Belə çıxır ki, bunlara Ukrayna, Krım, post-sovet məkanındakı bir neçə münaqişə azlıq edir... Belə çıxır ki, bunlara Ukrayna, Krım, post-sovet məkanındakı bir neçə münaqişə azlıq edir...

Moskvanın məxməri xəyalları...

Belə çıxır ki, bunlara Ukrayna, Krım, post-sovet məkanındakı bir neçə münaqişə azlıq edir...

Belə alınır ki, Suriya da bunlar üçün azdır, bunlar daim ölkəni yeni –yeni münaqişələrə çəkməyə, onun hərbi gücünü qeyri-adi miqyaslara qədər şişirtməyə çalışırlar.

“NATO-nun səsi hər yerdə eşidilir, amma bunu əzizimiz KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) haqqında demək olmur” – bəli, Rusiyanın təhlükəsizlik və hərbi siyasət sahəsindəki “mütəxəssis”lərindən biri “rus NATO”sunun problemini məhz bu cür çatdırmağa çalışır.

Müəyyən mənada, əbəttə, o, haqlıdır, səslər ancaq KTMT-nın sammitlərindən gəlir. Hətta Minsklə yaşanan problemlər, Belarus liderinin çox fəndgir manevrləri, təşkilat daxilindəki kövrək tarazlığın N.Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsilə pozulması, Ukraynanın post-sovet təhlükəsizlik məkanını birdəfəlik tərk etməsi – qəribə olsa da, hətta bunların hamısı belə KTMT-ın yaşadığı problemlərin tam siyahısı deyil...

Məsələnin hətta qoyuluşu – KTMT-nı NATO ilə müqayisə etmək cəhdləri bir daha göstərir ki, özünü siyasi analitik və ya politoloq adlandıran rusiyalılarda belə hər şeyi şişirtmək həvəsi və sözün əsl mənasında böyüklük maniyası var.

Özünüz baxın, Rusiyanın bütün iqtisadiyyatı ABŞ-ın bir ştatının- Kaliforniyanın iqtisadiyyatı qədər deyil. ABŞ-ın təkcə hərbi büdcəsi Rusiyanın total büdcəsindən iki dəfər böyükdür. Əgər biz NATO üzvü olan ölkələrin ÜDM– ni və ya milli gəlirlərini KTMT iştirakçısı olan ölkələrlə müqayisə etsək, ümumiyyətlə, fantastik mənzərə alınar! Bəs rusiyalı mütəxəssislərə bunlar bəlli deyilmi? Yox, bilirlər, amma onlar belə suallara adətən bir cavab verirlər: “Bizim nüvə başlıqlarımız daha çoxdur”...

Müqayisə üçün başqa bir göstəricilər də var. Məsələn, NATO ilə KTMT-nın coğrafiyası. KTMT yalnız “axsaq” post-sovet ölkələrini, özü də onların da bir hissəsini əhatə edir. Odur ki, sonuncu sammitdə ciddi şəkildə təşkilat daxilində yeni statusların yaradılmasını, bəli, tərəfdaş və müşahidəçi ölkələr institutunun bərqərar edilməsini müzakirə edirdilər.

Kreml çox ümid edir ki, bu institutlar təsis ediləndən sonra təşkilatın coğrafiyası genişlənəcək, guya ki, bura yeni ölkələr daxil olacaq, xüsusən də deyilir ki, guya İran və Pakistan bu arzudadır, hansına ki, biz qətiyyən inanmırıq.

İran məlum olduğu kimi, ABŞ-ın ciddi pressinqi altındadır və istisna deyil ki, Tehran bir müddət KTMT-nın çətiri altında yer aramış olsun. Amma İran çox iddialı ölkədir və buna ən azı onun Suriyadakı siyasətini müşahidə etməklə əmin olmaq mümkündür. Amma bir daha qeyd edirik ki, dünyanın işlərini bilmək olmaz, prinsipcə, Tehran buna – KTMT ilə yaxınlaşmaya gedə bilər.
Pakistanla bağlı konkret söz deməksə daha çətindir. Bu ölkə xeyli müddət bölgədə ABŞ-ın əsas müttəfiqlərindən olub. Düzdür, hazırda iki ölkə arasında soyuqluq yaranıb, amma eyni hal Ankara ilə Vaşinqtonun da münasibətlərində sezilir və baxmayaraq ki, Rusiya mediasında onun da NATO-nu tərk edəcəyi, Avrasiya İqtisadi Birliyinə, hətta KTMT- na qoşulacağı haqda “xəbərlər” peyda olur, yenə də heç kim bunu ciddiyə almır.

Hətta fərz etsək belə ki, Moskva həqiqətən də Tehranı və İslamabadı özünə tərəf çəkə biləcək, böyük hesabla yenə də heç nə dəyişməyəcək, çünki NATO ilə KTMT arasında daha bir fərq var: müəyyən daxili ziddiyyətlərə və bəzi futuroloqların bədbin proqnozlarına rəğmən yenə də dövlətlər məhz NATO-nun üzvü olmağa can atırlar, amma ki, bunu KTMT ilə bağlı demək olmur–çox qısa müddət keçməsinə baxmayaraq bu təşkilatı artıq üç dövlət tərk edibdir...

Nəhayət, Azərbaycanla bağlı Kremlin planları haqda. Belə fikir də var ki, Kreml yeni statusları ilk növbədə Azərbaycan üçün nəzərdə tutubdur. Amma Bakı dəfələrlə bəyan edib ki, ikitərəfli əlaqələr onun üçün daha önəmlidir və demək olar ki, bütün KTMT dövlətlərilə onun sıx əlaqələri var.

Fəqət, Kremli bu qane etmir. Prinsipcə, Rusiyanın təklifini öyrənmək olar, amma dərhal sual yaranır: onları qəbul edəcəyimiz təqdirdə bizim mükafatımız nə olacaq? Əgər bundan sonra işğal olunmuş rayonlar geri qaytarılarsa, Qarabağ problemi həll olunarsa, gedib müşahidəçi bir ölkə kimi KTMT-nın sammitlərində iştirak etmək də olar. Yox, əgər Kremldə düşünürlərsə ki, təkcə Azərbacana KTMT-da status verməyin özü böyük bir lütfkarlıqdır – o halda çox böyük səhv edirlər...

Hüseynbala Səlimov
AzNews.az