“Büdcədə səhiyyəyə, təhsilə, elmə ayrılan vəsaitlər hiss olunan dərəcədə artırılıb”. “Büdcədə səhiyyəyə, təhsilə, elmə ayrılan vəsaitlər hiss olunan dərəcədə artırılıb”.
  • Tribuna
  • 15 Noyabr 2018 15:56
  •  3 074

“Azərbaycanın büdcəsi ilbəil artır” - Hadi Rəcəbli

“Büdcədə səhiyyəyə, təhsilə, elmə ayrılan vəsaitlər hiss olunan dərəcədə artırılıb”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O, müzakirələri yekunlaşan “2019-cu ilin dövlət büdcəsi haqqında” layihəni şərh edərkən bildirib ki, Azərbaycanın büdcəsi ilbəil artır:

“Bir neçə gündür ki, Parlamentin komitələrində və plenar iclasında büdcə müzakirələri gedir. Bütövlükdə, bütün rəqəmlər onu göstərir ki, Azərbaycanda büdcə ildən-ilə artmaqdadır. Bu artımın son nəticəsi Azərbaycan vətəndaşının güzəranının yaxşılaşdırılmasıdır. Bunu bir rəqəmlə ifadə etmək olar: Azərbaycan büdcəsinin 33.4 faizi bilavasitə sosial məqsədlərə yönəldilib. Səhiyyəyə, təhsilə, elmə ayrılan vəsaitlər hiss olunan dərəcədə artırılıb. Bunu, eyni zamanda, başqa sahələrə də şamil eləmək olar. Təkcə 2018-ci ildə pensiyaların ödənməsi ilə bağlı təxminən 200 milyon manata qədər artıq vəsait ödənilib. Bu da möhtərəm Prezidentimizin imzası ilə Parlamentə gələn qanunların tətbiqi ilə bağlı olan məsələlərdir”.

Komitə sədri vurğuladı ki, ötən il də həm ehtiyac meyarı, həm minimum əmək haqqı, həm də yaşayış minimumu ilə bağlı çıxışlar oldu. O çıxışlarda müxtəlif təkliflər səsləndirildi. Nəticədə Prezident İlham Əliyev büdcə layihəsində həm ehtiyac meyarının, həm də yaşayış minimumunun rəqəmlərini artdı:

“Biz bu il də o rəqəmləri səsləndirdik. Bilirsiniz ki, bizə təqdim olunan layihədə yaşayış minimumu 180, ehtiyac meyarı 143 manatdır. Amma düşünürəm ki, bu müzakirələr son nəticədə həm ehtiyac meyarının, həm də yaşayış minimumu rəqəmlərinin artmasına gətirib çıxara bilər. Çünki bunlar həssas məsələlərdir. Bu, ilk baxışdan çox az görünə bilər, məsələn, məbləğ 10 manat artırılsa, bu, ölkə üzrə azı, 300 milyon manata qədər vəsait tələb edir. Bu istiqamətdə hər hansı bir dəyişikliyin olacağı gözlənilir. Bilirsiniz ki, ilk dəfədir bu müzakirələr parlamentdə birinci oxunuşda deyil, üç oxunuşda keçir. Bu bir daha şərait yaradır ki, hər bir rəqəmə, hər bir elementə daha diqqətlə yanaşaq və onları əsaslandıraq”.

Qeyd edək ki, bu gün Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirələri başa çatıb. Müzakirələrdə səsləndirilən fikir və təklifləri nəzərə almaq üçün hökumətə 8 gün vaxt verilib. Büdcə layihəsinin təsdiqi ilə bağlı növbəti iclaslar 23 və 30 noyabr tarixlərində keçiriləcək.

Elgün Mənsimov
AzNews.az