Azad edilmiş bölgələrimizdə yeni elm və təhsil ocaqlarının yaradılacağı gün uzaqda deyil Azad edilmiş bölgələrimizdə yeni elm və təhsil ocaqlarının yaradılacağı gün uzaqda deyil
  • Tribuna
  • 2 Aprel 2021 14:32
  •  9 743

Cənubi Qafqazda yeni siyasi reallıqlar yaranıb - Məmməd Əliyev

Azad edilmiş bölgələrimizdə yeni elm və təhsil ocaqlarının yaradılacağı gün uzaqda deyil

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan Ordusu üzərində qazandığı parlaq qələbə regionda yeni siyasi reallıqlar yaradıb. Təxminən 30 ilə yaxın həsrətlə gözlədiyimiz və bütün mədəni müəssisələri ermənilər tərəfindən yerlə-yeksan edilmiş torpaqlarımız artıq əlimizdədir. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dediyi kimi, biz oranı yenidən dirçəldəcəyik. Orada əvvəlkindən də güclü və böyük imkanlara sahib elm və təhsil müəssisələri tikilib istifadəyə veriləcəyi gün uzaqda deyil.

Bu fikirləri fəlsəfə elmləri doktoru, professor AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev bildirib.

O deyib ki, bu gün Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar yaranıb: Bir məsələni qeyd etməliyəm ki, Ermənistanın uzun illər davam edən hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarda kitabxanalar dağılaraq talan edildi. Bundan əlavə, məktəblər, texnikumlar məhv edildi. Yəni ermənilərin toxunmadığı, vandalizmə məruz qoymadığı bir məkan da qalmamışdı. Təəsüflər olsun ki, bunu bütün dünya görürdü, lakin açıq etirazlar bildirilmirdi. İllər idi ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan Ordusunun bölgəni qeyd-şərtsiz tərk etməsi ilə bağlı ardıcıl qətnamələri var idi. Lakin nə ermənilər bu ciddi, qanuni sənədə məhələ qoyurdular, nə də BMT Təhlükəsizlik Şurası qəti addımlar atırdı. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan təkcə torpaqlarını işğaldan azad etmədi, həmin mötəbər qurumların çağırışlarına və bəyanatlarına əsaslanan sənədləri də icra etmiş oldu. Yəni öz gücü və qüdrəti sayəsində haqqı bərpa etdi.

Professor əlavə edib ki, işğaldan azad edilən torpaqlarımızda yeni infrastruktur layihələri həyata keçiriləcək. Məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaq. Bundan əlavə Şuşa başqa olmaqla bütün azad edilən rayonlarımızda kitabxanalar, məktəblər, kolleclər, elmi-tədqiqat institutları və ali təhsil ocaqlarının açılacağı istisna deyil. Qarabağda təhsilin inkişafı istiqamətində bir şox addımların atılmasına ehtiyac var. Yeni təhsil müəssisələri əhalinin işlə təmin edilməsində, həmçinin bu ərazilərin iqtisadi cəhətdən inkişafında da əsaslı rol oynayacaq. Təhsil və elmin azad edilən torpaqlarımızda inkişaf etdirilməsi gələcək müdafiəmizin sığortası kimi zəruri ehtiyacdır. Bu regionda ixtisaslı kadrların artmasına, həm də bölgənin məskunlaşmasında mühüm amillərdən biri kimi mühüm əhəmiyyət daşıyır.