"Doğru zamanda doğru prioritetlər seçdim" - Dünyanın ən nüfuzlu universitetinə qəbul olan Dəniz Səttarlı

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi, 16 yaşlı Dəniz Səttarlı dünyanın ən qabaqcıl universitetlərindən hesab edilən ABŞ-da Massaçusets Texnologiya İnstitutuna (MTU, Massachusetts Institute of Technology - MIT) qəbul olunub.

Dəniz Səttarlı AzNews.az-la uğurunun sirlərini bölüşüb:

- Dəniz, təbrik edirik. Zəhmət olmasa öncə özünüz haqda məlumat verərdiniz.

- Mən Dəniz Səttarlı, Türkiyə Dəyanət liseyinin 11-ci sinif şagirdiyəm. İndiyə kimi müxtəlif olimpiadalarda iştirak etmişəm. Dünən Massaçusets Texnologiyalar Universitetinə bakalavr üzrə qəbul olmuşam.

- Dərslər, tapşırıqlar, fərdi inkişaflara zamanınızı necə ayırırdınız?

- Ümumiyyətlə, dərslərə və tapşırıqlara vaxt ayırarkən birinci prinsipim hər zaman prioritetləri düzgün müəyyənləşdirmək olub. Məsələn, deyək ki, müəyyən bir dövrdə hansısa imtahana hazırlaşıram və bu imtahan mənim üçün vacibdir. O zaman həmin imtahanı ön plana atıram. Digər tapşırıqlarım daha az əhəmiyyətlidirsə, onları ikinci plan edirəm. Fərdi inkişafım üçün isə dərslərdən əlavə müxtəlif dərnəklərə yazılıram. Bununla dünya görüşümü inkişaf etdirirəm. Gələcəkdə mən kimya mühəndisliyi, ətraf mühitlə bağlı olan araşdırmalara fokuslanmaq istədiyim üçün ətraf mühit təmizliyi, alternativ enerji qaynaqları ilə bağlı müxtəlif seminarlara qatılıram. Bu baxımdan Bakı Amerika Mərkəzinin təşkil etdiyi kurslar və ödənişsiz təlimlər mənə çox kömək edir.

- Necə oldu ki, təhsilinizi xaricdə davam etdirməyi qərara aldınız?

- Əslində, 6-cı sinifdən etibarən Amerikada oxumaq istəyirdim. Mənə bildirilirdi ki, Amerikada ancaq yüksək maddi vəsaiti olanlar təhsil ala bilər. Orada təhsilin çox baha, tam təqaüd almağın çətin olduğu deyilirdi.

Bu baxımdan da hədəfimi Türkiyə kimi daha real ola biləcək variantlara yönəltmişdim. Lakin mən 10-cu sinifdə beynəlxalq olimpiada komandasına düşdüm. Həmin komandada tanıdığım insanlar bu istiqamətdə baxışımı tamamilə dəyişdilər. Belə ki, keçən il 10-cu sinif şagirdi idim, komanda yoldaşlarımın üçü isə 11-ci sinifdə oxuyurdu. Onların hər 3-ü dünyanın top 12-də yerləşən universitetlərinə qəbul oldular. Hətta Salman Hüseynov MTU-ya qəbul oldu. Mən də düşündüm ki, niyə də özümü sınamayım? Bəlkə də şansım var və qəbul ola bilərəm. Bu baxımdan da mən Amerika, Asiya ölkələrində 13 universitetə müraciət etdim. Onların da içindən ən yaxşısı olan MTU-ya qəbul olundum.

- Universitetə qəbul olmağınız sizin və ailəniz tərəfindən necə qarşılandı?

