• Tribuna
  • 2 İyun 2023 16:17
  •  18 662

Deputat: "Ermənistan Azərbaycanın qəbul etməyəcəyi məsələ üzərində durub"

“Bu görüşlərin intensivliyi müsbət haldır, müəyyən ümidlər yaradır”.

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Moldovada baş tutan beştərəfli görüş zamanı tərəflər 1975-ci il xəritəsinə istinad edərək sərhədlərin delimitasiyasını dəstəklədiklərini bildiriblər:

“Sərhədlərin delimitasiya və demarkasiyasının aparılması yekun sülh sazişi istiqamətində mühüm, həm də prinsipal məsələdir. Çünki sərhədlərin delimitasiyası və demarkasiyasının aparılmasından sonra Azərbaycan üçün hər hansı bir vacib məsələ demək olar ki, qalmır. Bizim sülh şərtlərimiz var. Bu şərtlər Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından geri durmasını nəzərdə tutur. Əgər Ermənistan 86.6 min km² çərçivəsində Azərbaycan sərhədlərini tanımağa hazır olduğunu davamlı olaraq bildirirsə, bu ciddi məsələdir. Ermənistan tərəfi xarici işlər nazirləri səviyyəsində sonuncu Vaşinqton görüşündən sonra dedi ki, bir sıra məsələlər üzrə mövqeləri uyğunlaşdırmaq mümkündür, amma daha ciddi məsələlərdə mövqelər bir-birindən çox uzaqdır. Bu o deməkdir ki, Ermənistan Azərbaycanın qəbul etməyəcəyi hansısa məsələnin üzərində durub. Hesab edirəm ki, bu məsələ bu gün Azərbaycan ərazisində qalan ermənilərin vəziyyəti ilə bağlıdır. Ermənistan elə bunu alət kimi istifadə edərək yekun sülh sazişinin imzalanmasını uzatmaqdadır və bundan sonra da uzadacaq. Çünki Azərbaycan Prezidentinin qeyd etdiyi aydın mövqeyi varki, Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti Azərbaycanın daxili işidir. Biz bunu başqa bir tərəflə müzakirə etmək fikrində deyilik. İkincisi isə bundan daha öncə də dəfələrlə ölkə prezidenti səsləndirib ki, Azərbaycan ərazisində yaşayan ermənilərin heç bir statusundan söhbət gedə bilməz. Biz iki dəfə Azərbaycan ərazisində yaşayan erməniləri Bakıya dəvət etmişik, bundan sonra dəvət etməyəcəyik. Sülh sazişi ermənilərin özünə lazımdır, separatçılarla heçnə müzakirə etməyəcəyik, onlar strukturlarını, parlamentini buraxsınlar. Bu qondarma elementlərdən tam imtina edib, Azərbaycan hüquq sisteminə reinteqrasiya etsinlər", - o əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın mövqeyi olduqca aydın və qətidir. Ermənistan bunu qəbul edəcəksə, yekun sülh sazişinin bağlanması ilə bağlı gözləntilərə malik olmaq olar:

“Hesab edirəm ki, Paşinyan Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti məsələsi üzərindən spekulyasiyalar etməyə çalışır. Bunu da ona görə edir ki, başqa çıxış yolu yoxdur. Çünki hakimiyyətdə qala bilmək üçün əlində qalmış yeganə spekulyasiya aləti ermənilərin vəziyyətidir. Əks təqdirdə Paşinyan sülh sazişinə imza atmaqla özünün də hakimiyyətinə son vermiş olacaq. Bu da bütövlükdə Ermənistan dövlətinin problemi idi. İşğalçılıq siyasətini həyata keçirən ölkə bu gün onun bədəlini ödəməkdədir. Biz dəfələrlə qeyd etmişik ki, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini uzun müddət Ermənistan dövləti və ermənilər öz üzərində hiss edəcəklər. Bu baxımdan hesab edirəm ki, sülhə maraqlı tərəf Ermənistan olmalıdır, destruktiv mövqelərindən çəkinməlidir. Bizim üçün vacib məsələ bütün ərazilərimiz boyunca suverenliyimizi təmin etməkdən və sərhədlərimizin etibarlı mühafizəsini təmin etməkdən ibarətdir. Bu istiqamətdə də bizim kifayət qədər ciddi nailiyyətlərimiz mövcuddur. İlkin olaraq Brüssel görüşü hələlik ciddi nəsə vəd etmir”.

Sülh müqaviləsinin imzalanması prosesində Rusiya və Qərb rəqabətindən bəhs edən E.Mirbəşiroğlu deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini əsasən Qərb geosiyasi mübarizənin predmetinə çevirməyə çalışır:

“Bu əsas Qərbin atdığı addımlarda, sərgilədiyi mövqelərdə aydın görünməkdədir. Rusiya ilə münasibətləri aydınlaşdırmaq üçün növbəti bir müstəvinin yaradılması istiqamətində Qərbin istəklərinin olduğu görünməkdədir. Təbii ki, bu bütövlükdə region üçün yaxşı heçnə vəd etmir. Amma çox şükür olsun ki, Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin strateji baxışları, addımları bu kimi halların qarşısını alır. Amma bütün hallarda reallıq ondan ibarətdir ki, Moskvanın vasitəçiliyi ilə üç sənəd imzalanıb 2010 və 2011-ci iilərdə. O sənədlərdə də sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmağa imkan verəcək məqamlar öz ifadəsini tapıb. Sənədlərə uyğun addımarın atılması da Azərbaycanın maraqlarına cavab verər, amma Ermənistan tərəfi bununla bağlı addımlar atmır. Məsələn, nəqliyyat əhatəsinin yaradılması Zəngəzur dəhlizinin açılmasını şərtləndirərdi. Bu da Azərbaycanın çox böyük strateji qələbəsi olardı. Amma Ermənistan bunu etmir, Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmır. Bütün bunlar da yekunda prosesləri əngəlləyir. Biz öz mövqeyimizdə qalırıq. Bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mövqe nümayiş etdiririk. Bütün dünya da görür ki, Azərbaycan haqlıdır və sərgilədiyi mövqe beynəlxalq hüquq normalarına tam uyğun olmaqla regionun gələcəyi üçün təsirli şərtləri və şəraiti təmin etməkdədir. Biz əməkdaşlığın, sülhün, təhlükəsizliyin əsas təşəbbüskarı və təmin edicisi rolunda çıxış etməkdəyik”.

Rəşid Qarayev