Paşinyan hakimiyyətini qorumaq üçün Azərbaycana möhtacdır Paşinyan hakimiyyətini qorumaq üçün Azərbaycana möhtacdır

Ermənistan hərbi təzyiq altında saxlanılmalıdır- TƏHLİL

Paşinyan hakimiyyətini qorumaq üçün Azərbaycana möhtacdır

“Hazırda Azərbaycan dövlətinin cəmi bir ehtiyacı var: Dünyanı düzgün oxumaq lazımdır! Azərbaycanda bunu bacaran isə, sadəcə, İlham Əliyevdir!”

Bu fikri 9 may 2021-ci ildə öz Facebook səhifəmdə yazmışam.

Eyni fikri təhlillərimdə, televiziya çıxışlarımda və sosial şəbəkələrdəki digər statuslarımda da dəfələrlə təkrarlamış, izah etmişəm.

İndi isə, gəlin, erməni analitiki Tiqran Qriqoryana qulaq verək.

Ancaq onun rəyi ilə tanış olmazdan öncə, istəyirsinizsə, Tiqran barədə qısaca bir məlumat verim.

Tiqran Ermənistanın Təhlükəsizlik Şurasında çalışıb, Böyük Britaniyadakı Şərqi İngiltərə Universitetinin (UEA) konfliktologiya və beynəlxalq münasibətlər fakültəsini bitirib. Dünya çapında ilk yüzlükdə olan bir ali məktəb deyil, amma önəmli universitetdir. Erməni analitiki Facebook sosial şəbəkəsindəki hesabında hazırda İrəvanda yaşadığını bildirir, amma yaddaşım məni aldatmırsa, o, Xankəndində doğulmuş olmalıdır. Bir neçə il öncə orada şəhərdaxili marşrutların yaxşı işləməməsinə etiraz olaraq keçirilən aksiyanın təşkilatçılarından olmuşdu.

Onunla Minskdə keçirilən bir beynəlxalq tədbirdə tanış olmuş, “tanış olmuşduq” deyəndə möhkəm mübahisə etmişdik.

Azərbaycanın tanınmış ictimai xadimi, konfiliktoloq Əvəz Həsənovun şahidliyi və tərcüməçiliyi ilə həmin tədbirdə iştirak edən digər ermənilərdən fərqli olaraq, daha soyuqqanlı və analitik bir çıxış edən Qriqoryanın qarşısına həm tarixi, həm də politoloji baxımdan ciddi dəlillər qoymuş, susdurmuşdum.

Tiqran Qriqoryan hazırda erməni mediasında konfilktoloq kimi çıxışlar edir, analitik məqalələr yazır.

Onun dünən yazdığı məqalədə bu abzas diqqətmi xüsusi çəkdi:

“Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq münasibətlərdə dəyişən faktorların fərqindədir. Bu amillər belədir. Təkqütblülükdən çoxluğa keçid; liberal dünya düzəninin və beynəlxalq normaların zəifləməsi; regional güc mərkəzlərinin təsirinin güclənməsi. Əliyevin 44 günlük savaşdan öncə və sonrakı davranışları bu dəyişkənliklərə paraleldir. Yuxarıda bəhs olunan amillər olmasaydı, ikinci Qarabağ savaşı mümkün olmayacaqdı. Hazırda rəsmi Bakı dünya sistemində meydana gələn dəyişikliklərdən və Ermənistanın savaşdan sonrakı zəifliyindən bir xeyli strateji problemini çözmək üçün istifadə edir”.

Zənnimcə, bu rəydən sonra istər Qarabağda, istərsə də Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlərin əsl səbəbini anlamaq heç də çətin olmayacaq: Ermənistan savaşda uğradığı acınacaqlı məğlubiyyətdən sonra Azərbaycanın onu zəif sanmaması, müəyyən qədər müqavimət gücünə malik olduğunu sərgiləmək üçün təxribatlar törədir. Törədilən bütün təxribatların məqsədi əvvəlki diplomatik düzəni bərpa etmək, başqa sözlə, ATƏT-in Minsk Qrupunu dirçəltmək, günü-günə sata-sata Zəngəzur dəhlizini açmamaq, Azərbaycanın qalib dövlət kimi təklif etdiyi sülh sazişini imzalamamaqdır.

Hazırda Azərbaycanın Ermənistandan əsas tələbi Zəngəzur dəhlizinin açılması, sərhədlərin tanınması və Sülh sazişinin imzalanmasıdır.