- Onu deyə bilərəm ki, özümü bütün hallara hazırlamışdım. Çünki, MIT-ə qəbul olmaq, sadəcə savad deyil, eyni zamanda şans məsələsidir. Belə ki, 100 xarici ölkədən sadəcə 136 tələbə seçilir və bunların arasında bəzən yer olmadığı üçün yüksək akademik bacarığı olan tələbələr seçilməyə də bilir. Bu baxımdan da özümü hər iki hala hazırlamışdım. Yəni, qəbul olmasaydım da, bu, məni üzməyəcəkdi. Çünki özümü səbrli və təmkinli olmağa hazırlamışdım. Cavabların elan olunacağı gecəni yatmamışdım. Cavabı eşidəndə əvvəlcə zarafat edildiyini düşündüm. sonradan artıq ciddi qəbul etdim və üzərimə yeni bir məsuliyyətin düşdüyünü anladım. Amma etiraf edim ki, çox sevincli, gözəl bir həyəcan idi.

Ailəm isə həddindən artıq sevincli idi. Anam isə bildirdi ki, mən tam olaraq bunu gözləyirdim. Bu 11 il ərzində potensialının, əziyyətinin ən maksimumunu reallaşdırmağını gözləyirdim. Nənəmə xəbər verəndə isə, sevinc göz yaşlarını saxlaya bilmədi. Ümumiyyətlə onu deyim ki, universitetlərin reytinqləri tələbələrin gələcəkdə tutacağı mövqelərindən əsaslanaraq dəyərləndirilir. Belə ki MIT-nin professorlarının 70 %-i Nobel mükafatçılarıdır. Düşünürəm ki, bu da mənim gələcək inkişafıma çox müsbət təsir edəcək.

- Təhsil alacağınız universitetin əhəmiyyətindən, həmçinin seçim etdiyiniz ixtisasdan bəhs edərdiniz.

- Seçim etdiyim ixtisas kimya mühəndisliyidir. Düzünü desəm, 8-ci sinfə qədər hansı ixtisası seçəcəyimi bilmirdim, qərarsız qalmışdım. Olimpiadalarına qatıldıqdan sonra kimyaya xüsusi bir sevgim yaranmağa başladı. Beləliklə də kimya mühəndisliyi ixtisasını seçməyi qərara aldım. Bu sahə üzrə də MTU dünyanın birinci dərəcəli universitetidir.

- MTU-ya qəbul alan iki azərbaycanlı qızdan biri kimi bunun əsas səbəblərini nədə görürsünüz? Həmçinin təqaüdlə qəbul olmusunız, ya necə?

- Burslara qəbul cavabları mart ayının sonu bilinəcək. Mart ayının sonu, aprel ayının əvvəlinə gözlənilir. Amma onu da deyim ki, MTU qəbul etdiyi tələbələrin 90%-ə təqaüd verir. Çünki onların istədiyi istedadlı tələbənin sahə üzrə məqsədlərini reallaşdıra bilməsidir. Bu baxımda tələbələr üçün bütün imkanlar təmin edilir. Qəbul olmağıma əsas səbəb aşağı sinifdən akademik hazırlığın, disiplinin və məsuliyyətin yüksək səviyyədə olmasıdır. Onu da qeyd edim ki, xarici universitetlərə müraciət etdikdə, bizim üçün akademik göstəricilər və xallar bəs etmir. Bizim əlavə nailiyyətlərimiz də olmalıdır ki, bu uğur bizi digər abituriyentlərdən fərqləndirsin. Çünki yüksək IELTS nəticəsi alan çox adam ola bilər, amma onların içindən fərqlənmək, xüsusi nailiyyətlərə imza atmaq lazımdır. Həmçinin onu deyim ki, fikrimizi ifadə edə bilmək də çox mühüm bacarıq hesab edilir. Ona görə də məktublar yazmalıyıq. Müxtəlif mövzularda suallar verilir və biz bu suallara ən gözəl şəkildə cavablar verməliyik. Düşünürəm ki, bu məktubların da üzərində çox çalışaraq, ən orijinal, ən yenilikçi ideyaları tapmaq üçün çox əziyyət çəkdim. Bu məktublar, olimpiada göstəricilərim, qatıldığım kurslar, seminarlar, həmçinin əlavə fəaliyyətlər də qəbul almağımda çox böyük rol oynadı.

