ABŞ hərbçiləri İraqı tərk edəcək?

Yaxın Şərqdəki Amerika bazalarına hücumlardan sonra ABŞ hərbçilərini İraqı və sonra da Suriyanı tərk edəcəyi barədə iddialar yenidən gündəmə gəlib. Amma bu mümkündürmü? İndiki şəraitdə ABŞ-ın regionu tərk etməsi nə anlamına gəlir? Bəs İsrail? ABŞ-ın regionu tərk etdiyi təqdirdə İsrailin taleyi necə olacaq?

ABŞ-ın regionu ona etməsi müttəfiq olan ölkələri İranın ümidinə buraxmaq anlamına gəlməyəcəkmi?
Təbii ki suallar çoxdur və onların cavablandırılması elə ABŞ-ın İraqı və Suriyanı tərk edib etməyəcəyi məsələsinə aydınlıq gətirə bilər. Bu gün Pebntaqonun İraqdan çıxacağı barədə müsbət fikir söyləmək mümkün olmasa da Amerikanın hazırki şərtlər altında orada mövcudluğunu qoruyub saxlayacağı da olduqca şübhəli görünür. İordaniyadakı bazaya hücumdan sonra ABŞ hərbçiləri ciddi qərar qəbul etməlidirlər, Ya çıxırlar, ya da mövcud kontingenti daha da artıraraq o həddə çatdırırlar ki, ona qarşı olan təhdidlərə vaxtında və layiqli cavab verə bilsinlər. Yekun qərar bir neçə amildən, o cümlədən Rusiya və Çinin regiona təsirindən asılı olacaq.
ABŞ-ın İraqdan çıxma ehtimalının böyük olduğunu sübut etməyə çalışanlar iddia edirlər ki, HƏMAS-ın “Əl-Əqsa tufanı” əməliyyatından sonra İsrailin Qəzzanı işğal etməsi və soyqırım həddinə çatan İsrail təcavüzü bölgədəki bütün prosesləri dərindən sarsıdıb. Münaqişənin geniş vüsət alması və genişmiqyaslı müharibəyə çevrilməsi potensialı ciddi narahatlıq doğurur. Eyni zamanda, ABŞ və İran arasında faktiki olaraq uzun müddətdir davam edən proksi müharibəni indiyədək nəzarət altında saxlamaq mümkün olsa yaxın gələcəkdə vəziyyətin belə davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Vəziyyət hər an gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Qəzza məsələsində İsrailə qarşı çıxan və öz geosiyasi oyununu oynamaq fürsətindən istifadə edən İran, proksi qüvvələrinin köməyi ilə ABŞ hərbi varlığını hədəfə almağa artıq başlayıb. Tehran açıq şəkildə ABŞ-ı İraq və Suriyadan qovmaq istəyir və hesab edir ki, hazırda ABŞ daxilində ba. Verən proseslər onun çoxdankı arzusunu həyata keçirmək üçün əlverişli şərait yaradıb.

Eyni zamanda, ABŞ İraqı işğal etdikdən sonra ağır itkilər verərək tədricən geri çəkilməli oldu və bunula müəyyən mənada buradakı nüfuzunu İranla bölüşməyə başladı. ABŞ İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində İraqa qayıtdı, amma indi Ərbil istisna olmaqla, ABŞ-ın bu ölkədə təxminən 3-4 min əsgərinin olduğu başqa bölgələrdə bir neçə böyük bazası var. Bu qüvvəyə qarşı 100 mindən çox olan Haşdi Şabi qüvvələri və İranla da bağlı olan onlarla irili-xırdalı şiə milisləri dayanır. Son zamanlar İran İraqda və Suriyada ABŞ-a qarşı bu asimmetrik qüvvələrdən daha çox istifadə etməyə başlayıb. Ötən il oktyabrın 7-dən bəri ABŞ-ın İraq və Suriyadakı bazalarına təxminən 200-ə yaxın hücum olub. Onların bir çoxu sırf simvolik xarakter daşısa da, İraq-Suriya-İordaniya üçbucağında Tower 22 bazasına hücumda ABŞ hərbçiləri böyük itkilər verməyə başladı.

