- Yazarlar
- 17:21
- 2 323
Rusiya Çindən asılı vəziyyətə düşür
Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə Çindən asılılığı artır. Rusiya Qərbə sata bilmədiyi yeraltı resurslarını Çinə satır, Qərbdən ala bilmədiyi texnologiyaları Çindən alır. Rusiyanın baş naziri Mixail Mişustin 4 noyabrda Pekində Çin lideri Si Cinpinlə birgə kommünike imzalayıb. Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və xarici çağırışlara müvafiq şəkildə cavab verməyə davam edəcəklər.
Sənəddə əməkdaşlığın bütün sahələrini əhatə edən bəndlər var. Birincisi, Rusiya və Çin İkinci Dünya Müharibəsinin nəticələrinin təftiş olunmasına və tarixinin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün birgə işləyəcəklərini bəyan ediblər. İkincisi, Rusiya bir daha Tayvanın ayrılmaz hissəsi olduğu və "vahid Çin" prinsipinə sadiqliyini təsdiq edib. Bu bəndin sənədə salınması sual doğurur. Çünki, Rusiya onsuz da illərdir Tayvan məsələsində Çinin mövqeyini dəstəkləyir. Görünür, Kreml bu bəndin sənəddə yer almasına ona görə ehtiyac duyub ki, Pekin də Rusiyanın maraqlarına cavab verən digər bəndin sənəddə yer almasına razılaşsın. Bəndlərin birində Çinin Rusiyanın təhlükəsizliyin, sabitliyin və suverenliyin təmin edilməsi səylərini dəstəklədiyi bildirilib. Heç bir ölkə Rusiyaya hücum etməyib. Əksinə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir. Belə çıxır ki, Pekin Rusiyanın “təhlükəsizliyi və suverenliyinin təmin edilməsi” bəndi çərçivəsində bu ölkənin işğalçı müharibəsini dəstəkləyir. Halbuki, Pekin Rusiya-Ukrayna müharibəsinin uzanmasından narahat olmağa başlayıb. Çünki, bu müharibə Çinin iqtisai maraqlarına mənfi təsir edir.
Rusiyanın və Çin fəaliyyətlərinin siyasiləşdirilməsinə qarşı çıxmaq üçün beynəlxalq təşkilatlarda əməkdaşlığı davam etdirmək barədə razılığı bəndində yeni heç nə yoxdur. Rusiya və Çin başda BMT olmaqla müxtəlif beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılam məsələlərdə ortaq mövqedən çıxış edirlər. Rusiya və Çinin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu göstərən bəndin sənədə salınması da maraq doğurur. Çünki, Rusiya və Çin bu iki təşkilat yarandığı gündən bəri vahid mövqedən çıxış edirlər. Sənəddə diqqət çəkən bəndlərdən biri Rusiya və Çinin Arktikada sülh və sabitliyin təşviqi, kosmik fəaliyyətin bütün sahələrində əlaqələrin dərinləşdirilməsi, ay stansiyasının tikintisi layihələrini dəstəkləmək və ayın tədqiqat missiyalarını əlaqələndirmək barədə razılığa gəlməsi barədədir. Rusiya və Çinin son illərdə Arktikaya marağı artır. Hər iki ölkə Arktikanın resurslarını əldə etməyə çalışır.
Göründüyü kimi, Rusiya və Çinlə arasında imzalanan sənəddə xüsusi heç nə yoxdur. Mixail Mişustinin Pekinə səfəri Çin lideri Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşündən bir neçə gün sonraya təsadüf edib. Kreml Pekinin Vaşinqtonla yaxınlaşa biləcəyindən narahat olduğuna görə Mixail Mişustini Pekinə səfərinə və birgə kommünikeyə ehtiyac duyub. Halbuki, rusiyalı iqtisadi ekspertlər Çinin başqa ölkələrə müqayisədə Rusiyada yatırımlarının az olduğunu vurğulayırlar. Çünki, Pekin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından ehtiyat etdiyinə görə qonşu ölkəyə böyük yatırımlar həyata keçirməyi lazım bilmir. Bu arada, ABŞ-ın Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyalar tətbiqindəndən sonra Çinin neftayrıma zavodlarının Rusiya neftinin alışını azaltmağa başlaması barədə xəbərlər yayılmağa başlayıb.
Elxan Şahinoğlu