Şuşa ilə görüş - REPORTAJ

Daşlı bulağın yanından buruluram küçəyə...

Bir az da gedib "dörd yola” çatıram və evimizin bir addımlığındayam. Amma evimiz yoxdur... Gözümün qarşısından eyvanda oynayarkən atamı uzaqdan görməyim və qaçıb evdəkilərə xəbər verməyim bir kino lenti kimi keçir...

"Şuşaya səfər var. Səni də şuşalı jurnalist kimi dəvət edirlər” xəbəri bədənimdən gizilti kimi keçdi. İki dünya bir olsa da, getmək lazımdır. Getməsəm, Allahyar babamın, şəhid atam Feruz Məmmədovun, şəhid dayım İlham Məmmədovun, nənəmin, xalamın ruhları məni bağışlamazdı. Şuşa ilə görüşə bir neçə gün qalır, elə hey özümü toxtaq tutmağa çalışıram. Amma alınmır, "Şuşa” adı harada səslənirsə, gözlərim dolur.

"Sən də Qalaya gedirsən?”

Gecə yarısı – 02:30-da qapıdan çıxanda bir anlığa öz-özümə deyirəm ki, şükürlər olsun Allaha, Şuşadan Bakıya - Goradil bağlarındakı pansionata qədər olan yolu indi geriyə, Şuşaya qayıdıram.

Saat 04:00-da səfər üçün müəyyən olunmuş görüş yerindəyəm. Toplantı yerinə gələndə gördüm ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə bu səfərə tək şuşalı jurnalistlər deyil, həm də şuşalılar gedir. Onların içərisində ən çox yaşlıların olması diqqəti çəkirdi. Görüşəndə isə keçmişdə olduğu kimi "sən də Qalaya gedirsən?” demələri isə şuşalıların heç dəyişmədiyinə işarə idi.

"Zəfər Yolu”

Könüllülərin köməkliyi ilə yerbəyer olduqdan sonra yola düzəldik. Şuşalı jurnalist həmkarlarımızla maşında olan söhbətlərin əvvəli-axırı elə Şuşadan oldu. Nəhayət, Füzulinin Əhmədbəyli kəndinə çatanda hamının gözləri maşının aynasından çölə dikəlir. Ermənilərin vəhşiliyi açıq şəkildə görünür. Bir ev belə salamat deyil, hətta azərbaycanlılara o qədər nifrət bəsləyiblər ki, daşı-daş üstə saxlamayıblar. Dəhşətli mənzərəni seyr edə-edə "Zəfər yolu”na çıxırıq. Şəhid olan hərbçilərimizin ruhuna dua oxumadan bu yolu keçmək mümkün deyil. Yolumuz qısaldıqca səbrimiz də qısalır, daha tez Şuşaya çatmaq istəyirik. Budur, qeyrətimizin, namusumuzun tacı Şuşa görünür. Özümdən asılı olmayaraq "can, ay Şuşa” deyib, qəhərlənirəm. İçimdə uşaq kimi sevinirəm ki, evə gedirəm...

Düş görüm, necə düşürsən

Daşaltı kəndindən keçib üzü yuxarı qalxanda maşında bir susqunluq hökm sürürdü. Şuşa lap yaxında idi. Şəhərin girəcəyindəki Şor bulaq və artıq Şuşadayıq. O anda insan keçirdiyi hissləri dilə gətirməkdə çətinlik çəkir. Bilmirsən sevinəsən, ya kədərlənəsən!? Şəhərə baxa-baxa qanım donub, birdən "Şuşa könüllüsü” uca səslə deyir ki, Cıdır düzündəyik. Hamı maşından düşür, amma düş görüm, necə düşürsən? 29 ildən sonra ilk dəfə ayağın Şuşaya, Cıdır düzünə dəyir. İlahi, bu necə hissdir... Asta-asta irəliləyib qayalıqların üstünə çatdım. İndi bu torpağa əlini sürtüb necə sevməyəsən, əzizləməyəsən? Bir anlığa dünyasını qaçqınlıqda dəyişən nənəmin sözü yadıma düşdü: "Dədəm, nənəm sənə qurban, ay Şuşa!”

Anama söz vermişdim ki...