Bu hücum ABŞ üçün qərar vermək zamanın yetişdiyini göstərdi. Ya onlar müvafiq bazaları və logistika infrastrukturunu gücləndirərək, bölgədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırmalı, ya da İraqdan və deməli, Suriyadan çəkilməlidirlər. Onu da unutmaq olmaz ki, İran və ABŞ arasında nisbətən balanslaşdırılmış mövqe tutan Bağdad indi açıq şəkildə Amerika qoşunlarının İraqdan çıxarılmasını tələb edib və hətta bu istiqamətdə hərbi nümayəndə heyətləri arasında danışıqlar belə başlayıb. Bir tərəfdən İrana bağlı proksi qüvvələrin hücumları, digər tərəfdən isə Bağdadla bilavasitə bağlı olan problemlər Amerikanın bu ölkədə və eləcə də Yaxın Şərqdə hərbi mövcudluğu üçün ciddi problemlər yaradır.

ABŞ-ın regiondan çıxması məsələsi müzakirə olunarkən bu ölkədəki daxili-siyasi qeyri- sabitlik və ABŞ lideri Co Baydenin regionla bağlı siyasətinin olmaması da təsir edən faktor kimi nəzərə alınmalıdır. ABŞ prezident seçkiləri ərəfəsində Bayden çətin bir dilemma qarşısındadır: Amerika tarixinə zəif və ya yenidən böyük müharibəyə başlayan güclü prezident kimi düşmək. Bayden açıq şəkildə bildirir ki, onun ümumi strategiyasına İraq və Suriyada yeni hərbi kontingenti gücləndirmək məsələsi daxil deyil. Üstəlik, Amerika mediasının nəşrlərində milli təhlükəsizlik qurumlarının artıq İraq və Suriyadan qoşunların çıxarılması ehtimalını müzakirə etdiyini görürük. Sorğulara görə, hazırkı lideri qabaqlayan ABŞ-ın keçmiş prezidenti Donald Trampın ABŞ ordusunu İraqdan - Suriyadan çıxarmaq niyyətini və onun davranış tərzini də xatırlamaq yerinə düşər. Beləliklə, ABŞ üçün qərar nöqtəsi yaxınlaşdıqca onun İraq və Suriyadan çıxma ehtimalı çox yüksək görünür. Bu şəraitdə Türkiyənin bu çıxış real olarsa buna hazır olması regionun mənafeyinə xidmət edərdi.
Terrorla mübarizə kontekstində ABŞ-ın İraqdakı rolu da böyük əhəmiyyət kəsb edir. İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədə Amerika hərbi varlığı region üçün təhlükəsizlik çətiri rolunu oynayır və terror təşkilatlarının yeni yüksəlişinin qarşısını alaraq regional və beynəlxalq təhlükəsizliyin qorunmasında mühüm rol oynayır. ABŞ-ın İraqdakı mövcudluğu Səudiyyə Ərəbistanı kimi regional müdafiə və təhlükəsizlik tərəfdaşları üçün də vacibdir.

ABŞ-ın İraqda qalmaq qərarına təsir edən mühüm amillər arasında enerji təhlükəsizliyi və iqtisadi maraqlar da var. İraq dünya neft ehtiyatlarının əhəmiyyətli bir hissəsinə malikdir və bu, qlobal enerji bazarları üçün strateji əhəmiyyət kəsb edir. ABŞ-ın regionda mövcudluğu bu resursların təhlükəsizliyini təmin etmək və qlobal enerji təchizatının sabitliyini qorumaq üçün çox vacibdir.

Regional bərabərliyin digər mühüm hissəsi İranın nüvə proqramıdır ki, bu da regionda qüvvələr balansına təsir edə biləcək və silahlanma yarışına təkan verə biləcək amildir. ABŞ-ın İraqdakı mövcudluğu İranın nüvə potensialına qarşı çəkindirici ola bilər və regional təhlükəsizliyin təmin olunmasına böyük töhfə verəcək.

Beləliklə ABŞ-ın İraqdan qoşunları çıxarıb-çıxarmamaq qərarı təkcə regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və İranın nüvə proqramı kimi amillərə əsaslanmır, eyni zamanda regiondakı qlobal oyunçuların bu kimi təsirini də nəzərə alır. Rusiya və Çin kimi. ABŞ-ın İraqdakı mövcudluğu sadəcə hərbi məsələ kimi deyil, həm də qlobal güc balanslarını formalaşdıran çoxşaxəli siyasi addım kimi qiymətləndirilməlidir.

Əlimusa İbrahimov
Politoloq