• 28 Avqust 2013 09:28
  •  4 475

Şəkidə yeni abidələr aşkar edilib

Şəkidə Qafqaz Albaniyasının antik dövrünə aid yeni abidələr aşkar edilib.

Bu barədə AzNews.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası Şəki rayonunun Fazil kəndi ərazisində yerləşən Yoncalı yaşayış yeri və nekropulunda təqribən 5-6 hektar ərazidə arxeoloji qazıntılar aparıb.

Tədqiqatlar nəticəsində Qafqaz Albaniyasının antik dövrünə aid yeni abidələr aşkar edilib, Qafqazda antik dövr Albaniyasının tarixini izləmək mümkün olub. Müəyyən edilib ki, nekropolun yuxarı hissəsi tamamilə qəbiristanlıqdır. Bu qəbiristanlığın tarixi Xocalı-Gədəbəy mədəniyyəti dövrü ilə oxşarlıq təşkil edir. Qeyd edək ki, qazıntılar aparılan ərazidə 5 arxeoloji abidə mövcuddur. Tarixi abidələr Mədəniyyət və Turizm Nazirliyində 2002-ci ildən qeydiyyatdadır və mühafizə olunur.

Ruhiyyə
AzNews.az