Sanki ilk dəfədir Azərbaycana ayaq basıram... Sanki ilk dəfədir Azərbaycana ayaq basıram...
  • Yazarlar
  • 20 Yanvar 2021 02:22
  •  11 546

Müzəffər Azərbaycan Ordusunun izi ilə Şuşaya doğru

Sanki ilk dəfədir Azərbaycana ayaq basıram...

15 yanvar 2021-ci il, saat 9:00, məkan Füzuli rayonu Cocuq Mərcanlı kəndi, yolumuz Şuşa şəhərinə! İllərdir həsrət qaldığımız, düşmənin oylağına çevrilmiş, şəkillərinə baxıb yana-yana köks ötürdüyümüz, adı çəkiləndə bağrımızın başı göynəyən, ancaq bir gün belə, qovuşacağımıza ümidimizi itirmədiyimiz və nəhayət 8 noyabr 2020-ci ildə qəhrəman Azərbaycan Ordusunun bizə yenidən hədiyyə etdiyi Şuşaya.

Əvvəlcədən onu qeyd edim ki, Şuşaya səfərimizin belə qısa zamanda baş tutması ilə yanaşı, bu səfərin ölkə başçısının Şuşaya ilk tarixi səfəri ilə eyni günə düşməsinin qürurunu yaşayırdıq. Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdəki izini gördükdə isə bu qürur birə beş artırdı.

Ölkə başçısı Şuşaya yeni açılan Füzuli-Şuşa yolu ilə səfər edirdi. Sözügedən yol Füzulinin Alıxanlı, Qaraxanbəyli, Merdinli, Mirzəcamallı, Şuşanın Tuğ, Böyük Tağlar, Çanaqçı, Daşaltı kəndlərindən keçir. Şuşaya gedən əvvəlki və ən qısa yol isə Füzulinin Alxanlı, Qaraxanbəyli, Yuxarı Ayıbaslanlı, Şuşanın Qaçar, Qırmızı bazar, Dağyurdu, Şuşakənd, Qızıloba kəndlərindən keçir. Ancaq hazırda Qırmızıbazarda ermənilər olduğuna görə o yolla Şuşaya gedən azərbaycanlıları həftədə iki dəfə (ikinci və beşinci günlər) rus sülhməramlıları müşayət edir.

Biz isə mənfur düşmənlə üz-üzə gəlməmək, daha doğrusu, öz torpaqlarımızda erməniləri görməyi həzm edə bilmədiyimiz üçün Şuşaya Azərbaycan ordusunun getdiyi yolla getməyə üstünlük verdik. Daha dəqiq desək, biz də ordumuzun izi ilə addımlamaq, qəhrəman oğullarımızın o torpaqlarda yazdığı əsərinə şahidlik etmək, bu yolda canından keçmiş, qanı axmış igid oğullarımızın ruhlarını şad etmək qərarına gəldik. Bələdçimiz də elə bu müqəddəs yolla addımlamış qəhrəmanlarımızdan biri oldu.

Ordumuzun Cocuq Mərcanlıda qurduğu postu keçib, 30 ilə yaxın bir müddətdə neytral zona olaraq qalmış torpaqlarımıza daxil oluruq. Elə o andan etibarən ruhumu sevinc qarışıq kədərlə yoğrulmuş qəribə bir hiss bürüyür, ürəyim köksümdən çıxacaqmış kimi sürətlə döyünməyə başlayır. Sanki ilk dəfədir Azərbaycana ayaq basıram...

Dünyanın ən vəhşi milləti olan erməninin xaraba qoyduğu, daşı daş üstündə qalmamış kəndlərimizi, qazılmış qəbiristanlıqlarımızı, altı üstünə çevrilmiş məzarlarımızı gördükcə ürəyim yanır, təzyiqim yüksəlir, qəzəb boğur, nifrət püskürürəm. Ancaq ağlamıram, cəsur oğullarımızın o kəndlərdə qoyduğu yeni nişanələr ağlamağa imkan vermir. Ordumuzun döyüş texnikasının yerləşdirilməsi üçün qazılmış xəndəkləri, məhv edilmiş düşmən texnikasının qalıqlarını, erməni əsgərlərinin boş qalmış "kaska"larını, soxa qalmış geyimlərini, çəkmələrini gördükcə kədər tamamilə aradan qalxır, yerini sevincə verir.

