- Müşahidə məntəqəsi
- 22:06
- 862
“Müəllim hüquq və vəzifələrini bilirsə, qərar vermək imkanı var” - Ramin Nurəliyev
"Məktəblərdə müəllimlərin qərar vermək imkanlarının nə qədər yetərli və ya yetərli olmadığı məsələsi Təhsil haqqında Qanuna əsaslanır və ona uyğun olmayan hərəkət yol verilən deyil. Təhsil haqqında Qanunda müəllimin və idarəçinin hüquq və vəzifələri göstərilir. Müəllim də, idarəçi də bu hüquq və vəzifələr çərçivəsində addım atmalıdır. Müəllimin qərar vermək imkanlarının yetərli olub-olmadığını soruşsaq, cavab belədir: hüquq və vəzifələrini düzgün bilən müəllim hər hansı bir qərar vermək imkanına malikdir. Müəllim həmçinin Pedoqoji Şuranın üzvüdür və Pedoqoji Şura Ümumi Təhsil Müəssisəsinin qərar verici orqanıdır. Buna görə müəllim öz fikrini ifadə edib qərarlara təsir göstərmək imkanına malikdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, təhsil sistemində uğurun açarlarından biri effektiv liderlikdir. Rəhbərlərin strateji düşüncəsi, müəllim və tələbələrlə münasibətləri, həmçinin çevik qərarvermə bacarıqları təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Liderlik yalnız idarəetmə deyil, həm də innovasiya və adaptasiya qabiliyyətidir, təhsil isə bilik ötürməkdən əlavə şəxsiyyətin formalaşması və kritik düşüncənin inkişafını da əhatə edir.
Təhsil eksperti qeyd edib ki, Azərbaycan məktəblərində müəllimlərin fəaliyyətini nəzərdən keçirərkən bəzi hallarda hələ də passivlik və tabeçilik meyilləri müşahidə olunur.
"Yəni bəzi müəllimlər məktəb rəhbərliyinin dediklərini olduğu kimi qəbul edirlər. Əslində isə belə olmamalıdır. Məktəbin hər hansı fəaliyyəti ilə bağlı müəllimin də öz sözü, hüququ və qərar vermə qabiliyyəti vardır. Məsələn, müəllim sinifdə dərs keçərkən o sinifin rəhbəri məhz müəllimdir. Sinifdə bütün qərarlar müəllim tərəfindən verilir. Müəllimdən icazəsiz heç kəs sinifdə şagirdlərlə bağlı müdaxilə edə bilməz və dərsin gedişatı müəllimin icazəsi olmadan pozula bilməz. Müəllim istədiyi vaxt şagirdi taxtaya çıxara və sual verə bilər ki, bu da onun qərar vermə imkanlarını genişləndirir. Bununla yanaşı, müəllim məktəb rəhbərliyinə bağlı qərarlarda da söz haqqına malik olmalıdır. Təhsil haqqında Qanuna əsaslanaraq hüquq və vəzifələrini bilən müəllim məktəbin ümumi qərarlarında öz mövqeyini ifadə edə bilər. Orta ümumtəhsil məktəblərində müəllimlərin əksəriyyəti hüquq və vəzifələrini tam bilmədiyi üçün bəzən rəhbərliyin dediklərini olduğu kimi qəbul edirlər. Bu isə ideal vəziyyət deyil. Ümumilikdə, müəllim həm sinifin, həm də təhsil müəssisəsinin fəaliyyətində öz rolunu bilməli, hüquq və vəzifələrinə uyğun addımlar atmalıdır. Belə yanaşma müəllimin liderliyini və qərarvermə imkanlarını inkişaf etdirir".
Rəfiqə Namazəliyeva,
AzNews.az