Bakıdan çıxanda anama kəklikotu gətirəcəyimə söz vermişdim. Jurnalist həmkarlarımla Xankəndiyə tərəf baxanda elə bil burnuma kəklikotunun ətri gəldi. Qayaların dibində qurumaq üzrə olan kəklikotu gözümə dəydi. Yığmağa başladım. Həmkarlarım nə etdiyimi soruşanda dedim ki, anama söz vermişəm, kəklikotu aparacağam. Daha sonra Gövhər ağa məscidinə üz tuturuq. Burada hər kəs əlini göyə açıb dua edir, göz yaşları içərisində şəhidlərə dua oxuyub Şuşanın azad olmasına şükür edirdi.

Evimizin bir addımlığında

Səbirsizliklə veriləcək sərbəst vaxtı gözləyirdik. Və bu zaman yetişdi. Hamıdan ayrılıb evimizə doğru irəlilədim. "Azərbaycan” kinoteatrının yerini gördüm. Yaddaşımda bu kinoteatrın yeri mənim üçün əzizdir. Çünki atam uzun illər bu kinoteatrda çalışmışdı və burada xeyli sayda filmlərə baxmışdım. Yolun əks tərəfində Şuşa əmanət bankı idi. "Sberkassa”nın müdiri rəhmətlik Əhməd müəllimi xatırlamasam olmur. Yolun əks tərəfindəki internat məktəbinin də xarabalıqları qalıb. Bir az da gedib "dörd yola” çatıram və evimizin bir addımlığındayam. Amma evimiz yoxdur... Gözümün qarşısından eyvanda oynayarkən atamı uzaqdan görməyim və qaçıb evdəkilərə xəbər verməyim bir kino lenti kimi keçir...

Baba, yurdunda yurdçu ola bilmədik, bizi bağışla

Oxuduğum Hüsü Hacıyev adına 4 saylı orta məktəbin qarşısından keçəndə orada dayanan əsgərimizə zarafatyana deyirəm ki, bu məktəbdə oxumuşam, buradan muğayat olun. Hər ikimiz gülürük. "Qarabağ” otelində çalışan fəhlələrlə hal-əhval tutub parkın içərisindən keçib musiqi məktəbinə çatıram. Bir il tar sinfində oxuduğum musiqi məktəbi tamamilə dağılıb. Musiqi məktəbinin arxasından Aşağı Gövhər ağa məscidinin yarıdağılmış minarələri görünür. Deməli, rəhmətlik Allahyar babamın evinə az qalıb. Yolla üzü aşağı düşürəm, dəhşətli mənzərədir, küçə boyu bir salamat ev belə yoxdur. Babamgilin evini isə ermənilər bünövrəsinə qədər söküblər, su quyusunu daşla doldurublar. "Baba yurdunda yurdçu ola bilmədik, bizi bağışla” deyib, ruhuna dua oxuyuram.

"Ev yiyəsinə deyərsiniz ki...”

Yolumu salıram çayçı Salehin evinə tərəf. Daşlı bulağın yanından buruluram küçəyə. Dəmir darvazadan içəri girəndə əsgərlərin olduğunu görürəm. Salamlaşıram və çəkiliş aparmaq istədiyimi deyirəm. "Əmi, heç bir problem yoxdur. Ev yiyəsinə deyərsiniz ki, burda qaldığımız üçün haqqını halal etsin!” deyir əsgərlərimiz. Halal haqqı olandan da halallıq istəmək ancaq qalib əsgərə xas olan ləyaqətdir.

Şuşa bizi bağışladımı?

Artıq geriyə - Bakıya dönüş başlayır. Amma Şuşadan getmək çətindir... Xatirələrdən ayrılmaq istəmir insan. Görəsən Şuşa bizi bağışladımı? Şuşanı hər kəsdən, hamıdan çox istədiyi üçün qəbri belə olmayan dədəm (atam) məni bağışladımı? Bilmirəm, bundan əmin olmaq çox çətindir. Əmin olduğum isə odur ki, Şuşa bizimdir, Şuşa Azərbaycandır! Tezliklə yeni və gözəl Şuşada görüşərik.

Bəxtiyar Məmmədli

Bakı-Şuşa-Bakı