Tramp ermənipərəst siyasətçi deyil, ona yəhudi diasporunun dəstəyi də bəs edir Tramp ermənipərəst siyasətçi deyil, ona yəhudi diasporunun dəstəyi də bəs edir

Trampın növbəti cəhdi baş tutacaqmı?..

Tramp ermənipərəst siyasətçi deyil, ona yəhudi diasporunun dəstəyi də bəs edir

Əslində İran bir dövlət kimi heç də Şimali Koreyadan qorxulu və təhlükəli deyil, ən azı ona görə ki, Tehran illərdir çabalayır ki, atom silahını əldə etsin, Pxenyanın isə atom, hətta hidrogen bombası da var və üstəlik, İrandan fərqli olaraq Şimali Koreyada hətta məhdud demokratiyanın belə rüşeymləri yoxdur, bu ölkənin siyasi sistemi daha repressiv və anti-humanistdir, həm də Şimali Koreya öz regionu və eləcə də dünya üçün İrandan az təhdid yaratmır.

Ən başlıcası isə, dünyanın siyasi təhlilçiləri və politoloqları hələ də bir sual üzərində baş sındırmaqdadırlar: İranla nüvə sazişi cənab D.Trampı niyə razı salmadı, axı bu saziş B.Obama dövründə az qala, ABŞ diplomatiyasının uğuru hesab olunurdu!..

Eləcə də prezident B.Obama cənab V.Putindən günahkar və yaxud da qeyri-simpatik bir şəxs deyildi, ən azı ona görə ki, Putin təkcə Krımı və Şərqi Ukraynanı deyil, Abxaziyanı və Cənubi Osetiyanı faktiki olaraq işğal edib, eyni zamanda demək olar ki, bütün sovet məkanını təhdid və qorxu içində saxlayır, öz ölkəsinin siyasətində isə bir aktyorun teatrını qurub, müasir politologiyanı tandemokratiya, suveren demokratiya və effektiv dövlətçilik kimi əcaib anlayışlarla zənginləşdirib. Amma cənab Tramp Obama dövründə əldə olunmuş saziş və qərarların üzərindən elə xətt çəkir ki, sanki bu adam qaradərili bir şəxsin ümumiyyətlə ağlabatan bir qərar qəbul edəcəyinə inanmır...

Bilirəm, səbrsiz oxucu dərhal soruşacaq ki, bütün bu müqayisələr nəyə lazımdır axı? Müəllif müqayisəli politologiya həvəskarıdırsa, bu, o demək deyildir ki, biz də bu isti yay günlərimizdə vaxtımızı hansısa bir mücərrəd müqayisələrə həsr etməliyik!..

Düzdür, amma məsələ bundadır ki, çox tezliklə ABŞ-da prezident seçkiləri kampaniyasına start veriləcək və demək olar ki, onlar artıq təxminən başlayıb və bu prosesin mərkəzi sualı budur ki, Tramp növbəti dəfə prezident ola biləcəkmi?..

Əksər analitiklərin fikri budur ki, onun şansları yetərincə yüksəkdir, baxmayaraq ki, ötən seçkilərdəki “Rusiya izi” ilə bağlı söz-söhbət hələ də səngiməyib.

Bəli, D.Trampın proteksionist və ifrat amerikapərəst siyasəti və ritorikası milyonlarla amerikalı, əgər belə demək mümkündürsə, orta statistik “siyasi obıvatel”in ruhunu oxşayır, çünki bu adamlara da siyasi eqoizm və daltonizm yad deyil. D.Trampın siyasətinin konkret iqtisadi dividendlərinə gəldikdə isə, bununla bağlı çox ziddiyyətli fikirlər səslənir: kimisi hesab edir ki, proteksionist siyasət iqtisadiyyatda hiss olunacaq yüksəlişə səbəb olub, başqa birisi ərz edir ki, bütün bunlar eks – prezident Obamanın vaxtında atılan addımların nəticəsidir. Amma ki, bütün hallarda, Trampın opponentlərinin ona qarşı güclü arqumentləri yoxdur.

