Bu gün Azərbaycanda insan hüquq­larının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur Bu gün Azərbaycanda insan hüquq­larının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur
  • Tribuna
  • 11 May 2022 16:13
  •  15 842

Demokratik cəmiyyətin və hüquqi dövlətin qurucusu

Bu gün Azərbaycanda insan hüquq­larının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur

Azərbaycan siyasi plüralizm, fikir azadlığı, insan azadlığı, vicdan azadlığı, soz azadlığı kimi prinsipləri həm dövlət siyasəti sahəsində, həm də siyasi-ictimai sahədə mühüm prinsiplər kimi həyata keçirmək yolu ilə gedir.

Heydər ƏLİYEV

Ümummilli lider

Azərbaycanın müstəqillik tarixində ulu öndər Heydər Əliyevin əziz xatirəsi ikinci ildir ki, ölkəmizin ərazi bütövlüyü şəraitində anılır. Ölkəmizin Vətən müharibəsində şanlı Qələbəsi məhz ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə qa­yıtdığı vaxtdan aparılan geniş­miqyaslı islahatlar, dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən baş­layıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Bu Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.

1993-cü ilin ikinci yarısından başlayaraq,Azərbaycanda demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu istiqamətində əsaslı dönüş yaradıldı. Həmin vaxtdan insan hüquq və azad­lıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atıldı. İnsan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən prioritet hesab edilən sahələrdən sayılır. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyindən sonra ölkəmizdə də insan hüquq və azadlıqla­rının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlət siyasətinin prioritetinə çevrildi.

Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquq­larının, azadlıqlarının təmin edilməsi, müdafiə olunması məhz ümummilli liderin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin siyasətinin başlıca əsaslarından biri kimi humanizm ənənələrinin təməli qoyulmuş, əfvetmə və amnistiya institutları təşəkkül tapmış, ölüm cəzasının tətbiqinə moratorium qoyulmuşdur.

Təsadüfi deyil ki, 1993-cü ilin iyunun­dan ölkəmizdə ölüm cəzasının icrası­na moratorium qoyulub, onun tətbiqi məhdudlaşdırılıb. 1998-ci il fevralın 10-da isə bu cəza növü Şərqdə ilk dəfə Azərbaycanda ləğv edilib. Ulu öndərin həyata keçirdiyi humanist siyasətdə va­cib məsələlərdən biri də cinayət törətmiş, əməlini etiraf etmiş və peşman olmuş şəxslərin əfv edilməsi, bağışlanması olub. Məhz ulu öndərin uzaqğörənliyi sayəsində Azərbaycan Prezidenti yanın­da Əfv Komissiyası yaradılıb və əfvetmə institutu bərpa olunub ki, bu da humaniz­min növbəti bariz nümunəsi idi.

Müdrik şəxsiyyətin bu sahədə ən bö­yük əməyi məhz müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbuludur. 1995-ci il noyabrın 12-də xalq ümummilli liderin bu təşəbbüsünü dəstəklədi. Müstəqil dövlətimizin ilk konstitusiyasının preampulasında göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulaya­raq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hü­ququndan istifadə edərək, Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlü­yünü qoruyaraq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüqu­qi, dünyəvi dövlət quruculuğunu bəyan edir. Başqa sözlə, öz tarixi müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quru­culuğunu inkişaf yolu seçib.

Müstəqil Azərbaycanın ilk Konsti­tusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının qo­runması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı dövlətimizin ali məqsədi kimi bəyan edilib. Bu məqsədə nail olmaq üçün dövlətimizdə ümumbəşəri dəyərlərə və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan qanunvericilik bazası yaradı­lıb. Beləliklə, keçmiş Sovet konstitusiya­larından fərqli olaraq, ilk dəfə, müstəqil ölkəmizin Konstitusiyasında dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilib. Ümumiyyətlə, Konstitusiyanın III fəsli bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilib. Konstitusi­yada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra, konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azad­lıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birba­şa qüvvədədir. Beləliklə, konstitusiyanın qeyd edilən normalarının təhlili göstərir ki, bu normalar hüquqi dövlət quruculuğu prinsipinin mahiyyətindən irəli gəlməklə cəmiyyətdə qanunun aliliyinə xidmət edir. Ölkəmizdə həmin vaxtdan etibarən ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquq islahatların, həmçinin onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatla­rının həyata keçirilməsinə başlanılıb. İlk dəfə olaraq üçpilləli məhkəmə sistemi yaradılıb.

Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə insan hüquq və azadlıq­larının müdafiəsi prioritet sahələrdən olub. Fakt üçün diqqətə çatdıraq ki, 1995-2003-cü illərdə ulu öndər Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılıb. Ümumilikdə, 3104 məhkum azadlığa qovuşub, amnistiya aktlarının qəbulunu mütərəqqi ənənəyə çevrilib. Ulu öndərin müstəqil dövlətimizə rəhbərliyi dövründə qəbul olunan 7 amnistiya aktı 78 mindən çox insana şamil edilib, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olu­nub. Hazırda bu hüquqi-insanpərvər ənənələr uğurla davam etdirilir.

