Azərbaycan Prezident inamlı, planlı, tədbirli və qətiyyətli idi Azərbaycan Prezident inamlı, planlı, tədbirli və qətiyyətli idi

Bakıda mətbuat konfransı, İrəvanda "İskəndər"in buynuzu

Azərbaycan Prezident inamlı, planlı, tədbirli və qətiyyətli idi

Azərbaycan prezidenti İlham Əliyev dünən yerli və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi.

Dörd saatdan çox davam edən toplantıda, sözün bütün mənalarında cavabsız sual qalmadı.

Dövlət başçımız bütün suallara sərrast, əhatəli və məzmunlu cavab verdi.

İştirakçılar üçün də, müşahidəçilər üçün də, bütövlükdə cəmiyyətimiz və beynəlxaq aləm üçün Azərbaycan dövlətinin mövqeyi baxımından qaranlıq nə isə qalmadı.

Xüsusən də Qarabağ məsələsində.

Prezidentin dünənki mətbuat konfransındakı açıqlamalarını ümumiləşdirsək, Azərbaycan Respublikasının mövqeyini qısaca belə ifadə etmək olar:

Azərbaycan ordusu uzun illər boyunca hazırlaşdığı müharibənin qalibidir, 44 günlük aktiv hərbi əməliyyatlardan sonra Ermənistanı təslim olmağa vadar edib. Ermənistanda hakimiyyətə kimin gəlməsindən-getməsindən asılı olmayaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərrtləri yerinə yetirilməlidir. Əgər Ermənistanda indiki və hər hansı gələcək hakimiyyət bu şərtləri yerinə yetirməkdən boyun qaçırarsa, o zaman Azərbaycan İrəvanı bir daha Qarabağın kimin olduğunu başa salmağa hazırdır.

Prezident inamlı, planlı, tədbirli və qətiyyətli idi.

Çox açıq şəkildə hiss olunur ki, “Dəmir yumruq” əməliyyatının Azərbaycanın qalib ölkə statusunda dayandırması ilə bağlı üçtərəfli bəyanata imza atarkən Prezident proseslərin bütün mümkün inkişaf variantlarını nəzərə alıb.

Eyni zamanda, Azərbaycanın bölgəmizdə arzuladığı ssenari barədə də konkret mesajlar verdi.

Prezident bildirdi ki, Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşları kimi hər cür şərait yaradılacaq, ancaq xüsusi status tələb edilməsi artıq masadan çıxmış mövzudur:

“Mən statusunun ünvanını göstərmişəm”!

Yəni, status çoxdan gorbagor olub və kimsə goreşənlik edib, ölünü diriltməyə çalışmasın, Azərbaycanın 3000 nəfərə yaxın şəhid verərək yaratdığı yeni reallığı hər kəs qəbul etsin.

Bəli, II Qarabağ savaşında Azərbaycan ordusunun qazandığı TARİXİ ZƏFƏR həqiqətən də Qafqazda yeni reallıq və əməkdaşlıq müstəvisi yaradıb.

Hələlik bu müstəvinin daxilində də, xaricində də işlər çox da rəvan getmir.

Bir tərəfdən Rusiya Ermənistanın darmadağın etdiyimiz ordusunu yenidən qurmağa, silah-sursatla təchiz etməyə çalışır.

Digər tərəfdən ABŞ-ın tətbiq etdiyi sanksiyalardan ehtiyyat edərək Avropanın 18 iri şirkəti “Şimal axını-2” layihəsindən imtina edib. Bu, Rusiyaya olduqca ciddi zərbədir.

Nəhayət, Ermənistanda daxili vəziyyət olduqca gərgindir, hərbi çevriliş planı işə düşüb, Paşinyanın işğalçı ordunun orkestr şefinə qədər bütün generalitet tərəfindən imzalanan istefa çağırışı qarşısında nə qədər duruş gətirəcə biləcəyi naməlumdur.

İlk baxışdan belə təəssürat yaranır ki, üçtərəfli bəyanata imza atmış Nikolun İrəvanda iqtidarda qalması Azərbaycan üçün daha məqbuldur. Çünki onun istefasına çalışan müxalifət qüvvələri Şuşa və Hadrutu, mümkün olsa, digər bölgələri yenidən ələ keçirmək yönündə açıq mətnlə danışırlar. Ermənistan baş nazirinin əleyhdarlarının nüvəsini Qarabağ klanı, Robert Köçəryan, Serj Sərkisyan kimi Xocalı qatillərinin tərəfdarları təşkil edirlər.

Ancaq Nikol Paşinyanın bu günlərdə Azərbaycana “İskəndər” raketi atdıqları, ancaq Rusiya istehsalı olan həmin bahalı, ancaq Ermənistana havayı verilmiş raketlərin partlamaması barədə verdiyi açıqlamaya bir qədər fərqli prizmadan yanaşanda, onun da revanş üçün məqam gözlədiyi üzə çıxır.

Hansıdır “fərqli” dediyimiz prizma?

Bəlli olduğu kimi, Rusiya dünyanın ən böyük silah istehsalçılarından və ixracatçılarından biridir. Kreml silah satışından hər il on milyardlarla pul qazanır. Rusiya silahlarının əsas alıcısı isə Hindistan idi.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları adlı qurumun raportuna görə, Rusiyanın silah ixracatında 2010-14-cu illərdə 18 %, 2015-19-cu illərdə isə 6% azalma olub.

Bunun qarşılığında, dünyanın üçüncü böyük silah ixracatçısı olan Fransanın bazarda payı tam 72 faiz artıb.

Başqa sözlə, dünya silah bazarında Rusiya mallarına tələbatın azalması ABŞ-dan da çox, Fransanın işinə yarayır.

Ermənistanın həm prezidenti, həm də Baş naziri Fransanın dəstəyi ilə iqtidara gəlib.

44 günlük müharibə zamanı Fransanın Azərbaycanın qarşısında olmasının çox mühüm səbəblərindən biri də məhz bu idi.

İndi Paşinyan savaşdan yenicə çıxmış bir ölkənin rəsmi ağızı olaraq Rusiya hərb sənayesinin şah əsərlərindən sayılan “İskəndər”lərin partlamadığını deməklə, Kremlin bazarını öldürür.

Başqa sözlə, bu, həm də o deməkdir ki, qısa zamanda Ermənistan yenilmiş ordusunu fransız istehsalı olan silahlarla təchiz etməyə, Azərbaycanın müasir döyüş texnikasının qarşısına Avropa istehsalı olan qurğularla çıxmaq niyyətindədir.

Belədə, bir daha məlum olur ki, Azərbaycana sabit yox, qarışan, didişən, vətəndaş müharibəsində boğulan Ermənistan lazım.

Bunun üçün isə Azərbaycanın əlində çox təsirli bir rıçaq var: işğalçı ordunun hələ də Xankəndində qalmış sınıq-salxaq bölmələrini ən qısa zamanda ölkəmizdən çıxarmaq!

“İskəndər”in əsas buynuzu o vaxt çıxacaq İrəvanda!

Taleh ŞAHSUVARLI