Orduxanın lyukla söhbətini görmüsünüz? Orduxanın lyukla söhbətini görmüsünüz?

Qalxan qapaq və rəzil Orduxan…

Orduxanın lyukla söhbətini görmüsünüz?

Mən gördüm, ümumiyyətlə onun hər videosuna baxmağa çalışıram. Anlamaq istəyirəm:

-Psixoloji durumu necədir?

-Niyə yanıqlıdır məmləkətdən?

-Niyə və nəyə satılıb?

-Niyə ailəsi vecinə deyil? Ailəsinin üzərindən piar işi qurdu, xeyli auditoriya qazandı, Bakıdakı şeflərinin əliylə…

-Niyə bu günə qalıb o boyda gövdə, boy-buxunla?

-Görəsən vətəndaş olaraq onu xilas eləmək mümkündürmü?

***

Videoya baxıram. Adam gedir əyilir lyuka söz deyir. Təzədən dönür kameraya, sonra gedir bir də lyuka sual verir. Bir də dönür, bir də gedir. Mənasız rabitəsiz sözlər deyir. Sonra bir türk vətəndaşına, azərbaycanlı məmurlardan danışır. Dövlət başçısından mənasız sitatlar gətirir. Sonra gülürmü, hırıldayırmı, anlaya bilmirsən. Bir onu bilirsən ki, xoşbəxtdir. Bakıdakı Formula-1-də qəza baş verib, Azərbaycan zədələnmiş maşına görə cərimə ödəyəcək, Orduxan bəxtəvərdir. Qanadı olsa uçar.

Bu qədər rəzilliyi gördüyünə inana bilmir adam. Dövlətin başında, hökümətin üzvləri sırasında kim olur olsun. Hətta sənin fərdi düşmənindir onlardan hansısa bu, DÖVLƏTi aşağılamağa, ələ salmağa əsas deyil axı. Yox kimsə bunu edirsə, həm də davamlı edirsə, bu, siyasi əxlaqsızlıqdan başqa nəsə deyil.

Adamın yumor hissi də sıfırdan aşağıdır. Sevindiyindən şıllaq atmaq da demək olar bu hərəkətə. Bilmirsən hikkəsindən yanıb tökülən, Azərbaycan xərcə düşəcək deyə ürəyi yerindən atlayan simasına baxıb güləsən, yoxsa, ağlayasan. Yeri gəlmişkən, bir-iki sualım var ona:

-Ay lələ, sən başın lyuk sənə cavabdan-zaddan verdim?

-Başa sala bildinmi ki, ay lyuk, mən xəyanətkaram.

-Deyə bildinmi ki, ölkəmə kin, nifrət qusuram, sən də ifrazat, kanalizasiya borularını daşıyırsan. Haradasa oxşardır funksiyalarımız.

-Bilmədin, hiss elədi, ya yox ki, sən onu göstərib də ailən yaşayan ölkəni ələ salırsan. Elə haradasa onu da dolayırsan.

-O lyuk qandımı ki, yanında durub böyüdüyü torpağı, dövlət simvolu olan Prezidentini ələ salıb, təhqir eləyirsən.

-Anladımı ki, psixoloji qüsurlusan?

-Qazandığını o lyukla da bölüşəcəksənmi, bu Formula-1 video-çarxına görə?

-Barı lyuk da dönüb sənə dedimi ki, adımı lyuk görüb üstümə şeşələnmə, məndə möcüzə yaradanlar da var, səndən fərqli olaraq…

-Yəni elədiyin biabırçılıqlar qarşısında lyuk dedimi ki, işim onsuz da çoxdur, üfunət içindəyəm, sən ölkənə nifrətini, üfunətini, o yana “qus”?

***

…Dövlətin başçınısa hansısa qərar, fərman, sərəcam üzərindən etiraz etmək olar. Hansısa nazirə də irad, tənqid, söz demək mümkündür. Qoy lap o söz nazirin, məmurun, ya da ümumi verilən bir qərarın əleyhinə olsun. Amma dövlətin simvolunu ələ salmaq, təhqir eləmək, ləyaqətsizliyin, şərəfsizliyin, bir də çarəsizliyin pik həddidir. Çarəsizdirlər ona görə ki, mənəvi və psixoloji qüsurları var. Əllərinə verilən böyük məbləğdə maliyyə onlarda bir özündən razılıq hissi formalaşdırıb. Elə bilirlər nə əl çatar, nə ün yetər onlara. Əslində isə hər şey fərqlidir, bir anlıqdır hər şey bəlkə də… Bir anda arxaları daldan çəkildimi, məsələ tamamdır. Olacaqlar, əl quzusu. Sözün düzü belə “quzulara” indi gəl bizə işlə deməyin də tərəfdarı deyiləm. Niyə? Çünki o “quzuların” gözü, həmişə başqa əl axtaracaq. Bu bizə lazımdırmı? Deyil!

Qaldı Bakıda qəzaya səbəb olan lyukun qapağına… O, dəmir parçasıdır, Orduxansa adam balası. Ölkəsinə, əzizlərinə, vətənin qarşı adamlıq göstərməli idi. Düzü, əzizlərinə adamlıq edə bilməyəndən, vətəndaşlıq ummaq da bir cür cığallıqdır. Bu mənada özümə cığal deyəcək qədər ədalətli ola bilirəm. Amma inanmıram, Orduxan, Formula-1-də baş verən qəzanı lağ obyektinə, gülüş hədəfinə, çevirmək üçün çəkdiyi videoda, əl meymununa bənzədiyini etiraf edəcək qədər adil ola. “Meymun” sözünü taxtasız, dəmşalaq, dəngüş kimi də ifadə eləmək mümkündür. Yəni zövqə görə, özü necə istəyər elə. Belə də ki, meymun da pis söz deyil. Darvinə görə hamımızın əcdadıdır. İndi keyfiyyətləri kimdə az, kimdə çox qalıb. Nə isə… Bu etiraf və özünə qiymət hissəsində Orduxan azaddır, keçək başqa mətləbə.

Hərdən bir şey düşünürəm özümə aid. Deyirəm, görəsən, dünyadan köç edib gedəndə, torpaq məni necə qarşılayacaq? Onunla necə salamlaşıb, necə halallaşacağam?

Avropada, Amerikada oturub, bir ovuc məmura hikkəsini, iradını əxlaqla ifadə edə bilməyənlər, bütövlükdə ölkənin üstünə nifrət “qusan”lar, bu yazı üçün məsələn, elə Orduxanı bu torpaq necə qəbul edəcək yaşlanıb dünyadan köç edəndə? Cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləndə, üzü yerə qoyulanda, nə deyəcək Orduxanın ruhu xəyanət elədiyi TORPAĞA, VƏTƏNƏ?!

Yəqin deyəcək ki, məni bərk qucaqla VƏTƏN torpağı! Nə qədər xəyanət etsəm də, mənə qalan elə sən oldun! İcazə ver mən də günahımı yuyum qarşında, sənə qarışım, səndə bir ovuc torpaq olum, səssizcə bir ovuc Orduxan kimi qalım sinəndə. Məni bərk qucaqla VƏTƏN torpağı! VƏTƏN və TORPAQsa adil, mərhəmətli və ədalətlidir həmişə, ən nankor balasına da…

Jalə Mütəllimova