Deputat Tahir Rzayev: “Ərdoğanın Şuşa səfəri tarixi hadisədir” Deputat Tahir Rzayev: “Ərdoğanın Şuşa səfəri tarixi hadisədir”
  • Tribuna
  • 17 İyun 2021 23:15
  •  12 000

"Bundan sonra da çiyin-çiyinə olacağıq"

Deputat Tahir Rzayev: “Ərdoğanın Şuşa səfəri tarixi hadisədir”

"Azərbaycan xalqı bu səfəri səbirsizliklə gözləyirdi. Qələbəmizdən sonra gerçəkləşən bu səfər sözsüz ki, hər iki xalqın ürəyincə oldu". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən millət vəkili Tahir Rzayev deyib.

Deputat Tahir Rzayev AzNews.az analitik- informasiya portalına Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışıb:

O, bildirib ki, bu sənəd böyük rəğbətlə qarşılanır:

“Çünki xalqımızın qanı bir, dini bir, amalları birdir. Bu birlik, qardaşlıq uzun illərin sınaqlarından çıxıb, imtahanlarından keçib. Ərdoğanın Şuşa səfəri Azərbaycan xalqı üçün unudulmaz gün olan Milli Qurtuluş gününə təsadüf etməsi də hər kəsin ürəyincə oldu. Qardaş ölkənin rəhbərinin işğaldan azad olunmuş Azərbaycan mədəniyyət paytaxtı Şuşaya getməsi, orada Azərbaycan- Türkiyə münasibətlərinə böyük töhfə verəcək sənədin imzalanması bu səfərin əhəmiyyətini artırmaqla yanaşı dostluğumuzun əbədi olmasına bir sübutdur.

Millət vəkili qeyd edib ki, strateji əhəmiyyətə malik olan Azərbaycan-Türkiyə əməkdaşlığının, dostluq və qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz:

“Çünki bu qardaşlıq tarixi köklərə milli- mənəvi dəyərlərə nəcib amallara arxalanır. “Bir millət iki dövlət” , “Azərbaycan- Türkiyə dostluğu əbədi və sarsılmazdır” , “Sevincimiz də, kədərimiz də birdir” kəlimələri hər iki xalqın dilində əzbərdir.

Türkiyə -Azərbaycan əlaqlələri bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etməsi üçün birgə səylər göstəririk. Şuşada imzalanan tarixi Bəyannamə hər iki dövlətin bundan sonra da çiyin-çiyinə olacağına, ölkələrimizin təhlükəsizliyi üçün birgə mübarizə aparılacağına zəmanət olmaqla bərabər regionda sülhün bərqərar edilməsinə göstərilən inamlı təşəbbüsdür. Türkiyə prezidenti dəfələrlə xatırladıb ki, Azərbaycan yanlız deyil, Türkiyə Azərbaycanın yanındadır. Türkiyə və Azərbaycan dövləti prezidentləri həmişə sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın, mehriban qonşuluğun tərəfdarı olublar. Bu ənənə bu günə qədər davam edib, bundan sonra da edəcək”.

Şəbnəm Zahir

AzNews.az