Yeri gəlmişkən, dahi şəxsiyyətin möhkəm təməllər üzərində əsasını qoyduğu uzaqgörən siyasətin varisliyini bütün sahələrdə dövrün tələblərinə uy­ğun layiqincə davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayır. Son 18 ildə Prezident İlham Əliyevin imzaladığı 35 əfv fərmanı və sərəncamı, böyük ürəkli insanın təşəbbüsü ilə qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insana sevinc bəxş edib.

Ulu öndərin humanizm prinsiplərinə sadiqliyi ölkəmizin insan hüquq və azadlıqlarının müdafiəsi haqqında beynəlxalq konvensiyalara qoşulmasın­da da özünü büruzə verir. 1998-ci ildə ümummilli liderin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzası məhz Azərbaycanda ləğv edilib. Bu, Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində müdrik şəxsiyyət Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquq­ları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair” Dövlət Proqramı mühüm rol oynayıb. Eyni zamanda, həmin dövrdə insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə, hüquqi sistemin liberallaş­dırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi ölkəmizdə demokratik inkişafa töhfə olmaqla, həm də Avropa hüquq məkanına inteqra­siyanı sürətləndirib. Müdrik rəhbər kimi ulu öndər Heydər Əliyev cəzanın humanistliyinə və adekvatlığına, tərbiyəvi əhəmiyyətinə böyük önəm verirdi. Azərbaycan 2001-ci ildən İnsan Haqları üzrə Konvensiyaya qoşulub.

Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin də rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə hakim korpusunun formalaşma­sında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Onun rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensi­yalara da imza atıb.

Ulu öndərin Azərbaycanda in­san hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıl­dıqdan sonra vətəndaşların hüquqla­rının müdafəsi sahəsində daha ciddi nailiyyətlər əldə edilməyə başlandı.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilən ən vacib məqamlardan biri də söz və mətbuat azadlığı, onun təmin edilməsidir. Ulu öndər vətəndaşların azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Konstitusiyanın 47-ci maddəsi ölkəmizdə fikir və söz azad­lığının təminatı məsələsini özündə ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması, təbii ki, Heydər Əliyevin adı ilə bağlıdır. Məhz tarixi şəxsiyyətin təşəbbüsü ilə bu azadlıq­ları məhdudlaşdıran maneələr aradan qaldırıldı. Senzura ləğv edildi. 1998-ci il avqustun 6-da Heydər Əliyev “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haq­qında” fərman imzaladı. Bu fərmanın bir bəndi ilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, mətbuatda senzuranın ləğvi demək idi.

Ümummilli liderin bizə miras qoyduğu hüquqi, dünyəvi və demok­ratik Azərbaycan dövlətinin daha da güclənməsi üçün bir vətəndaş olaraq əlimizdən gələni etməli, insan hüquq və azadlıqlarının təminatı, müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətə dəstək nümayiş etdirməliyik. Bu istiqamətdə möhtərəm Prezi­dentimizin həyata keçirdiyi siyasi kurs beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Artıq ölkəmizdə əlamətdar günlərdə əfv sərəncamının imzalanması və minlərlə məhkumun öz ailəsinə qovuşması və ya cəzasının yüngülləşdirilməsi ənənə halını alıb. Belə əfv sərəncamları Prezident İlham Əliyev tərəfindən vaxtaşırı imzalanır. İndiyədək dövlətimizin başçısı 35 əfv sərəncamı imzalayıb, beş mindən çox məhbus həbsdən azad edilib. Dünyanın heç bir ölkəsində vətəndaşlara belə humanistcəsinə yanaşılmır. Preziden­timiz həmin insanlara özlərini həyatda bir daha sınamaq imkanı verir. Bu, bir daha göstərir ki, hər bir vətəndaşın probleminin həlli, onların qayğıları ölkə rəhbərliyinin diqqətindədir. Azadlığa çıxan məhbuslar da Prezident İlham Əliyevə dərin minnətdarlarını bildirirlər. Bütün bunlar – Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə təmin olunmasın, humanizm prinsiplərinə sa­diqlik ulu öndər Heydər Əliyevin siyasi kursunun davamıdır.

Humanizm prinsiplərinə sadiqlikdən söhbət düşdükdə Birinci vitse-prezi­dent, Heydər Əliyev Fondunun prezi­denti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti mütləq qeyd edilməlidir. Özünün xeyirxahlığı və nəcibliyi ilə xalqımızın böyük ehtiram və məhəbbətini qazanmış Mehriban Əliyeva cəmiyyətimizdə humanizm ideallarının yorulmaz müdafiəçisi və təşəbbüskarı kimi şöhrət qazanmışdır. Məhz birinci xa­nımın təşəbbüsü ilə Heydər Əliyev Fon­du tərəfindən amnistiya aktlarının hazır­lanması və parlamentə təqdim edilməsi artıq xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan alqışlanan bir ənənəyə çevri­lib. Son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən dörd amnisti­ya aktı 40 min 412 nəfərə şamil olunub. Fondun bu amnistiya təşəbbüsləri ölkəmizdə cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası baxımından, o cümlədən məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib bir amilə çevri­lib. Bu təşəbbüs, həmçinin ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir. Mehriban xanım Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsini yüksək qiymətləndirərək deyib: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutma­ları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik”.

Bu gün Azərbaycanda insan hüquq­larının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqla­rın həyata keçirilməsi ilə bağlı konkret hüquq-müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahat­lar nəticəsində qanunvericilik daha da təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru