Niyə “İRNA Azərbaycan” yox, “İRNA Azəri?”

İranın dövlət agentliyi İRNA-nın Azərbaycan dilində bölməsi fəaliyyətə başlayıb. Məqsədin “Azərbaycan auditoriyasının İranla bağlı xəbərlərə birbaşa çıxışının olmasına şəraitin yaradılması və iki ölkənin ortaq düşmənlərinin (?) media planlarına qarşı fəaliyyət göstərmək, saxta xəbərlərlə mübarizə aparmaq” olduğu qeyd olunur.

Amma və lakin, İranın bu addımındakı hiylə də nəzərdən qaçmamalıdır.

İRNA-nın Azərbaycan bölməsi “İRNA Azəri” adı ilə açılıb. “Azəri” adlı millət, yaxud belə bir dil varmı?
Agentliyin əməkdaşı Muhammed Rizapur da Şuşada Prezident İlham Əliyevə sual ünvanyalanda “İRNA Azəri” demişdi, Prezident isə cavabında “İRNA Azərbaycan” olaraq düzəliş etmişdi.
O zaman sual yaranır: İran “xoş niyyət” olaraq qələmə verdiyi bu addımda Azərbaycanın və Azərbaycan dilinin adını niyə təhrif edir?! “Azəri” adının arxasında hansı niyyət yatır?
“Azəri” – azərbaycanlıların türk yox, farsdan dönmə millət olduğu ideologiyasına xidmət edən əsas tezisidir. İlk dəfə Əhməd Kəsrəvi tərəfindən irəli sürülüb. Kəsrəvi 1921-ci ildə nəşr etdirdiyi “Azəri ya Zəban Bastane Azərbaycan” adlı kitabında iddia edir ki, “azərbaycanlılar türk yox, “azəri” adlı ayrı millətdir və farsların bir qoludur, “azəri” dili də fars dilinin törəməsidir, azərilər türklərin bölgəyə gəlişindən sonra dillərini dəyişiblər”.

“Kəsrəviçilik” təlimi olaraq yayılan bu iddia İran rejimi tərəfindən Şimalla Cənubu ayırmaq məqsədinə xidmət etsə də, SSRİ-də də azərbaycanlıların Türkiyədən uzaqlaşdırılması siyasətində istifadə olunurdu. 1979-cu ildə mollalar şahı devirsələr də, “azəri” ideologiyasını davam etdirir, təkcə Cənubdakı soydaşlarımıza tətbiq edilmir, eyni zamanda, “Azərbaycan İranın tarixi parçası olub” siyasətində Arazın bu tayına da ixrac olunur.

İndi İRNA-nın – İran dövlət agentliyinin Azərbaycan dilindəki bölməsini “Azəri” adlandırması “kəsrəvçilik” təliminin və eyni siyasətin davamı deylmi?!