- Uğur yolunuzu necə şərh edərdiniz?

- Ümumiyyətlə mən uşaq yaşlarımdan çox inadkar bir insan olmuşam. Bu da müxtəlif hallarda müsbət və ya mənfi dəyərləndirilə bilər. Heç vaxt tutduğunu buraxmayan biri olmuşam. Bunun da səbəbi odur ki, uşaq yaşlarımdan atam məni süni qələbələrə öyrəşdirirdi. Hər zaman biz oyun oynayanda qəsdən elə edirdi ki, oyunda mən qazanım. Beləliklə də mənə zəfər hissini, uğur qazanmağın dadını çıxarmağımı istəyirdi. Bu hiss mənə müəyyən dövrlər çox kömək oldu. Çünki hər zaman mükəmməlliyətçi idim və ən yaxşı nəticələri əldə etmək istəyirdim. Bu baxımdan da çox çalışırdım. Lakin bir müddətdən sonra həyatda müəyyən uğursuzluqlar yaşayanda biraz mənə çətin oldu. Bununla da mən yeni bir dönəmə qədəm qoydum. Beləliklə də uğursuzluqları qəbul etməyi öyrəndim və onlardan nəticə çıxarmağı bacardım. Bu baxımdan özümü bir fərd olaraq da yetişdirdim. Hədəflərimi müəyyənləşdirdim və hədəflərim üçün doğru zamanda doğru prioritetlər seçdim. Əsas prinsipim də elə budur. Doğru zamanda doğru hədəflərə fokuslanmaq.

- Əksər hallarda, xaricdə ali təhsil almağa yollanan tələbələr sonradan geri dönməyərək, orada qalıb karyera qurmağa başlayırlar. Sizin bu barədə fikriniz nədir?

- Bundan 5,6,7 il sonra nələrin olacağını dəqiq bilmirəm. İndidən proqnoz vermək üçün düşünməyə də ehtiyac yoxdur. Çünki, bunu zaman göstərəcək və şərtlər müəyyən edəcək. Amma istənilən halda ölkəmə ən yaxşı şəkildə töhfə vermək, qazanacağım uğur və nailiyyətlərlə Azərbaycanın adını yüksəklərə qaldırmaq mənim üçün ali məqsəddir.

- Xaricdə təhsil almaq istəyənlərə nə kimi tövsiyələrin var?

- Ən başlıca tövsiyəm budur ki, heç nədən qorxmayın, ürəkli olun və özünüzə güvənin. Çünki həqiqətən də mümkünsüz bir şey yoxdur. Belə bir ümumi fikir var ki, bunlar mümkünsüzdür və sadəcə kiçik bir qrupun edə biləcəyi bir işdir. Xeyr. Öz potensialına inanan, öz arzularının arxasınca hər şeyi etməyə hazır olan insanlar bunu həqiqətən də bacara bilərlər. İnanın, olmayacaq bir şey deyil. Özünüzü inkişaf etdirin, müxtəlif kurslara qatılın, məktəbdən əlavə fəaliyyətlərə, olimpiadalara, "start-up"lara, konfranslara qatılın. Çoxlu kitablar oxuyun, filmlərə baxaraq dünyagörüşünüzü artırın. Nailiyyətlər önəmlidir, eyni zamanda da dünyagörüşümüzün, özümüzü ifadə etmək qabiliyyətimizin yüksək olması da mühümdür. Bu baxımdan da geniş dost çevrəsinə sahib olmaq, onlarla ünsiyyətdə olmağımızın fərd olaraq bizə müsbət təsirləri olacaq.

Aynur HÖKMÜRƏVAN

QEYD: Müsahibə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi" sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə təqdim olunur.