Şanlı qələbəmiz Azərbaycanla Türkiyənin əbədi qardaşlığının bir rəmzi oldu və bütün dünya bu birliyin, gücün şahidi oldu Şanlı qələbəmiz Azərbaycanla Türkiyənin əbədi qardaşlığının bir rəmzi oldu və bütün dünya bu birliyin, gücün şahidi oldu
  • Tribuna
  • 17 May 2022 14:36
  •  14 073

Türkiyə ilə Azərbaycan həm dost, qardaş ölkələr, həm də rəsmən müttəfiqdirlər

Şanlı qələbəmiz Azərbaycanla Türkiyənin əbədi qardaşlığının bir rəmzi oldu və bütün dünya bu birliyin, gücün şahidi oldu

Türkiyədə dəniz üzərində həyata keçirilən böyük layihə – Rize-Artvin Hava Limanının iki qardaş ölkənin rəhbərləri – Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan–Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha dünya birliyinə nümayiş etdirdi. Həmin gün dünyanın nəzər-diqqəti qardaş ölkəyə yönəlmişdi. Rize-Artvin Hava Limanının Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci aeroportdur. Bu gün Türkiyədə 58 hava limanı fəaliyyət göstərir. Onlardan 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının da bu sıraya daxil olması qardaş ölkənin gücünün və qüdrətinin göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin yeni istifadəyə verilmiş hava limanının açılış mərasiminə dəvət edilməsi təsadüfi deyil. Bu, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verməklə yanaşı, həm də Türkiyə-Azərbaycan dostluq və qardaşlığının bir-birinə qırılmaz tellərlə bağlı olmasının təsdiqidir. Açılış mərasimində iştirak edən dövlətimizin başçısı çıxışında da iki ölkə arasındakı münasibətlərin dünyaya nümunə olduğunu bildirdi. Prezident İlham Əliyev dedi ki, onun bu mərasimdə iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. “Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi”.

Ç.Qənizadə Türkiyə - Azərbaycan əməkdaşlığının inkişafından söhbət açıb və deyib ki, ən çətin məqamlarda iki ölkə bir-birinə arxa-dayaq olub: “İkinci Qarabağ müharibəsinin ilk günlərindən Türkiyə açıq şəkildə Azərbaycana siyasi və mənəvi dəstəyini nümayiş etdirdi və sona qədər köməyini əsirgəmədi. Şanlı qələbəmiz Azərbaycanla Türkiyənin əbədi qardaşlığının bir rəmzi oldu və bütün dünya bu birliyin, gücün şahidi oldu. Müharibə ərzində qardaş Türkiyənin Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləməsi həm xalqımıza, həm də hərbçilərimizə əlavə ruh və güc verdi. Məhz bu dəstəyin sayəsində müəyyən beynəlxalq dairələr işğalçı Ermənistana açıq dəstək verməkdən çəkindilər. Hətta, ölkəmizə qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatların və ermənipərəst qüvvələrin təhdid və təzyiqlərinə baxmayaraq, qardaş ölkə sona qədər öz köməyini əsirgəmədi”.

Hüquq müdafiəçisi bildirib ki, 2020- ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bundan sonra da Türkiyənin daim Azərbaycanın yanında olacağını bəyan etməsi dünya erməniliyinə ciddi mesaj idi. Qaradaş ölkə Prezidentinin dediyi sözlər Qarabağda aparılan genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işlərində də özünü büruzə verdi. Qısa müddət ərzində tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına enən ilk əcnəbi dövlət başçısı da məhz qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi. Bütün dünya bunun şahidi oldu.

Ç.Qənizadə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasını iki ölkə arasında isti münasibətlərin pik nöqtəsi hesab edib. Deyib ki, müttəfiqlik haqqında Bəyannamə Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi. Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.