Prezident İlham Əliyev: "Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi" Prezident İlham Əliyev: "Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi"

Əliyevin və Paşinyanın bəyanatları

Prezident İlham Əliyev: "Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi"

30 ildən sonra Şuşada bayram tonqalı qalandı.

Azərbaycan lideri İlham Əliyev xanımı- ölkənin birinci vitse prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Cıdır düzündə Novruz atəşi çatdı.

Hər bir azərbaycanlının illərlə, on illərlə gözlədiyi, bəzən səbr, bəzən səbrsizliklə gözlədiyi tarixi bir hadisə idi.

Dövlət başçısının Cıdır düzündə qaladığı tonqalın istisi, hərarəti kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılaraq hər azərbaycanlının evinə doldu.

Dövlət başçısı ZƏFƏR TONQALInın qarşısında çıxış etdi.

Bu çıxışı şərh etmək, yorumlamaq mümkün deyil, əslində.

Ona görə mümkün deyil ki, İlham Əliyev sadə və aydın bir dillə, əhatəli şəkildə, həm öz emosiyalarını, həm də xalqın duyğularını nitqində cəmləyərək dolğun mesajlar verib.

Prezident Əliyevin mesajlarını qısaca olaraq belə özətləmək olar:

1) İlham Əliyev bütün xalqın ondan gözlədiyi qələbəyə hakimiyyəti dövründə rasional bir siyasət yürüdərək çalışıb;

2) İlham Əliyev bu zəfərə mane olan daxili, xarici, hətta deyərdim, ölkəmizin tarixi inkişaf yolundan qaynaqlanan faktorları bir-bir zərərsizləşdirib, ən əlverişli situasiyada “Dəmir yumruq” işə salınıb;

3) “Dəmir yumruq” əməliyyatı hərbi nöqteyi-nəzərdən 21-ci əsrin savaşıdır, yəni SMART WAR-dır və belə bir müharibə aparmaq üçün bir dövlətdən iqtisadi güc, çağdaş texnologiya və milli həmrəylik tələb olunur.

4) Artıq neçənci dəfədir ki, İlham Əliyev digər yaş nəsillərinin rolunu danmadan, 44 günlük savaşda məhz onun hakimiyyəti dövründə formalaşan, başqa sözlə, Azərbaycanın müstəqilliyinin yetirmələri olan gənc nəslin döyüş əzmini yüksək qiymətləndirir. Bu, müzəffər nəslə prezident tərəfindən həm də ölkəmizin gələcəyi üçün pozitiv dinamika yaradacaq demoqrafik faktor kimi yanaşılmasının göstəricisidir.

5) Dövlət başçısının ZƏFƏR TONQALInın önündəki nitqindən bir hissəni isə olduğu kimi təqdim etmək istəyirəm:

“Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik”.

Əminəm ki, aylar, illər, bəlkə onilliklər, bəlkə yüzilliklər keçəcək, prezident İlham Əliyevin 44 günlük savaşa qədər və həmin savaş günlərində apardığı diplomatik danışıqlar gün üzünə çıxacaq, bax, o zaman bir daha məlum olacaq ki, “dayanın” çağırışlarına, təzyiqlərinə, hədələrinə sinə gərən Ali Baş Komandan məhz söz açdığı MİLLİ RUHla şanlı ordumuza Şuşanı götürmək əmri verib.

İlham Əliyev Müzəffər Ordunun Ali Baş Komandanı kimi Cıdır düzündə qaladığı ZƏFƏR TONQALInın qarşısında xalqa səslənərkən, bəs, Ermənistandan hansı mesajlar verilirdi?

“Sputnik Armenia”nın xəbərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Aştarak viliayətinin Ucan kəndinə gedib və orada kənd sakinləri ilə söhbətləşib. Nikol Paşinyanın dediklərindən:

- “Sual vermək lazımdır ki, digər hakimiyyətlər bu razılaşmadan (10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Sözləşmədən- T.Ş) imtina edərdilərmi? Mən buna mənfi cavab verirəm, çünki bu, faciəyə gətirib çıxarar”.

- “Bizi 2018-ci ildə hakimiyyətə gəldikdən sonra 25 il ərzində Silahlı Qüvvələrdə mövcud olmuş bir sıra problemləri həll etməməkdə də günahlandırırlar. Bu ittiham doğrudur. Ancaq sual yaranır ki, ərzaq və mərmilərlə bağlı problemlər 2018-ci ildə də mövcud olmalı idimi?”

- “Qarabağda müharibə başlayanda ordu mümkün olan vaxta qədər döyüşdü”.

Paşinyanın bu açıqlamasını diplomatik dildən sadə dilə çevirəndə çıxan nəticələr bunlardır:

x) Ermənistanda Üçtərəfli Bəyanatı poza biləcək bir siyasi güc, lider yoxdur, belə bir cəhd olarsa, Ermənistan daha ağır məğlubiyyətlərə uğrayacaq, bir dövlət kimi tamamilə iflas edəcək.

x) Ermənistan 25 il ərzində, yəni o hakimiyyətə gələnədək müasir ordu qura, iqtisadi cəhətdən güclənə, ən başlıcası, erməni cəmiyyəti Qarabağı özününküləşdirə bilməyib.

x) Erməni ordusu özündən qat-qat güclü, qüdrətli, müasir silahlarla təchiz olunmuş, ideoloji baxımdan öz torpaqları uğrunda döyüşməklə haqq davası apardığına bütün varlığı ilə inanan Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədi, qısa zamanda darmadağın oldu, ondan sonra isə kapitulyasiyaya imza atmaqdan başqa çarə qalmadı.

Mənim İlham Əliyev kimi yüksək intellektə, iradə və qətiyyətə, siyasi liderlik potensialına, diplomatik məharətə malik bir vətən sevdalısını hər zaman “küçə uşağı” adlandırdığım Nikol Paşinyanla müqayisə etmək niyyətim yoxdur, əsla.

Ancaq madam Azərbaycana qarşı aparılan “hibrid müharibə”nin bir parçası olanlar Nikol Paşinyanı II Qarabağ savaşına qədər “demokrat” deyib gözümüzə dürtürdülər, onun Ermənistanı Avropaya daşıyacağından, ağ günə çıxaracağından, öz "müasir"liyi ilə Qarabağı Azərbaycandan birdəfəlik qoparacağından dəm vururdular, o zaman İlham Əliyevin Cıdır düzündə çatdığı ZƏFƏR TONQALInın önündəki nitqini öz “sevimli” inqilabçılarının ucqar Ucan kəndindən verdiyi mesajlarla tutuşdursunlar, bir zəhmət...

İlham Əliyev Azərbaycanın QƏLƏBƏ RƏMZİ, Nikol Paşinyan Ermənistanın növbəti yazıqlıq, məzlumluq obrazıdır!

Və Azərbaycanın QƏLƏBƏ RƏMZİ Lebon Qustavın məşhur deyimini bir daha haqlı çıxarır: "Tarix öz xalqını arxasınca aparan tək-tək şəxsiyyətlərin irəliyə doğru hərəkətidir"!

Taleh ŞAHSUVARLI