“Opinion Way”in elmi araşdırmasından müxalifət, əslində, hansı nəticələr çıxarmalıdır? “Opinion Way”in elmi araşdırmasından müxalifət, əslində, hansı nəticələr çıxarmalıdır?

İlham Əliyevə sosial dəstəyin anketləşməsi

“Opinion Way”in elmi araşdırmasından müxalifət, əslində, hansı nəticələr çıxarmalıdır?

Bu günlərdə Fransanın məşhur “Opinion Way” İnnovativ Araşdırma Şirkəti Azərbaycanda keçirdiyi sosioloji tədqiqatın nəticələrini açıqladı.

Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrini əhatə edən elmi sorğunun nəticələri, əslində, gözlənilməz olmadı.

Azərbaycan prezidenti İlham Əliyevin ölkədə ən nüfuzlu siyasi lider olması, son prezident seçkilərindən sonra intensivləşən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması, o cümlədən dövlət başçısının dayanıqlı elektoratının və ona siyasi dəstək verən sosial qrupların daxili strukturunun genişlənməsi heç kimə sirr deyildi.

“Opinion Way” şirkətinin öz tədqiqatı ilə açıqladığı rəqəmlər isə məsəlinin elmi tərəflərini və Azərbaycan vətəndaşlarının prezidentin yürütdüyü siyasət müqabilində sərgilədiyi sosial davranış modellərini açıqlamaq baxımından faydalı oldu.

Öncə rəqəmlərə nəzər salaq:

Həmin araşdırmaya görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub-saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Sorğu zamanı vətəndaşlara ünvanlanan “prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Bu sualı onların yalnız 6,8 faizi “mənfi”, 8,1 faizi “bilmirəm” kimi cavablandırıb. Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. “Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz?” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını verib. Prezident İlham Əliyevin kadr islahatları da sorğuda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını nümayiş etdirib. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

Bəli, ilk baxışdan quru rəqəmlər kimi görünən bu nəticələrin arxasında üç böyük uğur hekayəsi dayanır.

İlk uğur hekayəsi bir dövlət başçısı və siyasi lider olaraq İlham Əliyevə məxsusdur. Tədqiqat sübut etdi ki, Azərbaycan prezidenti ilə vətəndaşlarımız arasındakı emosional bağı zədələmək üçün xaricdən maliyyələşən ən müxtəlif layihələr iflasa uğrayıb. Əhalimiz rasional bir şəkildə dövlət başçısının elan etdiyi hədəfləri mənimsəyir, bir idarəçi kimi onun proqram və qararlarını mənimsəyir, yüksək fəallıq və təşəbbüskarlıqla prezidentə inam və dəstək nümayiş etdirir. Bu inam və dəstəyi qazanmaq üçün İlham Əliyev böyük intellektual və fiziki əmək sərf etdiyindən üzə çıxan nəticələri ilk növbədə onun zəhmətinin bəhrəsi hesab edilməlidir.

İkinci uğur hekayəsi sadə vətəndaşlarındır. Azərbaycan prezidentinin siyasi və diplomatik manevrləri, gerçəkləşdirdiyi proqram və islahatlar ölkəmizdə sabitlik mühitini qorumaqla sosial qruplar arasındakı ziddiyyətləri minumum həddə endirib. Formalaşan mühit vətəndaş təşəbbüskarlığını genişləndirir və hər bir fərd öz maddi imkanlarını artırmaq, sosial statusunu gücləndirmək üçün mövcud şəraitdən bəhrələnmək imkanı əldə edir. Nəticədə cəmiyyətdə marginallaşma əmsalı sıfıra yaxınlaşır və təşəbbüskar vətəndaşın uğur hekayəsi yazılır.

Üçüncüsü, Azərbaycan cəmiyyəti bütövlükdə öz uğur hekayəsini genişləndirir. SSRİ-nin dağılması ərəfəsində cəmiyyətin müəyyən bir qismində bir dövlət olaraq müstəqil yaşamaq imkanlarımızla bağlı müəyyən tərəddüdlər mövcud idisə, bu gün həmin şübhələr tamamilə aradan qalxıb. Azərbaycanın bir dövlət olaraq müstəqilliyi çoxsayda sosial-iqtisadi nailiyyətlərə, ölkə infrostrukturunun yenilənməsinə, beynəlxalq layihələrə çevrilib.

