İctimai sektanın mövsümi qanaxması

Müşahidələrimdən gəldiyim nəticə budur ki, ölkədə ictimai maraqlara, cəmiyyətin demokratikləşməsinə xidmət etməli olan ictimai sektor mahiyyətcə təhrif olunub

“Davam edir 37” söhbətini yersiz sayıram. Bütöv xalqların tarixdən və coğrafiyadan silindiyi bir dönəmin bugünkü bikarçılıq, maymaqlıq, deyingənlik, söyüşçülüksayağı bir ortamla müqayisəsi, 1930-larda olmuş rejimlə baş-başa gəlmiş kəslərə qarşı, mənim anlamımda, ən azı həqarətdir”.

Erkin Qədirlinin bir il əvvəl yazdığı bu status fb-də çaxnaşma salaraq istifadəçiləri iki cəbhəyə bölmüşdü: 1.Repressiya var. 2. Repressiya yoxdur.

Lakin görünən odur ki, repressiyanın əsas əlamətlərindən biri hər halda mövcuddur. Söhbət donosbazlıqdan gedir. Və maraqlıdır ki, donosbazlıqda hakimiyyətdən çox, ictimai sektorun adı hallanır.

Müşahidələrimdən gəldiyim nəticə budur ki, ölkədə ictimai maraqlara, cəmiyyətin demokratikləşməsinə xidmət etməli olan ictimai sektor mahiyyətcə təhrif olunub. Əvəzində ortaq ictimai dəyərlərə yadlaşan, məhdud qrupun maraqlarını ifadə edən bir sekta formalaşıb. Bundan sonrakı cümlələrdə “sekta” sözündən istifadə edəcəyəm, çünki baş verənləri bu anlayışın təyinatına daha uyğun sayıram.

İlkin Rüstəmzadənin ailə məsələsi ətrafında baş verənlər banal dram janrına keçdiyindən detallara girməyəcəm. Sadəcə, İlkinin məlum videoda sektayla bağlı səsləndirdiyi fikirlərdən, bu kontekstdə yazılan şərhlərdən ictimai sektanın ümumi cizgiləri ilə bağlı sezdiklərimi bölüşəcəm.

Sektada insan haqları, siyasi motivli həbslər, mediaya dəstək və s. istiqamətlərdə verilən qrant layihələri uğrunda mübarizə gedir. Çox ciddi rəqabət mövcuddur. Rəqiblərin hər hansı birinin səhvi (səhv sözünü vəziyyətdən və hadisənin kontekstindən asılı olaraq dırnağa da salmaq mümkündür) digər rəqibin əlinə oynayır və onlar, fürsət düşmüşkən, səhv edən şəxs haqda beynəlxalq təşkilatlara donoslar yazırlar. Beləliklə, həm şəxsi hikkələrini soyudurlar, həm rəqibi sıradan çıxararaq daha çox qazanırlar. (Ümumiyyətlə, pandemiya ilə əlaqədar olaraq Avropaya sərhədlərin bağlanması “biznes“ səyahət, yaxud mühacirət planları quran sekta üzvlərinin kefinə soğan doğramış, sekta içərisində gərginliyi daha da artırmışdır.)

Sekta “vicdanlı”, “dürüst” qəhrəman obrazları istehsal edir: hakimiyyət və onun kimi düşünməyənlər nə qədər söyülürsə, bir o qədər qəhrəman obrazı güclənir. Amma bir gün qəhrəmanın səhvi onu bir göz qırpımında asanlıqla qurbana çevirir və o, dinlənilmədən virtual edama göndərilir.

Sekta siyasi proseslərə fərqli baxışı, arqumentli, təmkinli analizi və azacıq loyal, soyuqqanlı münasibət göstərənləri bağışlamır. İnsan haqlarını özünün prioritetlərindən biri sayan sekta onun kimi düşünməyənlərə münasibətdə sosial şəbəkələr vasitəsilə alçaltmanın hər növünü məqbul sayır. Sektanın cəzalandırma mexanizminə sosial şəbəkə üzərindən linçləmə, dediyim kimi, həmin şəxsin donoslar vasitəsilə maddi dayaqlarının əlindən alınması daxildir. Hətta fb-un səthində linçlənən şəxsin əleyhinə özəl səs yazıları və mətnlər kəpənək kimi uçuşacaq.

Sekta yalnız bir baxış bucağını dəstəkləyir: hakimiyyətin bütün hallarda istisnasız radikal tənqidi və təhqiri, “Bu şəhərdə”nin belə özünə rəva görmədiyi estetikada lağlağı, məzhəkə ritorikasını.

Qəhrəmanın qurbana çevrilməsini şərtləndirən digər məsələlər homoseksualları dəstəkləməyən, gender balansını gözləməyən, ikidən artıq cinsiyyət mənsubiyyəti tanımayan hər hansı fikri və seksist münasibəti ola bilər. Hər iki mövzu beynəlxalq təşkilatlar üçün vacibdir. Və keçmiş qəhrəmanın səhvlərindən sekta mümkün qədər yararlanmağa çalışır. Obrazlı desək, nə qədər çox qan varsa, o qədər çox qrant olacaq (şərhlərdən biri: “Özünün də dediyinə görə, ictimai sektordan bir çoxları döyülmə söhbətindən fayda götürməkçün Əminəyə (İlkinin həyat yoldaşı) bir çox təkliflər ediblər”).

Donos yazanların kimliyi sektaçılara məlum olsa da, bu haqda açıq tekstlə ictimai danışmırlar. İlkin də bu haqda sonadək danışmaq istəmədi. Bir az xəbərdarlıq tonunda açıq danışmamasının səbəbini belə izah etdi: “İctimai sektor haqda hamının bildiyi həqiqətləri desəm, vətəndaş cəmiyyəti məhv olar”.

Sektada sürətli və səmərəli informasiya mübadiləsi gedir, hamı bir-birinin kim olduğu, hansı məqsəd güddüyü, hansı səhvləri olduğu haqda ətraflı məlumata malikdir.

Sektada insan haqlarına və mediaya yönələn qrantlar konkret şəxslərin monopoliyasındadır. Beynəlxalq təşkilatların yanında nüfuz sahibi olan bu adamlar qərar verir ki, layihələrdə kimlər iştirak etməli, kimlər linçlənməli və oyundan kənarda qalmalıdır.

Qurban-qəhrəman, qəhrəman-qurban transformasiyası sektanın fəaliyyət prinsiplərindəndir. Hakimiyyət qarşısında duruş gətirənlər sekta qarışısında duruş gətirə bilmirlər. Əgər qurban bağışlanmaq istəyirsə, daha çox söyməli, həbsə düşməli və həyatının daha bir neçə ilini itirməlidir. Sekta amansızdır və qurban tələb edir. Hətta Cim Cons öz sekta üzvlərinə bu qədər amansız olmamışdı. Ən azı özü də onlarla bərabər könüllü intiharı seçmişdi.

azlogos.eu

Sevda Sultanova