qədər uzaq durmaq və az kalorili qidalara və maye qəbuluna daha çox üstünlük verilməlidir. Yay aylarında gün ərzində xüsusilə adi su qəbulunu da artırmağı unutmamalıyıq".

Səidə Vahid

AzNews.az