Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan dahi şəxsiyyət Heydər Əliyevdir Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan dahi şəxsiyyət Heydər Əliyevdir
  • Tribuna
  • 14 İyun 2020 13:26
  •  13 581

15 iyun - dövlətçilik tariximizin şanlı səhifəsi

Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan dahi şəxsiyyət Heydər Əliyevdir

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Həmin gün Azərbaycanın müstəqillik tarixinə xalqımızın nicat yolunun başlanğıc günü kimi daxil edilib. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Həmin gün qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan dahi şəxsiyyət Heydər Əliyevdir.

AzNews.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə bildirib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə yaranmış hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı. Hakimiyyət boşluğu, daxili hərc-mərclik, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan parçalanmaq, dünya xəritəsindən silinmək astanasında idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ulu Öndər sonralar öz çıxışlarında müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Ölkədə yaranmış birincilik davası silahlı qarşıdurma həddinə çatmışdı. Ayrı-ayrı qruplara xidmət edən qeyri-qanuni silahlı qruplaşmalar əhalini qorxu, xof içərisində saxlayırdı. Gəncədə hakimiyyətə tabe olmayan silahlı birləşmə sərhədlərimizi boş qoyaraq geriyə çəkilir, bundan istifadə edən erməni hərbi birləşmələri isə tədricən torpaqlarımızı işğal edirdi. Belə çətin məqamda xalqın son ümid yeri dövlət idarəçiliyində zəngin təcrübəsi və dünyada nüfuz sahibi olan Heydər Əliyevə idi. Xalq yaxşı bilirdi ki, yalnız müdrik şəxsiyyət Heydər Əliyev xalqı və Vətəni düçar olduğu ağır vəziyyətdən xilas edə bilər. Respublikanın ziyalıları, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri Heydər Əliyevə müraciət edərək, Azərbaycanın məhv olmaqdan xilası üçün ona üz tutdu. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək, Bakıya qayıtdı və müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, ölkədə ciddi nizam-intizamın əsası qoyuldu. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən, məhv olmaqdan xilas edildi. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında müdrik şəxsiyyət Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq idi. Bu çətin və şərəfli iş ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ulu Öndərin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi xalqımızın qarşılaşdığı ağır problemlərin tədricən aradan qaldırılmasında mühüm rol oynadı. Parçalanmaq həddində olan xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, daxili intriqalardan, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı və dünya birliyinə inteqrasiya olundu. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. Azərbaycanın beynəlxalq təşkilatlarla, həmçinin dünyanın inkişaf etmiş demokratik dövlətləri ilə əlaqələri genişləndi. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Təbii ki, Azərbaycanın inkişafını gözü götürməyən bəzi xarici dairələr, eləcə də ölkədə hakimiyyəti ələ keçirmək istəyən bir sıra vəzifə hərisləri gənc müstəqil Azərbaycanın dünyaya inteqrasiyasını heç cür həzm edə bilmirdilər. Odur ki, hakimiyyəti ələ almaq üçün minbir oyundan çıxırdılar. Ancaq bütün bunların qarşısı qətiyyətlə alındı. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz tarixi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən müstəqil ölkəmizin ilk Konstitusiyası qəbul olundu. Bundan sonra ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.
Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Müdrik şəxsiyyətin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Heydər Əliyev keçmişə istinad edərək, bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi, gələcəyi üçün zəruri olan siyasi strategiyanı müəyyənləşdirdi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Heydər Əliyevin bu günə hesablanmış siyasi kursu Azərbaycanı daha yüksək zirvələrə qaldırıb. Bu kursu layiqincə davam etdirən və ulu öndərin yarımçıq qalmış ideyalarını reallığa çevirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə titanik fəaliyyəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Möhtərəm Prezidentimizlə çiyin-çiyinə çalışan Mehriban xanım Əliyevanın yorulmaq bilmədən fəaliyyətini qeyd etməmək olmaz. Məhz birinci xanımın fəaliyyəti sayəsində bu gün Azərbaycan mədəniyyətlər və sivilizasiyalararası dialoq məkanına çevrilib.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyil, həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.