7 fevral dərsləri - El gücü, sel gücü!

Daha bir şərəfli tarixi dövr arxada qaldı. 7 fevralda Azərbaycan xalqı ərazu bütövlüyü və suverenliyi tam təmin olunmuş müstəqil dövlətinin ilk Prezident seçkilərini keçirdi. Ləyaqətlə keçirdi, böyük inam ilə, sevgi ilə keçirdi, el birliyi, əl birliyi, səs birliyi ilə keçirdi.
7 fevralda xalqımız ədalətə, sülhə, əmin-amanlığa, tərəqqiyə səs vermiş oldu.
Bu seçkilərdə fəal iştirak etməklə xalqımız dünya güclərinə bir daha göstərdi ki, bölgənin titul xalqı bizik və bölgənin taleyini biz müəyyən edirik.
Bu seçki müstəqil dövlətçiliyimizin tarixində ən mütəşəkkil, ən demokratik, ədalətli və nümunəvi seçki kimi qalacaqdır.
7 fevralda keçiirilən prezident seçkilərində xalqımız öz yüksək seçki mədəniyyətini dünyaya nümayiş etdirdi.
Azərbaycan xalqı qədirbilən xalqdır və onu qalib xalq etmiş Liderə öz vəfa borcunu 7 fevralda layiqincə yerinə yetirdi.
7 fevral seçkilərində fəal iştirakı ilə Azərbaycan xalqı öz dövləti ilə bir yerdə olduğunu bəyan etdi, dünya güclərinə bu dövlətin sahibi də, xidmətçisi də mənəm mesajını verdi.
Bu seçkidə Azərbaycan xalqı birliyimizin simvolu olan Dəmir yumruğun haqqın yanında, zülmün qarşısında mərd dayandığını dəstəklədiyini ifadə etdi.
Xalqımız bir daha öz gur səsini milli lider İlham Əliyevin məğrur səsinə qataraq ,- "Biz birlikdə güclüyük" -,dedi.
Söz səsdən, səslərin nizamlı birliyindən yaranır. Məhz 7 fevralda Azərbaycan xalqının səsi pərakəndə deyildi, nizamlı idi, bir məqsədə yönələn iradə, fikir birliyinin ifadəsi idi.
7 fevralda hər kəs öz səsi ilə fikrini ifadə edirdi, hər kəs eyni mahnını solo oxuyurdu, bu səslər o qədər bir- birinə yaxın idi ki, nəticədə bir- birinə dəstək verərək xalqın ruhuna, milləti birliyə səsləyən milli marşımıza, himnimizə çevrildi.
7 fevral 6 milyon 500 min səsin milli xora çevrildiyi bir tarixi gün idi və bu xorda xaric səs yox idi.
Bu seçki bütün fəaliyyətini öz xalqının xoşbəxtliyinə yönəldən, 20 il ərzində xalqa verdiyi bütün vədlərini ləyaqətlə yerinə yetirən, "Bizum siyasətimiz bizim işimizdir", "Sözümüz imzamızdır" söyləyən cənab Prezidentə doğma xalqının inamını, güvənini ifadə edən "Səsimiz imzanızdır!" dəstəyinin göstəricisi oldu.
Bu seçki həm də Azərbaycanın uğurlarını gözü götürməyən, inkişafımızı, qalibiyyətimizi həzm etməyən qərbdəki şeytanlara xalqın vurduğu tərs şapalaq oldu. Azərbaycan sizin oyun quracağınız meydan deyildir, rədd olun, gedin öz çirkin oyunlarınızı öz xarabanızda oynayin, burada nə sizin rəngli inqilablarınıza, nə baharınıza, nə qışınıza yer yoxdur. Bura bizim məmləkətimizdir, öz Vətənimizdə havanın iqlimini də, ilin fəsillərini də, otların, çiçəklərin rənglərini də ulu Tanrının istəyi ilə biz müəyyən edirik!
Bu Vətəndə küləklərin uğultusu da, çayların nəğməsi də bizim səsimizim ahənginə uyğun səslənəcək, dənizlərin dalğası da bizim səsimizin dalğasında çağlayacaqdır.
7 fevral dünya güclərinə bir daha sübut etdi ki, el gücü sel gücüdür, bu gücün qarşısında heç bir qüvvə dayana bilməz, bu gücün dəstəklədiyi milli Lideri heç nə öz haqq yolundan saxlaya bilməz!
Dünənki seçkidə coşqu var idi, növbələr var idi, nizamsızlıq, pərakəndəlik yox idi. Sanki bütün seçicilərin ürəyi bir ritmdə döyünürdü.
Dünən təkcə seçkidə iştirak edənlərin deyil, bütövlükdə 60 milyonluq azərbaycan xalqının nəbzi bir vururdu: biz səninlə birlikdəyik, cənab Ali Baş Komandan deyirdi!
7 vevral seçkilərində Azərbaycan xalqı gələcək xoş günlərə Cənab Prezident İlham Əliyevlə gedəcəyini inamla dünyaya bəyan etdi!
Qalib Xalq 7 fevralda öz Qalib Liderinə səs verməklə qarşıdakı 7 ildə də Zəfər yolunun davamına səs verdi!
Yolumuz uzun, görəcəyimiz işlərimiz isə çoxdur!
Bu yolda ulu Tanrı yar və yardımçınız olsun, cənab Prezident!
Eşq olsun sənə, Azərbaycan xalqı, Sən doğrudan da möhtəşəmsən!!!

Musa Urud,

millət vəkili