Türkiyə XİN Yunanıstan Prezidentinə cavab verib

“Yunanıstanın tez-tez ortaya atdığı həqiqətəuyğun olmayan ittihamlar iki ölkə arasındakı problemlərin həlli yolundakı səmimi və dürüst dialoq mühitinə kölgə salır”

Bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda yer alıb.

"Sürmene Dünya Pontus Helenizmi Sarayı"nın tikinti planının açılış mərasimində yaxın tariximizlə bağlı səsləndirilən əsassız açıqlamalar Türkiyə tərəfindən təəssüflə qarşılanır. Bu iddialar Anadoluda işğalçının Yunanıstan olduğunu, yunan ordusunun xüsusilə Qərbi Anadoludakı günahsız insanlara qarşı vəhşilik etdiyi barədə həqiqətləri dəyişdirmir", - qeyd olunub.

Məlumatda xatırladılıb ki, Müttəfiq Dövlətlərin İstintaq Komissiyasının hesabatında da öz əksini tapan bu cinayətlərə görə, Lozanna Sülh Müqaviləsinin 59-cu maddəsinə uyğun olaraq, Yunanıstan öz əməlləri ilə vurduğu zərəri ödəməyə borcludur. Bildirilib ki, bu cür münasibət və davranışlar dövlət məmurlarından gözlənilən vəzifələrlə bir araya sığmır.

Türkiyə XİN bu kontekstdə qonşu olan Yunanıstanı bir daha sağlam düşüncəyə və konstruktiv anlaşmaya dəvət edib.

Qeyd edək ki, Yunanıstan Prezidenti Katerina Sakelaropulu Afinada inşa edilməsi planlaşdırılan “Sürmene Dünya Pontus Helenizmi Sarayı”nın tikinti planının təqdimat mərasimində Türkiyənin tarixi ilə bağlı birmənalı qarşılanmayan ifadələr işlədib.