"DİN-ə vətəndaş cəmiyyətinin təklif və təşəbbüslərini çatdıracağıq"- Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə söhbət

Dünən Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib və olduqca şəffaf seçkilər nəticəsində Şuranın 15 üzvü müəyyən edilib. Keçirilən seçkilərin qaliblərindən biri də Mehriban Zeynalovadır. Mehriban Zeynalova AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

- Mehriban xanım, 1998-ci ildən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədrisiniz. Sizcə, ictimai iştIrakçılığın cəmiyyət üçün əhəmiyyəti nədir?

- Vətəndaşlar ictimai təşkilatlara qoşulmaqla və qərarların qəbul edilməsində iştirak etməklə dövlət və cəmiyyətlə sivil əlaqəlır qurmaq, tələblərini çatdırmaq və ümumi məqsədlərə çatmaq üçün birgə fəaliyyət göstərmək imkanı əldə edirlər. "İctimai iştirakçılıq haqqında" qanuna uyğun olaraq hal-hazırda bütün nazirliklərin, komitələrin, yerli icria hakimiyyətlərinin nəznində ictimai şuralar yaradılır. Fəaliyyətin məğzi ondan ibarətdir ki, Şura üzvləri dövlət qurumları yanında məşvərətçi orqan olaraq nazirliklərin fəaliyyətinin şəffaflaşması və güclənməsi üçün vətəndaş təşəbbüskarlığını ifadə edir. Eyni zamanda, fəaliyyətdə hansısa boşluqlar varsa, onların aşkarlanmasına, dəyişikliklərlə bağlı təkliflərin hazırlanmasına dəstək olur. Bu platformanın mahiyyəti, hədəfi - birgə əməkdaşlıqdır, cəmiyyəti gücləndirməkdir. Odur ki, bir neçə istisna xaricində bütün nazirliklərin nəznində qeyri-hökumət təşkilatları ilə dövlət qurunmları arasında əməkdaşlıq gücləndirilir. Görünən odur ki, qalan digər nazirliklərdə də bu proses başladılacaq.

- DİN yanında İctimai Şuraya keçirilən seçkilərdə yüksək səs toplayaraq İctimai Şura üzv seçildiniz. Niyə bu seçkidə iştirak etmək qərarına gəlmişdiniz?

- Mən qadın hüquqları, insan alveri və məişət zorakılığı ilə bağlı problemlərlə məşğul oluram. Buradakı fəaliyyətim müddətində bu cür problemlərin həlli ilə istiqamətində təkliflər verəcəm. Nazirlik bu təkliflərə baxacaq. Ola bilsin ki, hansısa qanunvericiliyin dəyişdirilməsi məsələsi gündəmə gəlsin, yaxud təkminləşdirilməsi ilə bağlı ideyalar səslənsin. Polis əməkdaşlarının davranışında da hansısa problem olarsa, bunu da müzakirə edəcəyik. Bütün hallarda İctimai Şura qanunların aliliyinin təmin olunmasında DİN-ə vətəndaş cəmiyyətinin təklif və təşəbbüslərini çatdıracaq.

- Sizcə, DİN yanında İctimai Şuaraya seçkilərdə şəffaflıq necə təmin olundu?

- DİN yanında İctimai Şuraya keçirilən seçkilər olduqca obyektiv keçdi. İnsanların bir-birinə dəstək verməsi normaldır. Lakin bu proses dostları, cəmiyyət üçün dəyərli insanları bir-birinə qarşı qoyan prosesə çevrilməməlidir. İctimai Şuraya seçkilər zamanı ciddi rəqabət vardı, bütün tərəflər prosesə ciddi hazırlaşmışdı. Elə mübarizənin və nəzarətin ciddiliyi nəticəsində seçki ikinci tura qaldı. Seçkilərin obyektivliyinə şübhə salan bütün ittihamları qətiyyətlə inkar edirəm. Çünki orada elə adamlar namizədliyini vermişdi ki, hər addıma nəzarət edirdilər.

- Bəs, DİN yanında İctimai Şuraya çox sayda müraciət olunmasının səbəbini nədə görürsünüz?

- Yəqin ki, hər kəs gərəkli olmağa çalışır. Müxtəlif səbəblər ola bilər. Bəziləri bu qurumla sıx əməkdaşlıq etmək istəyir. Təbii ki, maraq üçün müraciət edənlər də var idi. Bəziləri sırf peşə fəaliyyətində qarşılaşdığı məsələlərə, digəri monitorinqi yaxşı bildiyinə görə düşünür ki, iştirakı vacibdir. Bütün hallarda nəticələr artıq məlumdur.

- İctimai Şuraların təşkili və fəaliyyəti ilə bağlı qanunverericilikdə hansısa dəyişikliklər zəruridirmi?

- Proses zamanı boşluqlar ortaya çıxırsa, həmin boşluqlarla bağlı təkliflər olur. Artıq müəyyən təkliflər səslənir, ancaq düşünürəm ki, bunun üçün əvvəlcə fəaliyyət formalaşmalıdır. Yanlız bundan sonra boşluqlar aşkarlana və onlar barədə müzakirələr başlaya bilər.

Şəbnəm Zahir

AzNews.az