Güman, Tramp həm də güclü yəhudi diasporunun dəstəyinə ümid bəsləyir. Bu adam özünü ABŞ tarixində ən yəhudipərəst prezident hesab edir. Bunun müəyyən əsasları da var. Məhz D.Tramp Yerusəlimi İsrailin bölünməz paytaxtı, Qolan yüksəkliklərini isə “Vəd olunmuş torpaqlar”ın ayrılmaz hissəsi kimi tanıdı. Düşünürük ki, İranla növbəti qarşıdurma da öz köklərilə bura dayanır.

Trampın lehinə işləyən digər məqamsa budur ki, onun rəqibləri – demokratlar hələ namizədlərini müəyyən etməyiblər. Prinsipcə, bu elə də böyük faciə deyil, təcrübə göstərir ki, seçki prosesi bu yönümdə az qala magik təsirə malikdir və yeni siyasətçilərə özlərini tanıtmaq üçün imkanlar yaradır. Amma əlbəttə ki, Trampın təcrübəsi daha çoxdur və bu onun üçün daha bir üstünlük yaradır.

Demokratların daha bir problemi var. Bu partiyanın daxilində yeni ideoloji tendensiyalar duyulur, partiya getdikcə daha çox sosialistləşir və liberallaşır. Əlbəttə, miqrantlar və yaxud da müxtəlif azlıqlar bu təmayüllərə dəstək verir, amma təbii sual yaranır: sosialist ideyaları və ifrat liberalizm Amerika dəyərləri və ənənəvi sağçı düşyagörüşü baxımından nə dərəcədə uğurlu siyasi metamarfoza hesab oluna bilərlər?

Axı yüz illərin təcrübəsi göstərir ki, sosializm, hətta onun ən müasir Avropa tipi ABŞ-da baş tutası sevda deyil, çünki ən ali ABŞ dəyəri çox geniş mənada başa düşülən azadlıqdır, baxmayaraq ki, səhv etmiriksə, məsələn, 1 May bayramı Amerika sosialist hərəkatı ilə bağlıdır, həm də bir sıra böyük ABŞ yazıçıları ya sosialist, ya da kommunist olub–bunun üçün C.Londonu və ya T.Drayzeri xatırlamaq yetər.

Güman, oxucuları belə sual da düşündürür ki, Tramp ikinci dəfə seçilərsə, Qarabağ problemində nə dəyişər və yaxud ABŞ prezidenti bu problemlə bağlı nə düşünür? Birinci prezidentlik müddətinin təcrübəsi göstərdi ki, cənab Tramp bu haqda, ümumiyyətlə, düşünmür. Amma bu pessimizm üçün də əsas vermir. ABŞ prezindetinin Rusiyanın post-sovet məkanında təsirini azaltmağa yönələn ciddi planları var.

Bundan başqa, Tramp ermənipərəst siyasətçi deyil, ona yəhudi diasporunun dəstəyi də bəs edir. Həm də o, artıq ermənilərə özünün siyasi mesajını göstərib. Bunu Con Bolton Cənubi Qafqaz ölkələrinə özünün ötən ilki səfəri zamanı ifadə etmişdi: problemlərinizin həllini istəyirsinizsə, ölkənizin regional siyasətini dəyişin.

Bu günlərdə yeni xəbər yayıldı ki, Tramp Ukrayna prezidenti V.Zelenskini ABA-a dəvət edib. Yada salın ki, N.Paşinyan nə qədər çalışdısa, buna nail ola bilmədi. Bəzi oxucular deyə bilər ki, eks-prezident P.Poroşenko da ABŞ-a dəvət ala bilməmişdi, amma bunun özəl səbəbləri vardı: Poroşenko ABŞ-dakı son prezident seçkilərində H.Klintona dəstək vermişdi. Nə etmək olar, siyasətdə belə hallar olur...

Hüseynbala Səlimov