OV ÜÇÜN İCAZƏ ALMAQ MÜTLƏQDİRMİ? - HÜQUQİ ŞƏRH

Hazırda ov mövsümüdür. Daxili İşlər Nazirıliyi və ETSN-nin yaydığı məlumatlarda az qala hər gün qanunsuz ov edənlərdən danışılır. Bir çox ovçuların ov üçün icazə almaması onları hüquqi məsuliyyət qarşısında qoyur.

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri Taleh Şahsuvarlı bildirir ki, ova çıxmazdan əvvəl mütləq rəsmi icazə almaq lazımdır:

“Bu qanunun tələbidir. “Ovçuluq haqqında” qanunun 14-cü maddəsi ov üçün icazə alınmasına həsr olunub. Əvvəla, həmin maddədə qeyd olunur ki, ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. Yəni, hər növ heyvan və ya quş ovu üçün ayrıca icazə alınmalıdır. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir".

Hüquqşünas bildirib ki, ovçuluq bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazə verilə bilməz:

“Eyni zamanda ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır”.

AzNews.az