Ermənilərin illərdi məskunlaşdığı kəndlərimizə çatanda isə bu sevinc birə beş artır. Ordumuzun gəlişini görüb qoyub qaçdıqları ev-eşiklər, həyət-bacalar, bağ-bağçalar, maşınlar, kənd təsərrüfatı texnikaları, arı yeşikləri, sobanın üzərində qalmış xörək qazanları 90-cı illərdə bizə yaşatdıqlarının eynisini yaşadıqlarını sübut edir. İndi o kəndlərin hələlik iki sakini var – qotur uzunqulaqlar və erməni kimi gözü doymayan, peyinlikdə eşələnən, leş axtaran donuzlar.

Keçdiyimiz ərazilərdən Cəbrayılın Mərcanlı, Xorovlu, Daşkəsən, Çərəkənd, Süleymanlı, Füzulinin Pirəhmədli, Qarğabazar, Xələfşə, Cuvarlı kəndlərində erməni yaşamayıb, kəndlər xarabalığa çevrilib. Ermənilərin yaşadıqları kəndlər Xocavəndin Ağbulaq kəndindən başlayır. Ağbulaq kəndində ermənilər yaşamaq üçün hər cür şərait qurublarmış, kənddə mavi qaz belə olub, kubikdən çox keyfiyyətli yol da çəkiblər kəndə. Kəndin aşağı hissəsindəki azərbaycanlı evlərini yerlə yeksan ediblər, yuxarı hissəsində isə özlərinə ev-eşik salıblar. Qəhrəman oğullarımızın Ağbulağın çıxışında yerləşən bir binanın divarına yazdığı “Hər şey Vətən üçün”, “Yolumuz Şuşaya” sözləri ilə qarşılaşanda ürəyim, sanki köksümü dəlib çıxmaq istəyir. Sürücüdən maşını saxlamasını xahiş edib, təhlükəli olsa belə (kənddə diversant ermənilərin ola biləcəyi istisna deyildi), kənddə bir qədər ayaq saxlayırıq, evlərə baxırıq. Şuşaya tələsdiyimizdən Ağbulaqdan ayrılıb yolumuza davam edirik.

Xocavəndin Edilli, Tuğ, Tağlar, Böyük Tağlar, Şuşanın isə Çanaxçı, Daşaltı kəndlərini keçərək Şuşaya yol alırıq. Buralarda qızğın iş gedir, qayaları, meşələri yararaq, evləri dağıdaraq Şuşaya geniş yol çəkirlər. İndiyə qədər keçdiyimiz kəndlərdə insan izinə rast gəlməsək də, buralarda xeyli həmvətənimiz var. Qollarını çırmalayıb yüksək həvəslə işləyirlər, tezliklə hər kəsi Şuşa ilə qovuşdura bilmək üçün can atırlar.

Və nəhayət qarşımızda o möhtəşəm mənzərə canlanır. Əlçim buludlarla öpüşən sıldırım qayaların üzərində yerləşmiş kəhrəba üzük qaşına bənzəyən Şuşa şəhəri salamlayır bizi.

Şəhərin girişində iki qardaş dövlətin – Türkiyə və Azərbaycan Prezidentlərinin portretləri əks olunmuş lövhə quraşdırılıb. Hər iki Prezidentin üzündə qalibiyyət təbəssümü əks olunub. Lövhədəki fotolar ayrı-ayrı çəkilsə də, ümid edirik, ən qısa zamanda İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşada bərabər çəkdirdiyi şəkillə əvəzlənəcək. Və o zaman bəlkə də biz heç indiki kimi Şuşadan Xankəndiyə həsrətlə boylanmayacağıq, səfərimiz Şuşadan üzü Xankəndiyə, Xocalıya tərəf davam edəcək...

Yəqin ki, bundan sonra Şuşa haqqında yazacaqlarımı gözləyirsiniz. Məntiqlə də elə olmalıydı. Ancaq mən Şuşa haqqında heç nə yazmayacağam. Çünki Şuşada gördüklərimi anlatmağa söz acizdir, o hissləri ifadə etmək üçün leksikonumzuda uyğun ifadələr yoxdur. Bəlkə də var, sadəcə mənim buna gücüm çatmadı. Bircə onu deyim ki, getdiyimiz 7 saatlıq yol boyu dolsa da, daşmayan gözlərim Şuşada sözümə baxmadı, göz yaşlarımı saxlaya bilmədim. Rəfiqəmə sarılıb doyunca ağladım.

Deyirlər ki, dünyanın 7 möcüzəsi var, o gün Şuşada olmağım mənim üçün dünyanın səkkizinci möcüzəsi idi... Hər kəsə tezliklə o möcüzəni yaşamağı arzu edirəm və oxucularımıza Şuşada lentə aldığımız bəzi görüntüləri təqdim edirik.

Bu da şərəfli Azərbaycan Ordusunun Şuşada qoyduğu nöqtə:

(Dominant.az)