Zəngəzur dəhlizinin açılması həm 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatın əsas maddələrindən biridir və sözün açığı, Azərbaycan üçün digər iki prioritetdən daha önəmlidir. Çünki dəhlizin açılması ilə Ermənistan Zəngəzurda öz suverenliyini qorumaq üçün qalan iki tələbi yerinə yetirmək məcburiyyətindədir. Bunu heç şübhəsiz ki, Ermənistan rəhbərliyi də başa düşür və nəticədə dəhliz məsələsinin rəsmi İrəvanın gündəmində olmaması barədə bəyanatlar verir. Ermənistanın taktikası aydındır: sərhəddə insidentlər törədir, İrəvandakı səfirləri Kəlbəcərə gətirir, diplomatik missiyaların hərbi atteşşeləri üçün məlumat sessiyaları keçirir, ATƏT-in Minsk Qrupuna, KTMT-ə ismarıc dalınca ismarıc göndərir. Bütün bunlarla ona nail olmaq istəyir ki, Azərbaycan ordusu Şərqi Zəngəzur və Naxçıvanda sərhəd xəttindən geri çəkilsin, demarkasiya üçün danışıqların başlaması üçün isə, Qarabağın statusu masaya qoyulsun.

Azərbaycan prezidenti İlham Əliyevin təbirincə desək, 10 noyabr Üçtərəfli Bəyanatda Qarabağın statusu ilə bağlı bir kəlimə də yoxdur. Azərbaycanın hazırkı hərbi və diplomatik üstünlüyü bu təklifi hansı səviyyədə və kimlər tərəfindən səslənməsindən asılı olmayaraq zibil yeşiyinə atmağa imkan verir. Azərbaycan ordusunun sərhəd postlarından geri çəkilməsi üçün də heç bir əsas yoxdur. Postların hər biri Azərbaycan ərazindədir, hətta bəziləri SSRİ dövrünün xəritələrinə əsasən, olmalı olduğu mövqelərdən geridədir. Elə bu səbəbdən də proqnozlaşdırmaq çətin deyil ki, Azərbaycan öz postlarını olmalı olduğu yerə çəkdikcə, sərhəddə insidentlər baş verəcək. Əgər Ermənistan bu insidentlərdə maraqlı deyilsə, əsgərlərinin ölməsini, ərazilərimizdə qurulmuş postlarının darmadağın olmasını istəmirsə, demarkasiya və demilitasiya prosesindən qaçmamalıdır.

Bizim üçün əsas sual isə budur: Azərbaycanın əlində Ermənistanı Zəngəzur dəhlizinin açılmasına sövq etmək üçün hansı rıçaqlar var?

Bu rıçaqlardan birincisi Qarabağda qalmış terrorçu qalıqlarıdır. Azərbaycan həmin qalıqları təmizləmək üçün anti-terror əməliyyatları keçirə və bununla Ermənistanı fakt qarşısında qoya bilər. ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Xankəndinə səfər etməməyə çağırıb və çağırış onun təsdiqidir ki, Vaşinqton Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin anti-terror əməliyyatı keçirməsini istisna etmir. Azərbaycan belə bir əməliyyat keçirəcəyi, işğalçı ordunun yüzlərlə əsgərini məhv edəcəyi və əsir götürəcəyi təqdirdə, son seçkilərin nəticələrinə görə, Ermənistanda çoxluğu təmsil etməyən (bu çoxluğu Paşinyanın əleyhinə verilən səslər və seçkidə iştirak etməyənlərin cəmi yaradır) bir hökumət iqtidarda qala bilməz.

İkincisi, Qazaxın Ermənistanın işğalı altında olan kəndləri var. Bu kəndlərin hərbi əməliyyatla geri qaytarılmasına Rusiya da göz yummalıdır və yumacaq. Bu, Ermənistanı demilitasiya və demarkasiya prosesinə cəlb etmək üçün real təsir vasitəsidir.

Başqa bir əsas amil Azərbaycanın bu dəhlizi hərbi yolla açmaq potensialıdır. Əgər Ermənistan münaqişənin bitdiyini qəbul etmir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, Qərbi Zəngəzurun qan çanağına dönəcəyini gözünün altına almalıdır. Görünür bu ehtimalı Ermənistan hökuməti yetərincə nəzərə alır ki, ölkədə növbəti səfərbərlik elan olunub.

Dördüncüsü, Üçtərəfli Bəyanatın icrasına qarant verən Rusiyadır. Rusiya Ermənistandakı dəmir yollarının sahibidir, Zəngəzur dəhlizinin açılacağı təqdirdə isə kommunikasiyanın həmin ölkədən keçən hissəsinin təhlükəsizliyinə hərbi baxımdan cavabdeh olacaq. Başqa sözlə, dəhlizin açılması ilə bağlı söz sahibi Ermənistan deyil, Rusiyadır.

Beşincisi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla və Türkiyə ilə birləşdirmir, Türkiyə və Rusiya arasında quru yolu açır. Türkiyə və Rusiyanın quru yolu əlaqələrinə olan ehtiyacı Ermənistana daha bir təzyiq vasitəsidir.

Bütün hallarda, Azərbaycan Ermənistanı həm sahədə, həm də masada təzyiq altında saxlamalı, hərbi ritorikanı gücləndirməli, rəsmi Bakının bəyanatları hədə səviyyəsində qalmayıb, lokal əməliyyatlar fazasında düşməni sülhə məcbur etməlidir.

Taleh ŞAHSUVARLI