Gürcüstanı Bloka üzv edəcəklərmi?.. Gürcüstanı Bloka üzv edəcəklərmi?..

NATO Gürcüstanla bağlı nə qərar verəcək?..

Gürcüstanı Bloka üzv edəcəklərmi?..

“Vuruşmayacağıq, amma bizim NATO üzvü olan ölkələrə münasibətimiz bəllidir” – Gürcüstanın NATO-ya üzv olması məsələsinə toxunarkən Rusiyanın xarici işlər naziri S.Lavrov təxminən belə dedi.

Düşünürük ki, digər bir detal da, qonşu Gürcüstanın rəsmi nümayəndəsinin BMT Baş Məclisinin sessiyasında macal tapıb məhz rusiyalı nazirlə görüşməsi də heç də az maraq kəsb edən məsələ deyil.

Etiraf edirik ki, fərqli bir vaxtda bu cür hadisələr heç də bizim diqqətimizi cəlb etməzdi, amma son vaxtlar Gürcüstanda çox maraqlı proseslər cərəyan edir.

Hakim partiyanın “boz kardinal”ı B.İvanişvili cəmi bir neçə həftə bundan irəli güc nazirini ölkənin baş naziri təyin etdirdi, halbuki həmin adamın istefaya göndərilməsi yaxın keçmişdə ölkə müxalifətinin ən əsas tələbi idi. Bu səbəbdən də İvanişvilinin bu qərarı ölkədə dərhal Gürcüstan siyasətinin “vint”lərini bərkitmək cəhdi kimi qiymətləndirildi.

Bəli, məsələ bundadır ki, qarşıdakı ildə qonşu Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək və onlar müxalifətin tələbilə yeni sistem – proporsional sistem üzrə baş tutacaq. Gürcü ekspertləri və müşahidəçiləri artıq indidən hakim partiyanın şanslarına çox skeptik və hətta aşkar inamsızlıqla yanaşırlar. Əksər təhlilçilərin fikrincə, tədricən hakim partiyanın – “Gürcü arzusu”nun qürubu yaxınlaşır...

Odur ki, Gürcüstan təmsilçisinin S. Lavrovla görüşməsi də dərhal İvanişvilinin Kremldə siyasi dəstək araması kimi dəyərləndirildi. Yada salaq ki, bu günlərdə gürcü prezidenti S.Zurabişvili də Rusiya ilə dialoq haqqında danışmışdı.

Amma burada bir fərqli məqam da var. Kiyevlə Moskva arasındakı dialoq özünəməxsus presedent kimi çıxış edir və məlumdur ki, ABŞ və Avropa ölkələri tərəfindən bu prosesə böyük siyasi dəstək ifadə olundu və istisna deyil ki, Gürcüstana da Ukraynadan nümunə götürmək, Kreml ilə danışmağa cəhd göstərmək məsləhət bilinir, axı bu illər ərzində Avropa ölkələri və ABŞ Abxaziya və Cənubi Osetiya problemlərini “ölü nöqtə”dən tərpədə bilməyiblər.

Üstəlik, ABŞ-dan fərqli olaraq Avropa ölkələri bu məsələdə heç ciddi, hansısa yadda qalan cəhdlər də nümayiş etdirmədilər. Məsələn, hamıya yaxşı məlumdur ki, Almaniya kansleri belə məsələlərdə çox “mürəkkəb”, hətta ikili siyasət yürüdür.

Elə ABŞ-ın özü də bu problemlərə münasibətdə nisbətən kənarda dayanmağa, özünü hansısa bir konkret öhdəliklərlə bağlamamağa çalışır.

Təsadüfi deyil ki, Ukrayna prezidenti V.Zelenskinin israrlı səylərinə baxmayaraq rəsmi Vaşinqton hələ ki, “Normand dördlüyü”nə qoşulmağı lazım bilmədi, hərçənd, bir daha qeyd edirik ki, Ukrayna dəfələrlə bəyan etmişdi ki, Rusiya ilə dialoqa o vaxt başlayacaqdır ki, ABŞ da bu danışıqlara qoşulmuş olsun…

Gürcüstana münasibətdə vəziyyət daha mürəkkəbdir. Siyasi deklarasiyalar və platformalar səviyyəsində ABŞ və Avropa ölkələri daim Gürcüstannın ərazi bütövlüyünü müdafiə ediblər və indi də bunu etməkdə qərarlıdırlar.

Amma iş siyasi bəyanatlardan uzağa da getmir və Ukrayna prosesindən – Krımdan və Şərqi Ukraynadan fərqli olaraq burada qəti vədlər də yoxdur: nə amerikalılar, nə də ki, avropalılar gürcülərə Abxaziyanı və ya Cənubi Osetiyanı qaytarmağı vəd etmirlər.

Hətta son vaxtlarda qonşu Gürcüstanda ölkənin NATO-ya xüsusi və konkret qeydlərlə qəbul olunması variantı müzakirə edilir və vurğulanır. Tiflisin NATO-ya üzv olması Abxaziyaya və ya Cənubi Osetiyaya şamil olunmayacaqdır.

Qeyd etdiyimiz kimi, gürcü politoloqları bu variantı çox geniş şərh edirlər. Düşünürük ki, bu variant gürcü politoloqlarının fantaziyasının məhsulu deyil, güman ki, NATO ölkələri özləri onlara bu variantı müzakirə etməyi təklif ediblər ki, bununla həm Rusiyanın, həm də gürcü ictimaiyyətinin mövqeyini öyrənə bilsinlər.

İstisna deyildir ki, hazırda Kremli də bu variant qane edir, çünki orada da başa düşürlər ki, Gürcüstanı artıq Rusiya çətiri altına qaytarmaq mümkün olmayacaq və odur ki, necə deyərlər, onu “qanadlarını kəsərək” buraxırlar...

Biz bu yazını yazarkən məlum oldu ki, Şimali Atlantika Şurasının üzvləri yenə Gürcüstana səfər ediblər. Bu artıq onların bu ölkəyə beşinci səfəridir və hamını bir sual düşündürür: görəsən, NATO təmsilçiləri bu dəfə nə deyəcəklər? Gürcüstanı Bloka üzv edəcəklərmi?..

Əlbəttə ki, prosesin sürətlənməsi Gürcüstanın indiki hakimiyyətinin mövqeyindən də asılıdır.

Amma burada başqa detal da var. Söhbət İvanişvili dəstəsinin siyasi ambisiyalarından gedir: onlar hələ hakimiyyətdən doymayıblar və belə duyulur ki, hələ onu əldən vermək niyyətində də deyillər. Odur, istisna deyil ki, “boz kardinal”ın nəzərləri yenə Kremlə yönəlib, hansı ilə ki, onu təkcə siyasi əlaqələr bağlamır. Fəqət, xeyli müddət keçib və hələ də cənab İvanişviliyə şimal qonşusu ilə normal əlaqələr qurmaq müyəssər olmayıb, çünki Moskvanın Abxaziyanı və Cənubi Osetiyanı qaytarmaq fikri yoxdur.

Odur ki, B.İvanişvili üçün də demək olar, “qərbçi siyasətçi” rolunu oynamaqdan savayı bir çıxış yolu görünmür, amma hiss olunur ki, hakim “Gürcü arzusu” partiyasının adı Qərbin “özünkülər” siyahısında yoxdur...

Hüseynbala Səlimov