Elm nə zaman inkişaf edir? - Anar İskəndərov açıqlayır

Ölkəmizdə artıq hər il martın 27-i Elm Günü kimi qeyd edilir. Elm Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən təsis edilib. Bu gün münasibəti ilə Aznews.az tarix elmləri doktoru, professor Anar İskəndərovla əlaqə saxlayıb.

“Hər il olduğu kimi bu il də Azərbaycanda Elm Günü kimi qeyd olunur. Mən də fürsətdən istifadə edib Elm günü münasibətilə Azərbaycanın elm adamlarını ürəkdən təbrik edirəm, onlara işlərində uğurlar arzu edirəm. İndi isə mövzu ilə bağlı deyəcəklərimə keçid almaq istəyirəm"- deyə sözə başlayan A.İskəndərov bildirib ki, hər hansı faktın müqayisə olunması üçün onun analogiyası olmalıdır: "Azərbaycanda elmin vəziyyəti nə yerdə olduğunu dəyərləndirmək üçün ilk olaraq onu aydınlaşdırmaq lazımdır ki, konkret elm sahələri hansı ölkələrdə olan vəziyyətlə müqayisə olunur. Sualdan çıxan cavab da elə budur".

Həmsöhbətimiz bildirib ki, 1991-ci ilə qədər Azərbaycan "SSRİ" deyilən imperiyanın təkib hissəsi olub: Müttəfiq respublika kimi mövcud olmağımıza baxmayaraq, nəhəng imperiyanın tərkibində idik. Təbii ki, qazanılan da, itirilən də imperiyanın adına yazılırdı. Hər bir ölkənin riyaziyyatçısı, tarixçisi, geoloqu imperiya miqyasında tanınırdı. Məsələn, Azərbaycan neft ölkəsi olaraq neftlə bağlı edilən kəşflər vardı. Bu kəşfləri edənlər və bu siyahıda yer alan azərbaycanlılar xüsusilə tanınırdı. SSRİ üçün ən vacib simalardan biri Fərman Salmanov idi. Təbii ki Azərbaycanda riyaziyyat sahəsində sovet dönəmində uğur qazanan alimlər çox olmuşdu”.

Tarix elmləri doktoru bildirdi ki, bu gün Rusiya Federasiyasındakı ensiklopediyaları axtarsaq “veduşiy” ifadəsinin Azərbaycan ziyalısı, akademik Mirabbas Qasımova aid olduğunu görərik”.

“Ümumiyyətlə bu söz onunla bağlı işlənib. Heç şübhəsiz ki, ondan başqa da Azərbaycanın ziyalıları olub. Kimya elmi sahəsində Yusif Məmmədəliyevin adı hər yerdə məşhur idi. İkinci dünya müharibəsində təyyarə və raketlər üçün benzinin hazırlanmasında bu insanın müstəsna xidmətləri olub. Amma eyni zamanda onu qeyd etmək lazımdır ki, 1991-ci ildən sonra Azərbaycan müharibə vəziyyətində, bir miyon qaçqını olan, torpaqlarının 20 %-i itirən ölkə idi. Belə bir ölkədə “elmin səviyyəsi aşağıdır” söylənməsi sadəlövhlük olar. Elm nə zaman inkişaf edir? Təbii ki, elmin inkişafı üçün münbit şərait yarananda. Ancaq müharibə şəraitində olan bir dövlət elm sahəsində böyük bir uğur qazana bilərmi? Əlbəttə, yox! Amma bir daha qeyd etmək istəyirəm ki, Azərbycan da, Azərbaycan xalqı da təbiət elmləri sahəsində kifayət qədər uğurlar qazanıb. Amma yaddan da çıxarmayaq ki, bu gün "Şimali Azərbaycan" dediyimiz ərazidə 10 milyon azərbaycanlı yaşayır. "Qərbi Azərbaycan" dediyimiz ərazidə ümumiyyətlə azərbaycanlılar yaşamır. "Cənubi Azərbaycan" dediyimiz ərazidə isə azərbaycanlıların heç bir hüququ yoxdur”.

Anar İskəndərov sözlərinə belə davam edib: "Azərbaycandan kənarda hər bir azərbaycanlı hansı uğuru qazana bilərsə, onun üçün şərait yaratmalıyıq. Əslən Türkiyədən olan, Nobel mükafatı laureatına layiq görülən Səncər deyir ki, əgər mən ABŞ-a getməsəydim, ən müasir labaratoriyanı mənə verməsəydilər, Nobel mükafatını qazana bilməzdim. Təbii ki Azərbaycanda da elmin inkişafı üçün imkanlar var, şərait yaradılır, elmə dövlət qayğısı göstərilir. Ancaq Azərbaycan nə Böyük Britaniya, nə Almaniya, nə Fransa , nə də ABŞ-dır.

Anar İskəndərov əlavə etdi ki, elmə nə qədər büdcədən vəsait ayrılsa da, narazı baxışlara şahid oluruq:

“Elmin maliyyələşdirilməsi büdcədən ayrılan vəsait hesabına həyata keçirilir. Amma eyni zamanda onu da qeyd etmək lazımdır ki, artıq 2018-ci ildən etibarən kifayət qədər layihələr irəli sürülüb, qərarlar qəbul olunub və bir çox uğurlara imza atılıb. Azərbacan dünya elminə inteqrasiya olunub. Bu istiqamətdə Azərbaycan gəncləri kifayət qədər uğurlu tədqiqatlar aparıb. Bildiyim faktdan bir neçəsini deyim. Bu gün nano texnologiya, kimya, fizikanın ən müasir sahələri üzrə Bakı Dövlət Universiteindən bir neçə tələbə uzun illərdir ki, İspaniya, Almaniya, Portuqaliyada elmi-tədqiqat labratoriyalarda çalışırlar və kifayət qədər uğur da qazanırlar. Bu söylədiklərim cəmi bir ali məktəbin bir neçə ixtisası ilə bağlı idi. Amma ümumilikdə götürsək, Azərbaycanın elmin müxtəlif sahələrində uğurları var və bu uğurlar çox istiqamətlidir. Ən əsası da odur ki, bu uğurlarımız durmadan inkişaf edir".

Professor fikirlərini belə tamamlayıb:

“Azərbaycan müstəqil bir dövlət kimi bütün sahələrdə uğurlar qazanaraq ərazi bütövlüyünü təmin edir. Eyni zamanda, iqtisadi cəhətdən də böyük güc, nüfuz sahibidir. Azərbaycan enerji resursları ilə dünyanın bir çox ölkələrinə yardım göstərir. Bütün bunlar Azərbaycanda elmin uğurlarına təkan verir. Amma elmin vətəni yoxdur. Elm bəşəriyyətə məxsusdur. Biz də bəşəriyyətin bir parçası olaraq toplum və dövlət olaraq çalışırıq ki, elmə töhfə verək".

Aynur HÖKMÜRƏVAN