“6 partiyanın YAP-a qoşulması cəmiyyətdə iqtidara olan inamın göstəricisidir”

“Hər şey ortadadır”

Bu gün inkişafına görə regionun lider dövləti olan Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır. Bu da səbəbsiz deyil. Belə ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi zamanı düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımız işğaldan azad edən rəşadətli ordumuz Zəfər dastanını yazdı. Heç şübhəsiz ölkəmizin bu Zəfərinin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır. Onu da qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanı hər keçən gün yeni-yeni uğurlara aparan bu siyasətin reallaşdırılmasında Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının (YAP) da müstəsna xidmətləri var. Daim yeniləşən, sıralarında ölkənin tanınmış simalarını, fəal gəncləri birləşdirən , nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası hazırda cənab Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini uğurla davam etdirir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov deyib. Deputat bildirib ki, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın bütün tədbirləri, bütün qurultayları öz əhəmiyyətinə görə hər zaman yerli və xarici müşahidəçilərin diqqət mərkəzində olub:

“Partiyamızın Vll qurultayı isə bu baxımdan xüsusi olaraq fərqləndi. Bu da səbəbsiz deyil. Çünki YAP-ın Vll qurultayı Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir. Bir sözlə partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev qurultayda yeni dövrdə partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirib, onların həyata keçirilməsi üçün tapşırıq və tövsiyələrini verib”.

Vüqar İskəndərov qurultayın həm də partiyanın struktur baxımından yenilənməsi və 6 partiyanın YAP-a qoşulması barədə qərar vermələri baxımından da yaddaqalan olduğunu bildirib: “Bu qoşulma qərarını ilk növbədə son illər ərzində Azərbaycanda aparılan siyasi islahatların, ölkədəki siyasi birlik və həmrəyliyin, o cümlədən partiyalar arasındakı münbit siyasi dialoq mühitinin növbəti bariz təzahürü kimi dəyərləndirmək olar.

Məlum olduğu kimi 2020-ci il martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirmişdi ki, ölkədə genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz...” deyən cənab Prezidentin həmin çıxışından sonra atılan müvafiq addımlar, Prezident Administrasiyasının məsul şəxslərinin, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirməsi hakimiyyətin dialoq təklifinin səmimiliyinin təsdiqi idi. Yaradılan bu münbit siyasi mühit ölkəmizdə siyasi birlik və həmrəyliyin güclənməsinə təkan verdi ki, bunun da müsbət nəticəsini biz istər ötən ilin iyunda düşmən ölkənin növbəti hərbi təxribatı zamanı, istəsə də 44 günlük Vətən müharibəsi zamanı gördük”.

Həmin vaxt Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair 50 siyasi partiyanın birgə bəyanat yaymasını xatırladan Vüqar İskəndərov deyib ki, son qurultayda YAP- qoşulan 6 partiyadan üçü məhz sözügedən bəyanat yaymış 50 partiyanın siyahısında olublar: “Hesab edirəm ki, bu, həm də hakim partiyanın ölkədə müxtəlif siyasi qüvvələri birləşdirən qüvvə olduğunu göstərir. Digər tərəfdən 6 partiyanın YAP-a qoşulması cəmiyyətdə iqtidara münasibətdə müsbət rəyin və inamın göstəricisidir”.

“İstər bu qurultay, istərsə də 6 partiyanın YAP-a qoşulması eyni zamnada bir həqiqəti növbəti dəfə ortaya çıxardı. Bu da hakim partiya ilə dövlətimizə qarşı fəaliyyətləri ilə “fərqlənən” radikal, marginal müxalifət partiyaları arasındakı fərqlə bağlıdır. Yəni, görünən odur ki, cəmiyyəti parçalanmaya, xaosa, qarşıdurmaya səsləyən radikal müxalifət partiyalarından fərqli olaraq YAP bu gün cəmiyyətdə birləşdirici qüvvə kimi çıxış edir, milli birliyin və həmrəyliyin daha da güclənməsinə öz töhfəsini verir. Digər tərəfdən bu gün YAP-a müxtəlif siyasi partiyalar qoşulduğu halda, məsələn AXCP bu günə kimi 10-dək siyasi partiyaya parçalanıb. Yəni hər şey ortadadır. Bir tərəfdə ölkənin inkişafına, milli birlik və həmrəyliyə xidmət edən, birləşdirici rol oynayan YAP, digər tərəfdə dağıdıcılığı, anarxiyanı öz fəaliyyətində ön sırada tutan və mütəmadi olaraq parçalanmalarla yadda qalan radikal müxalifət partiyaları, o cümlədən AXCP var” deyə deputat sonda əlavə edib.