Bu istiqamətlərin hər biri üzrə günlərcə müzakirə aparmaq, faktlar sadalamaq, nümunələr gətirmək mümkündür. Ancaq bütün müzakirələrdə üç açar söz üzərində dayanmalı olacağıq: “təşəbbüskarlıq”, “məqsədyönlülük”, “elmilik”. Azərbaycan prezidenti İlham Əliyevin son sosioloji tədqiqatla da isbatlanmış yüksək reytinqi paralel olaraq onun müxaliflərinin ictimai dəstəkdən məhrum olmasının da göstəricisidir. Azərbaycan müxalifətinin bu cür ağır böhran içində olmasının əsas səbəblərini də elə həmin açar sözlərin antonimlərində axtarmaq lazım gəlir. Bunu vaxtilə Azərbaycan dövlətinə qarşı təzyiq mexanizmi kimi yaradılmış Milli Şuranın sədri Cəmil Həsənlinin “Opinion Way”in sorğusu ilə bağlı səsləndirdiyi banal bəyanatdan da açıq sezmək mümkündür.

Birlikdə nəzər salaq:

İlham Əliyevin yenidən prezident seçildiyi bir il boyunca Cəmil Həsənlinin sədri olduğu qurum Azərbaycan cəmiyyətinə hansı yeni ideya verib, hansı proqram hazırlayıb, hansı konkret təşəbbüslə çıxış edib? Siz Milli Şuranın cəmiyyətə və dolayısı ilə hakimiyyətə təqdim etdiyi və ölkədəki irili-xırdalı problemlərdən ən bəsitinin həlli yollarını əhatə edən hər hansı zərf görmüsünüzmü? Siyasət bir ölkədə vətəndaşların azadlığı, təhkükəsizliyi və rifahı ilə bağlı problemlərin çözüm yolunu tapmaq, həmin yolların effektivliyinə xalqı inandırmaq sənətidir. Əgər Milli Şura ölkədəki problemlərin həlli yolları ilə bağlı yazılı layihələrə malik deyilsə, problemlərin kökləri, miqyası, maraqlar konflikti barədə təsəvvürləri belə yoxdursa, hansı ağlı başında olan insandan, demokratiyanın dayağı olan rasional vətəndaşdan dəstək ala bilər? Sosial şəbəkələrdə trend olan mövzular ətrafında laqqırtı vurmaqdan başqa əllərindən bir şey gəlməyən Milli Şura üzvləri istənilən prosesə ya kənardan baxır, ya da olub-bitənlərin arxasınca deyinirlərsə, “məqsədyönlülük” kəliməsinin onların fəaliyyətinə zidd bir anlayış olduğunu söyləmək də haqsız olmaz.

Nəhayət, elmilik barədə! Cəmil Həsənli guya tarixçidir, bir düjün akademik titulu var. Onun elmi dünyagörüşə sahib olması, ictimai-siyasi olayların axarında qanunauyğunluqlar axtarması, proseslərə reaksiyasında məntiqə söykənməsi ən azı həmin titullar baxımından vacibdir. Zira, zehniyyətini his-pas basmış xəfənək təsiri bağışlayan Cəmil Həsənli kimyagər Molla İbrahimxəlilin ağzı üslubu ilə danışır. Hər halda azacıq elmi dünyagörüşü olan bir şəxsin demoqrafik parametrləri bəlli olmayan və təhlil üçün heç bir oyketiv indikator əks etdirməyən virtual seqmentə sığınaraq gerçək elmi tədqiqatın nəticələrini şübhə altına alması mümkün deyil. Hərçənd, Cəmil Həsənli gerçəkdən elmi dünyagörüş sahibi olsaydı, elə həmin sorğudan önündə getdiyi siyasi kəsimi uğursuzluq zolağından çıxartmaq üçün müəyyən qənaətlər hasil edərdi. Ən azı gec də olsa anlayardı ki, Azərbaycandakı mövcud sosial diferensiallaşma Milli Şuranın çağırışlarına nədən etinasızdır.

İstənilən sosioloji araşdırmanın ən böyük məqsədi də, faydası da “nədən” sualına cavab tapmaqdır.

Taleh ŞAHSUVARLI
AzNews.az xəbər portalının Baş redaktoru