Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiasıdır, müharibə Ermənistan tərəfindən aparılır, burada iştirak edən hərbiçilər və hərbi silah-sursat da tamamilə ona aiddir Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiasıdır, müharibə Ermənistan tərəfindən aparılır, burada iştirak edən hərbiçilər və hərbi silah-sursat da tamamilə ona aiddir

Vyana görüşü nikbin notlarla bitsəydi...

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiasıdır, müharibə Ermənistan tərəfindən aparılır, burada iştirak edən hərbiçilər və hərbi silah-sursat da tamamilə ona aiddir

“Müharibə hələ bitməyibdir”. Düşünürük ki, Vyana görüşü nikbin notlarla bitsəydi, hər halda Azərbaycan prezidenti belə bəyanatla çıxış etməyə tələsməzdi.

Amma hiss olunur ki, Avstriyanın siyasi, Dünyanın isə musiqi paytaxtında baş tutan birinci Dağlıq Qarabağ danışıqlarının böyük hissəsini Ermənistanın baş naziri danışıqlar formatının dəyişdirilməsi kimi cəfəng bir xülyaya həsr edib. Baxmayaraq ki, bu adam söhbətin guya danışıqların formatının dəyişdirilməsindən yox, genişləndirilməsindən getdiyini iddia edir.

Özü də çox qəribə “məntiq”i var. Paşinyan iddia edir ki, onun siyasi sələfləri – R.Koçaryan və S.Sarqsyan “Dağlıq Qarabağ hərəkatı”nın liderləri olduqlarından Dağlıq Qarabağ ermənilərinin adından danışa bilərdilər. Amma o, özü Qarabağ ermənilərinin lideri olmadığından bu missiyanı üzərinə götürə bilməz...

Həqiqətən də çox maraqlı və maraqlı olduqca da həyasız bir “məntiqdir”. Belə çıxır ki, Ermənistanda hər dəfə hakimiyyət dəyişəndə Dağlıq Qarabağ danışıqlarının da formatı dəyişməlidir; ölkədə qarabağlı erməni hakimiyyətə gələndə danışıqlar Bakı ilə İrəvan, Ermənistan ermənisi gələndə isə artıq Bakı ilə qondarma “DQR” arasında getməlidi!

Bu məsələdə Azərbaycanın mövqeyi yetərincə bəllidir. İllərdir ki, danışıqlar Bakı ilə İrəvan arasında gedir və belə vəziyyət həm də Bakının münaqişəyə baxışını əks etdirir: Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiasıdır, müharibə Ermənistan tərəfindən aparılır, burada iştirak edən hərbiçilər və hərbi silah-sursat da tamamilə ona aiddir, hazırda hətta N.Paşinyanın öz oğulu da Dağlıq Qarabağda hərbi xidmət keçir, Ermənistan parlamentinin Dağlıq Qarabağla bağlı məlum qərarları var və nəhayət, Dağlıq Qarabağdakı qondarma rejimə rəhbərlik etmiş R.Koçaryan və S.Sarqsyan həm də Ermənistanın prezidentləri olublar. Bu isə o deməkdir ki, İrəvan Dağlıq Qarabağı çoxdan ilhaq edib və onu faktiki olaraq ərazisinin bir hissəsinə çeviribdir.

Məsələ digər ölkələr tərəfindən də məhz belə qəbul olunur. Elə Paşinyanın israrlı sərsəmləmələrindən cana yığılan həmsədrlər “format hər iki tərəfin razılığı ilə dəyişə bilər” desələr də, hiss olunur ki, heç kim bunun marağında deyil, çünki belə hal danışıqları elə bir dalana dirəyərdi ki, buradan illərlə çıxmaq mümkün olmazdı.

Amma biz də gərək öz bəyanatlarımıza diqqət edək. Azərbaycanda münaqişə “Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” kimi adlandırılanda bir neçə dəfə yazdıq ki, belə formul yanlış şəkildə yozula bilər, necə ki, indi Paşinyan buna cəhd edir,- daha bir tərəf kimi də DQR adlı qondarma qurumu prosesə cəlb etmək istəyir.

Əlbəttə, rəsmi Bakı “Azərbaycan -Ermənistan –Dağlıq Qarabağ” münaqişəsi deyəndə problemin Azərbaycanla Ermənistan arasında məhz Dağlıq Qarabağa görə yarandığını diqqətə çatdırmağa çalışır. Bu, belədir və bununla bağlı irad yoxdur. Hərçənd, Ermənistanın işğalçılıq siyasəti daha böyük coğrafiyanı əhatə edir.

Amma burada başqa bir məqam var. Bir vaxt bizim siyasətçilər və diplomatlar fərqinə varmadan hər yerdə “Laçın humanitar dəhlizi” yazır və deyirdilər. Vaxt keçdi, elə belə də qəbul olundu; indi hamı Laçına elə bu prizmadan – “humanitar dəhliz” kimi yanaşır. Odur ki, gəlin formullarımızda Dağlıq Qarabağı xüsusi bir vahid kimi qabartmayaq və diqqəti daim ona yönəldək ki, münaqişə Ermənistanın Azərbaycana qarşı təcüvüzüdür.

O ki qaldı Vyana görüşlərindən sonrakı qayğılarımıza, qeyd edək ki, hələ nöqtə qoyulmayıb – nə Azərbaycan prezidenti, nə də Ermənistanın baş naziri danışıqlar prosesinin üstündən xətt çəkməyə tələsmir. Demək, hələ ümid var.

Bütövlükdə götürdükdə isə, gəlin “Paşinyan nəyi bacarar, nəyi bacarmaz?” sualı ilə özümüzü yormayaq, qəbul edək ki, təcavüzkarı sülhə məcbur etmək lazımdır. Əlbəttə, Ermənistana qarşı hərbi təzyiq məsələsi “Rusiya amilinə” dirənir– bunu hamımız bilirik. Amma belə bir məsəl də var ki, prinsipcə, hər şeyə örkən bulmaq mümkündür, hətta Kremlin özünə də; əsası budur ki, bunu məqsəd kimi qarşına qoyasan və yollarını aramağa başlayasan...

Hüseynbala Səlimov