• Tribuna
  • 3 Dekabr 2021 11:25
  •  7 051

“Aşqabad görüşü Azərbaycanın növbəti iqtisadi diplomatik qələbəsidir”- Deputat

Cavid Osmanov: “Qaz tədarükü üzrə imzalanan saziş 3 ölkə arasında mövcud münasibətləri, əməkdaşlıq formatlarını daha da genişləndirəcək”

Millət vəkili Cavid Osmanov Prezident İlham Əliyevin Aşqabad səfəri ilə bağlı AzNews.az analitik-informasiya portalına danışıb.

O bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi Soçi və Aşqabad görüşlərində Azərbaycan növbəti dəfə diplomatik uğur qazanıb: “26 noyabr Soçidə keçirilən görüşdən sonra noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirilməlidir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, İƏT-in Zirvə Görüşündə üzv ölkələr Azərbaycan Prezidentini ötən ilin sentyabrında başlayan və 44 gün davam edən vətən müharibəsində ölkəmizin qələbə qazanması münasibətilə təbrik etdilər.

Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun bir sıra müddəalar öz əksini tapıb. Bu Azərbaycanın dünyada və beynəlxalq təşkilatlar içərisində durmadan artan fəaliyyəti və nüfuzundan irəli gəlir. Qeyd etmək olar ki, bu eyni zamanda Azərbaycana olan inam və etibarın təzahürüdür.

Bundan başqa üzv ölkələrə Azərbaycanın 44 günlük Vətən müharibəsindən dərhal sonra cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işlərinə başlanıldığı bildirildi.

İƏT-ə üzv ölkələrə Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidənqurma layihələrinə investisiya qoymağa çağırış edilib”.

Millət vəkili ölkə başçısının çıxışında yer alan “Zəngəzur dəhlizi reallığa çevrilir” fikirinə də münasibət bildirib: “Cənab Prezidentin də bildirdiyi kimi Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Zəngəzur dəhlizinin İƏT-ə üzv ölkələr tərəfindən dəstəklənməsi və Zəngəzur dəhlizi üzərindən üzv ölkələrin də əməkdaşlıq etməsi ilə bağlı müddəalar öz əksini tapıb. Zəngəzur dəhlizi yeni iqtisadi imkanların yaranmasına, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq. Bu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün də böyük əhəmiyyət kəsb edir”.

C. Osmanov səfər çərçivəsində Azərbaycan İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü üzrə imzalanan sazişin , 3 ölkə arasında mövcud münasibətləri, əməkdaşlıq formatlarını daha da genişləndirəcəyini qeyd edir: “Üçtərəfli müqaviləyə görə il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq. Burada Azərbaycan təkcə öz təbii qazını ixrac etməyəcək. Eyni zamanda qonşu dövlətlər də Azərbaycan enerji kəmərlərindən istifadə etmiş olacaq ki, burada Azərbaycan əlverişli və etibarlı logistika ölkəsi kimi iştirak edəcək. Bu baxımdan , Aşqabad görüşünün Azəbaycanın növbəti iqtisadi-diplomatik qələbəsi olduğunu demək olar”.

Şəbnəm Zahir