Etibar Məmmədov iclasda öldürüləcəkdi

Sabit Bağırovla Nəcəf Nəcəfova tapşırılmışdı ki...

AXC rəhbərliyi 14 mayda çevriliş olacağını, bütün detalları ilə əvvəlcədən bilirdi.

1992- ci ilin 12 mayı axşam saat 10 radələrində Əbülfəz Elçibəy mənə telefonla AXC rəhbərliyini fövqəladə toplantıya yığmaq göstərişini verdi. (Mən o vaxt AXC-nin Sədr Aparatı olan AXC İcraiyyə Komitəsinin rəhbəri idim.) Həmin gün Əbülfəz bəy mühüm görüşlərinin olacağını demişdi. Prezidentliyə namizəd olduqdan sonra, o, görüşlərini bir qayda olaraq AXC qərargahında keçirirdi. Lakin həmin mühüm görüş qərargahda olmamışdı. Toplantı gecə saat 11 radələrində baş tutdu. İclasda AXC parlament qrupunun rəhbəri İsa Qəmbər, AXC sədrinin müavini İsgəndər Həmidov, AXC Məclisinin sədri Arif Hacılı, katibi Çingiz Qəniyev və Rauf Qarayev, AXC İnformasiya Mərkəzinin direktoru Niyazi İbrahimli, Əbülfəz Elçibəyin Seçki Qərargahının rəhbəri Sabit Bağırov, AXC AXC İcraiyyə Komitəsinin üzvlərindən bir qrupu iştirak edirdi.

Toplantıda Əbülfəz Elçibəy məlumat verdi ki, dəqiqliyi şübhə doğurmayan informasiyaya görə mayın 14-də Ali Sovetin sessiyası çağırılacaq, Sessiyada Xocalı Komissiyasının məlumatı məsələsi qoyulacaq, Ayaz Mütəllibovun günahsızlığı elan olunaraq, 6 mart 1992-ci il sessiyasının qərarları ləğv ediləcək; Ayaz Mütəllibovun prezidentliyi bərpa olunacaq; elə sessiyanın gedişində daha fəal şəkildə etiraz etmələri ehtimal olunan Demblok deputatlarından Arif Hacıyev, Etibar Məmmədov və ya Tofiq Qasımovdan biri sessiyanın iclasında silahlı şəxslər tərəfindən öldürüləcək, seçki dayandırılacaq, ölkədə fövqəladə vəziyyət elan ediləcək və AXC - yə qarşı terror başlanacaq, böyük qan töküləcək...

Sonrakı günlərdə baş verənlər məlumatın nə qədər dəqiq olduğunu göstərdi.

AXC rəhbərliyinə təklif edilirdi ki, onlar və ailə üzvləri Türkiyə səfirliyindən sığınacaq istəsinlər və ora sığınsınlar. Bildirilmişdi ki, təxminən 300 adama sığınacaq verilə bilər. Bundan əlavə, müxalifət mühacirətdə hökuməti yaratmaq barədə düşünərsə və bü istiqamətdə yardım

göstərilməsi istənilərsə mümkün variantlar nəzərdən keçirilə bilər.

AXC sədri bildirdi ki, ona deyilənə görə eyni təkliflər Etibar Məmmədova da edilib.

Həmin günün səhəri Türkiyəyə gedən Etibar Məmmədov sonralar mənimlə söhbətində ona belə bir məzmunda məlumatlar verilmədiyini bildirmiş və tamamilə fərqli versiya söyləmişdi.

Onun dediyinə görə, onunla Türkiyə baş nazirinin müavini əlaqə saxlamış və baş nazirin adından Azərbaycanla bağlı fövqəladə mühüm məsələlərin müzakirə edilməsi üçün onu təcili Türkiyəyə dəvət edibmiş. Türkiyəyə çatdıqdan sonra isə onunla əlaqəyə girən şəxslərin münasibətinin dəyişdiyini, vəd edilən görüşlərin ləngidildiyini hiss edib. Bakıdakı hadisələr haqqında xəbər aldıqdan sonra dərhal Azərbaycana qayıtmaq istəyib. Lakin bu təşəbbüsü faktiki olaraq, əngəllənib.

Etibar Məmmədov iddia edir ki, bu AXC- ni hakimiyyətə gətirmək xətti götürmüş Türkiyədəki dairələrin onu qəsdən Azərbaycandan uzaqlaşdırmaq planının tərkib hissəsi olub ki, onun bu plana mane olmasının qarşısı alınsın.

Mən birmənalı şəkildə axırıncı iddianın əsassız olduğunu bildirirəm. Çünki yuxarıda qeyd etdiyim kimi, 14 maydan cəmi iki gün əvvəl AXC sədrinə təklif olunmuşdu ki, yaxın ətrafı ilə Türkiyəyə getsin və orda mühacir höküməti elan etsin. AXC rəhbərliyinə isə təklif olunurdu ki, ailələri ilə birgə siyasi sığınacaq istəyib, diplomatik toxunulmaz ərazilərdə yerləşsinlər. Və əgər 12 mayda bu təklif qəbul edilsəydi hadisələr tamamilə başqa, AXC-nin hakimiyyətdən əl çəkməsi istiqamətində cərəyan edəcəkdi. İrəliyə gedərək qeyd edim ki, mühacirət höküməti layihəsi həmin gün müzakirə edilən və qərarlaşdırılan məsələlərdən biri olmuşdu. Həmin müzakirənin və alınan qərarın nəticəsi olaraq Sabit Bağırov və Nəcəf Nəcəfov rartıq 14 mayda Ankarada idilər. Biz artıq 13 mayda Etibar Məmmədovun Türkiyədə olduğunu bilirdik və Sabit Bağırovla Nəcəf Nəcəfova tapşırılmışdı ki, Türkiyədə buradan xüsusi göstəriş olana qədər Etibar Məmmədovla əlaqəyə girməkdən çəkinsinlər. Türkiyəyə çatdıqdan az sonra Nəcəf Nəcəfov məlumat verdi ki, onlara Etibar Məmmədovla görüşüb televiziyaya çıxmaları, birgə mövqe açıqlamaları təklif olunur. AXC rəhbərliyi bu məsələ barədə mövqeyini dəyişmədi və həmin görüş, efir və birgə bəyanat təkliflərinin qəbul edilmədiyini bildirdi. Yenə irəli gedib əlavə edim ki, 17 mayda İsa Qəmbərin Ali Sovetin sədri və Prezident səlahiyyətlərini icra edən şəxs seçilməsi formasında artıq AXC- nin hakimiyyət məsuliyyətini götürməsi məsələsi müzakirə ediləndə məhz Türkiyə tərəfi israrla tövsiyə edirdi ki, Etibar Məmmədov kənarda qalmasın...

Pənah HÜSEYN,

Sabiq Baş nazir, AXP sədri